İlham Əliyev Banqladeşin ölkəmizdəki səfiri Zulfiqur Rəhmanın etimadnaməsini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
01 dekabr 2011, 17:10
Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zulfiqur Rəhmanın etimadnaməsini qəbul etmişdir.
Səfir Zulfiqur Rəhman fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Zulfiqur Rəhman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Banqladeş Xalq Respublikası arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, ölkələrimizin BMT və digər beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini vurğuladı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirən Prezident İlham Azərbaycan ilə Banqladeş arasında ikitərəfli əlaqələrin bütün sahələrdə genişləndirilməsi üçün səyləri daha da artırmağın zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı səfir Zulfiqur Rəhmanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirdi.
Səfir Zulfiqur Rəhman Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkəsinin Azərbaycanı bütün məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələdə dəstəkləməkdə davam edəcəyini dedi. Zulfiqur Rəhman Azərbaycanın Banqladeşi müxtəlif beynəlxalq forumlarda dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı qəbul olunmuş qətnaməyə və BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı ölkəmizə verdiyi dəstəyə görə Banqladeş hökumətinə minnətdarlığını bildirdi.