İlham Əliyev Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur
17 noyabr 2011, 18:30
Prezident İlham Əliyev Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Dövlət başçısı kompleksin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, regionun ən böyük olimpiya idman komplekslərindən biri olan bu idman mərkəzi 2002-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin iştirakı ilə açılmışdı. O vaxtdan başlayaraq bu kompleksdə bir çox idman yarışları, təlim məşqləri və digər ictimai-sosial tədbirlər keçirilmişdir. Son dövrlərdə isə ərazisi bir qədər də genişləndirilmiş kompleks aparılan yenidənqurma işləri nəticəsində müasir standartlar səviyyəsinə çatdırılmışdır. Buradan aydın görünür ki, ölkəmizdə bütün idman qurumlarının bir yerdə fəaliyyət göstərməsi uğurlu nəticənin əldə olunmasının əsas səbəblərindən biridir. Bu sırada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmançılara olan diqqəti də nəzərdən qaçmır. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti bu sahədə ölkəmizin ciddi uğurlar qazanması ilə müşayiət olunur. Bir sözlə, Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olmuşdur və nailiyyətin təməlində ölkəmizdə idmana olan yüksək münasibət dayanır.
Azərbaycan Prezidenti voleybol zalına və hovuza baxdı, ikinci mərtəbədəki konfrans zalında yaradılmış şəraitlə tanış oldu.
Qeyd edildi ki, kompleksdə yenidənqurma işlərinə 2008-ci ildən başlanılmışdır. Sahəsi 8 min kvadratmetr olan kompleksdə 2,2 min kvadratmetrlik böyük idman zalı yaradılmışdır. Kiçik idman zalının sahəsi isə 1800 kvadratmetrdir. İdman zalları gələcəkdə burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. İdman və sağlamlıq üçün bütün infrastrukturun yaradıldığı Olimpiya Kompleksində hər biri 800 kvadratmetr olmaqla hovuz və SPA mərkəzi, 240 kvadratmetr sahədə isə trenajor zalı yaradılmış və zəruri idman avadanlığı quraşdırılmışdır.
Yenidənqurma işləri nəticəsində kompleksin ərazisində 1400 kvadratmetr sahəni əhatə edən akvapark yaradılmışdır. Bütün əyləncə növlərinin olduğu bu kompleksdə restoran və boulinq zalı da fəaliyyət göstərəcəkdir. Konfrans zalının, internet klubun da yaradıldığı Şəki Olimpiya İdman Kompleksinin tərkibinə 1500 kvadratmetr sahəsi olan otel bölməsi də daxildir. Kompleksin ərazisində 8 min kvadratmetr sahəsi olan futbol meydançası da yaradılmışdır. Ərazidəki 27 kottecdə idmançıların istirahəti üçün bütün imkanlar vardır. Otel də daxil olmaqla bu kotteclər Şəkidə təşkil olunan yarışlarda iştirak etməyə gələn idmançıların qalması və istirahəti üçün nəzərdə tutulmuşdur. Kompleksdə uşaqların da idman növləri ilə məşğul olmaları üçün bütün şərait vardır. Burada balacalar üçün 380 kvadratmetrlik uşaq əyləncə binası da tikilmişdir. Kompleksdə yaradılan şərait bir daha təsdiqləyir ki, dünyada özünün sürətli iqtisadi inkişafı ilə fərqlənən Azərbaycan həm də nəhəng idman mərkəzinə çevrilməyi qarşıya məqsəd qoymuşdur. Bu məqsədə nail olmaq yolunda atılan addımlar isə öz bəhrəsini verir.
Dövlət başçısı, həmçinin idmançıların, eləcə də xarici qonaqların qalması üçün burada yaradılan otaqlara, kotteclərə və uşaqlar üçün əyləncə və istirahət mərkəzinə baxdı.
Bildirildi ki, buradakı “Karvan” restoranında nümunəvi xidmət göstəriləcəkdir.
Prezident İlham Əliyev yenidənqurma işlərindən razılığını bildirdi.