İlham Əliyev Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib
10 fevral 2020, 13:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:
-Xoş gəlmisiniz. Bu dəfə siz müşahidə missiyası ilə buradasınız. Çox şadam ki, Dövlət Duması geniş tərkibdə təmsil olunub, həmçinin MDB-dən çoxlu müşahidəçi var. Ümumilikdə, bu il seçkiləri 800-dən çox beynəlxalq müşahidəçi izləyir, çoxlu sayda beynəlxalq nümayəndələr var. Düşünürəm ki, sizin həm prosesi, həm də səsvermə gününü izləmək üçün bütün imkanlarınız olub. Bizi müdafiə və bu prosesdə iştirak etdiyinizə görə bir daha sağ olun.
MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri Leonid Kalaşnikov dedi:
-İlham Heydər oğlu, sağ olun. Bizə vaxt ayırdığınıza görə Sizə təşəkkürümüzü bildiririk. Sizinlə öz təəssüratlarımızı məmnuniyyətlə bölüşmək istəyirik. Mən və yoldaşlarım dünən onlarla seçki məntəqəsində olduq. Biz gördük ki, seçkilər həm rəqabət şəraitində, həm şəffaf, həm də demokratik keçdi. Biz Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşdük. Dünən MDB-nin bəyanatı qəbul edildi. Böyük missiyadır, orada bir neçə ölkə, İcraiyyə Komitəsi, Parlamentlərarası Assambleya var. Zənnimizcə, hər şey ədalətli, şəffaf və demokratik keçdi. Mən çox gözəl anlayıram ki, bir çox digər beynəlxalq təşkilatlar var. Biz onlarla da görüşdük. Mən AŞPA-dan təzəcə qayıtmışam, orada Sizi tez-tez xatırlayırlar. Biz beynəlxalq parlament təşkilatlarında da işimizi davam etdirəcəyik. Yəqin ki, orada Sizin fəxr edəcəyiniz nəticə var. Bu gün səhər mən bir neçə beynəlxalq müşahidəçinin rəyini gördüm. Hamı obyektiv olaraq seçkilərin çox uğurlu keçdiyini deyir.
Prezident İlham Əliyev: Sağ olun. Gəldiyiniz və bu vacib prosesdə iştirak etdiyiniz üçün sağ olun. Bu, əlbəttə, bizim 2018-ci ildə prezident seçkilərindən sonra elan etdiyimiz islahatların davamıdır və onları ardıcıl olaraq həyata keçiririk. Hər şey Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına və demokratik proseslərin genişlənməsinə yönəlmiş ümumi inkişaf strategiyası çərçivəsində gedir. Buna görə də həyata keçirilən struktur islahatları, o cümlədən kadr islahatları da bir məqsədə xidmət edir: biz yerimizdə saymayaq. Çünki müvəffəqiyyətlərdən arxayınlaşmaq olmaz.
Ötən illər ərzində böyük nailiyyətlər əldə olunub. Lakin həyat öz şərtlərini diktə edir. Dünyada, bizim regionda, iqtisadi sahədə şərait dəyişir, yeni çağırışlar meydana çıxır. Ona görə biz buna hazır olmalıyıq və vaxt itirməməliyik. Bu səbəbdən hökumətin, Prezident Administrasiyasının, mərkəzi və yerli hakimiyyət orqanlarının yenilənməsi, kadr islahatları parlamentdən yan keçə bilməzdi. Xüsusən də mahiyyətcə, seçkiləri bir neçə ay irəli çəkməklə biz vaxta qənaət etdik. Çünki onsuz da yay aylarında parlament tətildə olur, sonra qayıtdıqda yenidən seçkilər başlayır. Çalışdıq ki, maksimum açıq seçkilər keçirək və ona görə də müşahidəçiləri, o cümlədən, düzünü desək, obyektiv qiymət gözləmədiyimiz müşahidəçiləri də dəvət etdik.
Azərbaycanda keçirilən seçki kampaniyalarının təcrübəsinə əsasən deyə bilərəm ki, biz həmişə qərəzli münasibət görmüşük. Bununla belə, hesab edirik ki, bizim gizlədəcəyimiz heç nə yoxdur. Biz çoxlu sayda müşahidəçi dəvət etdik, gələnlərin hamısına minnətdarıq. Ona görə də son nəticədə nə yazılacağından və onları hansısa fikirləri səsləndirməyə məcbur edəcəklərindən asılı olmayaraq, hər halda onların hər birində həm ölkəmiz, həm insanlarımız, həm də seçki prosesi haqqında rəy formalaşacaq. Bu baxımdan Dövlət Dumasının nümayəndə heyətinin bu tərkibdə prosesdə iştirak etməsi bizim üçün çox qiymətlidir. Əlbəttə, MDB və digər beynəlxalq təşkilatların nümayəndə heyətləri də var. Ona görə də düşünürəm ki, başlıcası Azərbaycan xalqının nəticələrdən razı qalmasıdır. Çünki bizim üçün əsas məsələ bu idi ki, insanlar kimə səs verəcəklərini və kimə etimad göstərəcəklərini seçə bilsinlər. Bu etimadın səviyyəsi çox yüksəkdir.
Ümumilikdə, 1300-dən çox namizədin olması seçkilərə etimadın göstəricisidir. Bu isə görünməmiş saydır. Əgər onlar seçkilərə inanmasaydılar, öz namizədliklərini verməzdilər və bu qədər vaxt sərf etməzdilər. Mənə həm dünən, həm də bu gün məruzə etdilər ki, proses, ümumilikdə, sakit keçib və heç bir gözlənilməz hal olmayıb. Ona görə də kimsə qalib gəlir, kimsə məğlub olur. Hər kəs reallıqla barışmalıdır. Reallıqlar belədir ki, şərait yaradılıb, maksimum şəffaflıq təmin edilib. Həm də gözlənilməz çətin hava şəraitinə baxmayaraq, Azərbaycan vətəndaşları səs verdilər. Düşünürəm ki, seçki fəallığı da yaxşı olub. Hərçənd başlıca olan bu deyil, əsas odur ki, xalqın seçəcəyi insanlar məsuliyyət hiss etsinlər. Bilsinlər ki, əgər yenə də seçilmək istəyirlərsə, onda dairələrdə iş aparmalıdırlar. Bax bu, keçmiş parlamentdə çatışmırdı. Buna görə də parlamentin bir çox keçmiş üzvü dairələrdə işləmədikləri üçün seçkilərdə iştirak etmədi. Bu, yeni parlamentin qarşısında duran əsas vəzifələrdən biri olacaq. Çünki bütün ölkənin dayanıqlı inkişafının təmin edilməsi üçün deputat korpusu regionların problemlərini dərk etməlidir, onları üzə çıxarmalıdır və hökumətə, ictimaiyyətə çatdırmaqla onların həllinə kömək etməlidir. Bir daha sağ olun. Sizi görməyimə şadam.