İlham Əliyev Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur
19 dekabr 2011, 17:00
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 19-da Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşlar.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya parkda həyata keçirilən əsaslı yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, əsası 1956-1960-cı illərdə qoyulmuş bu park 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin qərarına əsasən, mədəniyyət və istirahət parkı kimi fəaliyyətə başlamışdır. Parkın ərazisi 23 hektardır. Parkın ərazisində küləyə və quraqlığa davamlı müxtəlif növ ağaclar əkilmişdir. 1978-ci ildə parka dahi Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmiş, 2003-cü ildə isə burada Nəsiminin heykəli ucaldılmışdır.
Bildirildi ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2001-ci ildən Nəsimi adına Sumqayıt dənizkənarı mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə parkın yeni layihəsi hazırlanmışdır.
Dövlət başçısı və xanımı parkın gələcək görüntülərini əks etdirən stendlərə baxdılar. Bildirildi ki, əsaslı yenidənqurma və abadlıq işlərindən sonra ərazi şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzinə çevriləcəkdir. Parkın ətrafındakı yaşayış binalarının fasadlarının və damlarının yenilənməsi və şəhərin müasir görkəminə uyğunlaşdırılacağı da qeyd olundu.
Parkda görülən işlərlə tanış olan Prezident İlham Əliyev abadlıq və yenidənqurma tədbirləri ilə bağlı müvafiq tapşırıqlarını verdi.