Ənvər Ağayevdən, Qərbi Qazaxıstan vilayəti, Qazaxıstan
28 aprel 2020, 17:30
Möhtərəm cənab Prezident.
Hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər çoxsaylı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Biz - Qazaxıstanda yaşayan azərbaycanlılar yaşadığımız ölkə ilə yanaşı, doğma Vətənimizdə bu bəlanın yayılmasından narahatlıq keçirsək də, Azərbaycanda görülən tədbirləri, Sizin örnək fəaliyyətinizi, ölkəmizin hər bir vətəndaşına göstərdiyiniz diqqət və qayğını heyranlıqla izləyirik. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr xaricdə yaşayan azərbaycanlıların diqqət mərkəzindədir. Belə bir qənaətə gəlir və bir daha şahidi oluruq ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan xalqının rifahı Sizin üçün hər şeydən üstündür.
Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın həmrəyliyinə, birliyinə yeni, parlaq çalarlar gətirdi. Qlobal bəla ilə mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəylik nümayiş etdirdi. Xaricdə yaşayan azərbaycanlılar olaraq həm qürbətdəki həmyerlilərimiz, həm də Vətənimiz üçün gördüyünüz işlərdən qürur duyuruq. Başqa bir ölkənin vətəndaşı olsaq da, Qazaxıstandakı azərbaycanlılar, qürbət ölkədə mövqe tutmuş, müəyyən söz sahibi olan oğul və qızlarımız üçün Sizin çağırışınız bir siqnaldır. Biz tarixi məsuliyyətimizlə bu çağırış qarşısında hər cür fədakarlığa hazır olduğumuzu bildirməkdən şərəf duyuruq.
Türkdilli xalqların liderlərinin videokonfransını keçirməklə Siz böyük türk oğlu kimi ümumbəşəri bəlaya qarşı birlikdə mücadilənin əhəmiyyətini bütün dünya siyasətçilərinə nümayiş etdirdiniz. Qlobal problemlərlə mübarizədə Azərbaycan yeni bir nümunə yaratdı və indi bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır.
Biz inanırıq ki, Sizin siyasətinizin ətrafında hər zaman sıx birləşən Azərbaycan xalqı bu çətin günlərdən də uğurla çıxacaq. Sizə və ailənizə bu çətin günlərdə əvəzsiz olan cansağlığı arzu edirik.
Siz mürəkkəb vəziyyətlərdə qalib gəlmək üçün var qüvvənizlə çalışır, mümkün olan hər şeyi edirsiniz. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Cənab Prezident, Allahın köməyi, Sizin möhkəm iradəniz, eyni zamanda, birlik və həmrəyliyimizin gücü sayəsində gözə görünən və görünməyən bütün düşmənlərimizə hər zaman qalib gələcəyimizə öz varlığımız qədər inanırıq.
Dərin hörmət və ehtiramla,
Ağayev Ənvər, Qərbi Qazaxıstan vilayəti yerli qanunverici orqanının deputatı.
Qərbi Qazaxıstan vilayəti, Qazaxıstan Respublikası.