Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
30 iyun 2020, 15:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
4. “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
5. Müəyyən edilsin ki:
5.1. bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir;
5.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə keçir;
5.3. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamə fondu bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq onlara keçən əmlak hesabına formalaşır;
5.4. bu Fərmanın 7.6-cı bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində göstərilən səlahiyyətlərini, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
5.5. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin əməkhaqqına “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına və Əmək Məcəlləsinə uyğun olaraq cərimələrdən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq maliyyə sanksiyalarından və faiz məbləğlərindən əldə olunan vəsait hesabına əlavələr, mükafatlar və digər ödənişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu vəsaitdən istifadəyə dair müəyyən etdiyi qaydalara uyğun olaraq müəyyən edilir.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. bu Fərmanın 7.6-cı bəndinə əsasən “Sosial xidmətlər haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulan sosial xidmət müəssisələrinin və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət reabilitasiya müəssisələrinin nümunəvi nizamnamələrini, onların xüsusiyyətləri nəzərə alınmaqla, üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
6.2. dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
7.1. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;
7.2. bir ay müddətində:
7.2.1. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin strukturunu təsdiq etsin;
7.2.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, bu Fərmanın 3-cü və 4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin sayının yuxarı həddini və əməkhaqlarını (o cümlədən dövlət büdcəsi vəsaiti hesabına əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etsin;
7.2.3. bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin say həddini və əməkhaqlarını ( o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişlər bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla) təsdiq etsin;
7.3. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin istifadəsində olan dövlət əmlakının üç ay müddətində bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərə verilməsini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına uyğun olaraq təmin etmək üçün, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla tədbirlər görsün;
7.4. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görsün;
7.5. Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
7.6. Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki dövlət sosial xidmət müəssisələrinin, Dövlət Məşğulluq Xidmətinin tabeliyindəki peşə hazırlığı mərkəzlərinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyindəki dövlət reabilitasiya müəssisələrinin əsasında, müvafiq olaraq, Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsini təmin etsin;
7.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Fərmanın 3-cü və 4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin saxlanılması ilə bağlı xərclərin cari il üçün maliyyələşdirilməsini və hər il üçün tərtib edilən dövlət büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etsin;
7.8. hər il üçün dövlət və icmal büdcələrin tərtibi zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən əmək pensiyalarının Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməli olan hissəsi üçün dövlət büdcəsindən ayrılmalı olan, o cümlədən ayrılacaq vəsaitin aylıq, rüblük və illik bölgüsünü Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
7.9. dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Sosial Xidmətlər Agentliyinin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etsin;
7.10. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2020-ci il.