“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
12 iyun 2020, 17:17
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1523-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1072; 2010, № 3, maddə 168; 2012, № 11, maddə 1057; 2013, № 11, maddə 1313; 2015, № 11, maddə 1279; 2017, № 2, maddələr 141, 160; 2018, № 6, maddə 1157, № 11, maddə 2192) 1-ci maddəsinin yeddinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.”.
Maddə 2. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 2, № 8, maddə 415; 2004, № 8, maddə 598; 2007, № 11, maddə 1053; 2011, № 6, maddə 483; 2017, № 1, maddə 5; 2019, № 2, maddə 180, № 4, maddə 578) 7.1-1-ci maddəsinin ikinci cümləsində “kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox” sözləri “böyük” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2020-ci il.