İlham Əliyev Ağstafada Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib
04 mart 2020, 11:35
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Müdafiə Nazirliyinin Ağstafada yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.
Bildirdi ki, bu hərbi hissənin tikintisinə 2017-ci ilin noyabr ayında başlanıb və 2019-cu ilin sentyabrında inşaat işləri başa çatdırılıb. Ümumi sahəsi 10 hektar olan hərbi hissənin ərazisində bütün zəruri sosial infrastruktur yaradılıb. Hərbi hissənin idarə heyəti üçün burada qərargah binası - ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları var.
Hərbi hissədə Prezident, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri, Baş qərargah rəisi və birlik komandirinin iştirakı ilə operativ müşavirə keçirildi.
Qeyd edək ki, yeni hərbi hissənin ərazisində yataqxana binaları, stomatoloq, fizioterapiya, funksional diaqnostika bölmələrinin olduğu tibb məntəqəsi var. Burada döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək məqsədilə daxilində döyüş hazırlığı üçün təlim meydançaları olan qarovul şəhərciyi də inşa edilib. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görülüb.
Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illərdə maddi-texniki bazası daha da gücləndirilən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır. Ordumuzun son dövrlərdə qazandığı qələbələr aydın şəkildə göstərir ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Yenilməz və güclü Ordumuzda xidmətləri ilə fəxr edən Azərbaycan əsgəri vətənpərvərdir, mübarizdir, qorxmazdır, cəsarətlidir, yüksək hazırlıqlıdır. Azərbaycan əsgəri Vətəninə, xalqına, dövlətinə, Ali Baş Komandanına həmişə sadiqdir. Hərbi qulluqçular üçün bu cür müasir şəraitin yaradılması Azərbaycan dövlətinin əsgər və zabitlərə diqqətini aydın şəkildə göstərir. Bu cür hərbi hissələrin yaradılması xidməti yüksək səviyyədə aparmağa və hərbin sirlərinə daha dərindən yiyələnməyə geniş imkanlar açır.
Sonra Prezident, Ali Baş Komandan İlham Əliyevə ən müasir yeni hərbi texnikalar təqdim olundu.
Bildirildi ki, tank əleyhinə idarə olunan raket kompleksi “SPİKE-ER” qurğusu döyüş maşını üzərində quraşdırılan, müxtəlif relyef şəraitinə uyğunlaşdırılan, 400 metrdən 8000 metrə qədər gündüz, gecə və məhdud görmə şəraitində düşmən tanklarını, piyadaların döyüş maşınlarını və zirehli texnikalarını məhv etmək üçün təyin olunmuş raketburaxıcı sistemdir. 122 millimetrlik “HAUBİTSA 2A18 D-30”, 122 millimetrlik “ÖAQ 2S1” və 122 millimetrlik “YARS BM-21 V” qurğuları düşmənin açıq və qapalı yerlərdə yerləşən canlı qüvvəsini, atəş vasitələrini, uzunmüddətli örtülü açıq tipli müdafiə qurğularını məhv etmək, minalanmış sahələrdən keçid açmaq, düşmənin artilleriyasını və tank bölmələrini atəşə tutmaq üçün təyin olunub. “RM-70 döyüş maşını m-21OФ” qəlpələnən-fuqas mərmisi ilə atış apararkən toplanma rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını, artilleriya və minaatan batareyalarını məhv etmək və susdurmaq, düşmənin istehkam, dayaq məntəqəsi və müqavimət mərkəzlərini dağıtmaq tapşırıqlarını yerinə yetirir. Özüyeriyən top, haubitsa qurğusu 152 millimetrlik “DANA M1M” avtomatik doldurmaya malik olan yeni artilleriya qurğusu olub, düşmənin artilleriya qurğularını, atəş vasitələrini, komanda və idarəetmə məntəqələrini, istehkam qurğularını, tank və zirehli texnikalarını məhv etmək üçün təyin olunub. 306 millimetrlik “Ekstra” taktiki raket sistemidir. İqlim şəraitindən asılı olmayaraq, 30-150 kilometr məsafəyə raket buraxmaqla cəmləşmə rayonlarında, marşda və döyüş düzülüşündə raket bölmələrini, ordu komanda məntəqələrini, mövqelərdə hava raket hücumundan müdafiə bölmələrini məhv etmək üçün təyin olunub. Əməliyyat-taktiki raket kompleksləri “POLONEZ” və “LORA” düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunlarının əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurmaq, dənizsahili istiqamətlərdə isə bundan əlavə, düşmən donanmasının yerləşmə məntəqələrini dağıtmaq və onun döyüş gəmilərini məhv etmək üçün təyin olunub. “MKAP-19” səhra komanda və idarəetmə məntəqələrinin daxilində və bir-biriləri arasında, həmçinin stasionar idarəetmə məntəqələri ilə İP texnologiyaları əsasında səs, data və video məlumat mübadiləsini təmin edən kompleksdir.
Dövlətimizin başçısına hərəkətli mobil kommunikasiya avadanlıqları barədə də məlumat verildi.
Azərbaycan Ordusunun ən müasir silah, döyüş texnikası və avadanlıqlarla təchizatı və təminatı davam edir.
Ali Baş Komandan qoşunların strateji və əməliyyat idarəetmə orqanlarının istifadəsinə yeni verilmiş informasiya və kommunikasiya texnologiyaları ilə tanış olaraq operativ, gizli və yüksək səviyyəli qorunan idarəetmə sistemli videobağlantıda iştirak edib.
Ali Baş Komandan mərkəzi, ehtiyat, səhra şəraitində yaradılmış Ön, Hərbi Hava, Hərbi Dəniz və Xüsusi Təyinatlı Qüvvələrin, eləcə də digər qoşun növlərinin idarəetmə məntəqələri ilə birbaşa əlaqə saxlayaraq məruzələri qəbul edib və irimiqyaslı komanda-qərargah təlimlərində iştirak edən qoşunlara müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, ölkəmizdə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Məqsədyönlü tədbirlər nəticəsində bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədədir, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə təmin edilməsi ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən istifadə edilib. Son illərdə ordunun müasir silah və texnika ilə təchiz olunması istiqamətində də əməli tədbirlər görülüb. Dövlətimizin başçısının təşəbbüsü ilə 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin yenidən qurulan müəssisələrində istehsal olunan silah və texnika hazırda ordumuzun maddi-texniki təchizatında aparıcı rol oynayır.