Günay Hüseynlidən, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident,
Mən, Hüseynli Günay Məsum qızı Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 6a sinif şagirdiyəm. Bir Azərbaycan övladı olaraq xalqımızın rifahı naminə etdiyiniz təmənnasız yaxşılıqlardan məlumatlıyam və Sizə bu təşəkkür məktubunu yazmağı özümə borc bilirəm.
Siz qabaqlayıcı tədbir olaraq, biz şagirdlərin sağlamlığını düşünərək mart ayının əvvəlindən bütün ümumtəhsil müəssisələrinin fəaliyyətini dayandırdınız. Bu, biz vətəndaşların sağlamlığına verdiyiniz önəmin bariz nümunəsidir. Bizləri düşündüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Biz də öz vəzifələrimizi dərk edərək "Evdə qal, təhsildən qalma" aksiyasına qoşulduq. Bizə yaratdığınız şəraitdən istifadə edərək "Dərs saatı" və müəllimlərimizin bizə onlayn keçdikləri dərslər vasitəsilə gələcəkdə dövlətimizin müxtəlif sahələrinin inkişafına töhfə vermək üçün səylə çalışırıq.
Bu koronavirus deyilən qara bulud bir çox böyük, güclü dövlətləri çox aciz vəziyyətə salmışdır. Bu ölkələrdə ölüm sayı artmış, pandemiya geniş ərazilərə yayılmışdır. Biz inanırıq ki, Sizin uzaqgörən siyasətiniz, qayğınız və üstün zəkanızla "Biz birlikdə güclüyük" şüarı altında birləşərək COVID-19 pandemiyasına qalib gələcəyik.
Allah Sizi və Azərbaycanımızı qorusun!
Hörmətlə,
Hüseynli Günay Məsum qızı
Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.