İlham Əliyev Monteneqronun sabiq Prezidenti və Baş naziri, Monteneqro Sosialistlərinin Demokratik Partiyasının sədri Milo Çukanoviçi qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
21 dekabr 2011, 19:25
Prezident İlham Əliyev Monteneqro Respublikasının sabiq Prezidenti və Baş naziri, Monteneqro Sosialistlərinin Demokratik Partiyasının sədri Milo Çukanoviçi qəbul etmişdir.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Monteneqro Respublikası arasında ikitərəfli münasibətlərin son illər inkişaf edərək yaxşı səviyyəyə çatdığını dedi. Bu yaxınlarda Monteneqronun dövlət başçısının ölkəmizə, Azərbaycan nümayəndə heyətinin isə Monteneqro Respublikasına səfər etdiklərini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Qısa vaxt ərzində əməkdaşlığımızın fəal şəkildə genişləndiyini deyən Prezident İlham Əliyev Milo Çukanoviçin ölkəmizə səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Monteneqro Respublikasının sabiq Prezidenti və Baş naziri, Monteneqro Sosialistlərinin Demokratik Partiyasının sədri Milo Çukanoviç sonuncu dəfə 2006-cı ildə Prezident İlham Əliyevlə konfransda çıxışlar etdiklərini məmnunluqla xatırladı.
Azərbaycanda gedən sürətli inkişaf proseslərini diqqətlə izlədiyini deyən Milo Çukanoviç ölkə daxilində əldə olunan böyük uğurlara və Azərbaycanın beynəlxalq aləmdə tutduğu mövqeyə görə dövlətimizin başçısını təbrik etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.