Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 fevral 2020, 19:05
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kuirinale Sarayı ilə tanış olub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Kuirinale Sarayının zallarını gəzdi, burada nümayiş olunan eksponatlarla tanış oldu. Mehriban Əliyevaya Kuirinale Sarayının tarixi, burada saxlanılan qiymətli əşyalar, o cümlədən rəsmlər, freskalar, mozaikalar barədə məlumat verildi. Bildirildi ki, Romanın Kuirinale yüksəkliyində yerləşən saray 1573-cü ildə Papa XIII Qriqorinin yay iqamətgahı kimi tikilib. Birinci Umbertonun hakimiyyəti dövründə sarayda müxtəlif şəxslərin, o cümlədən musiqiçilərin, artistlərin, səyyahların qəbulları təşkil olunurdu. XX əsrin birinci yarısında Kral III Viktor Emmanuel bu sarayı iqamətgah kimi seçib.
Beləliklə, əvvəllər Roma Papasının və İtaliya krallarının iqamətgahı olan saray indi prezidentlərin iqamətgahıdır. Sarayın memarları Domeniko Fontana və Karlo Madernadır.
Məlumat verildi ki, əvvəllər Papanın müxtəlif təyinatlar üzrə istifadə etdiyi sarayın prezident otağında indi dövlət başçısının rəsmi görüşləri keçirilir. Saraydakı şəkillər XVII əsrə aiddir. Bu saraydan indiyə qədər 30 Papa, 4 kral və 12 prezident istifadə edib.