Elvin Rüstəmovdan, Şamaxı, Azərbaycan


18 iyul 2020, 15:20
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Bir Şamaxı gənci kimi bu məktubu yazmağı özümə borc bilirəm.
Ölkəmizin həm sosial, həm də iqtisadi inkişafı ilə yanaşı milli təhlükəsizlik məsələləri, işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz geri qaytarılması daim Sizin həyata keçirdiyiniz çevik siyasətin mərkəzində olmuşdur. Bütün bu işlərin yerinə yetirilməsində möhkəm iradə, siyasi güc və xalq-iqtidar birliyinin mövcud olması ən vacib amillərdən biridir. Son günlərdə Tovuz rayonunun sərhəd ərazilərində baş verən erməni təxribatları Azərbaycan gənclərində həm kədər hissi oyatdı, həm də şücaətimizi artırdı. Azərbaycan Respublikasının ərazilərinin vahidliyi uğrunda öz canını, qanını düşmənlə mübarizədə ortaya qoyan, düşmənin məkrli əməlləri qarşısında qəhrəmancasına döyüşən igid Vətən övladlarımızın olduğunu görmək Azərbaycan gənclərini qürurlandıraraq vətənpərvərlik ruhunu daha da gücləndirdi. Azərbaycanın ərazi bütövlüyünə əl uzadanlar bilməlidirlər ki, xalq və ordu Sizin rəhbərliyinizlə o əlləri birdəfəlik kəsib atacaq, torpaqlarımızı işğaldan azad edəcək.
Cənab Prezident, mən və bütün Şamaxı gəncləri Sizin əmrinizi gözləyirik.
Hörmətlə,
Elvin Rüstəmov
Azərbaycan Respublikası, Şamaxı şəhəri.