İlham Əliyev Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martensin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
21 dekabr 2011, 19:30
Prezident İlham Əliyev Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martensin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı ölkəmizin Avropa institutları ilə əlaqələrinin sürətlə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev bu ilin sentyabrında Polşada “Şərq Tərəfdaşlığı” Proqramına qoşulan ölkələrin uğurla keçən sammitinin önəmini qeyd etdi. Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana və özünün Brüsselə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bütün bu tədbirlərin ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı baxımından əhəmiyyətli olduğunu dedi. Dövlətimizin başçısı Uilfrid Martensin ölkəmizə səfərinin Avropa Xalqları Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığının daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martens “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabının Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini dövlətimizin başçısına təqdim etdi. Uilfrid Martens Yeni Azərbaycan Partiyasında keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi. O, rəhbərlik etdiyi Avropa Xalqları Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığının genişləndirilməsinə maraqlı olduğunu bildirdi.