Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
18 mart 2020, 18:45
Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin;
2.2. yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2020-ci il.