İlham Əliyev Oğuzda qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsinin açılışında iştirak etmişdir
16 noyabr 2011, 18:30
Prezident İlham Əliyev Oğuz şəhərində qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsinin açılışında iştirak etmişdir.
Dövlət başçısına məlumat verildi ki, bu müəssisə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq “CPC” (Corn Processing Company) Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşa edilmişdir. Müəssisənin yaradılmasına 18 milyon manat sərmayə qoyulmuşdur. Bu vəsaitin 3 milyon manatını Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri təşkil edir.
Prezident İlham Əliyev qlükoza, özək, kəpək, qlüten və digər hazır məhsulların, eləcə də qlükozanın istehsal prosesinin nümayiş etdirildiyi stendə baxdı.
Sonra dövlətimizin başçısı müəssisəni işə saldı.
Bildirildi ki, müəssisədə əsasən Türkiyə, ABŞ, Almaniya və İtaliya istehsalı olan avadanlıq quraşdırılmışdır. Müəssisənin istehsalat korpusu ilə yanaşı, hər birinin tutumu 500 ton olan iki taxıl anbarı və digər köməkçi binalar inşa edilmişdir. Gələcəkdə hər birinin tutumu min ton olan daha iki taxıl anbarının tikintisi planlaşdırılır. Müəssisə gündəlik 80 ton qarğıdalı emalından 55 ton yüksək keyfiyyətli qida qlükozası və 20 tonadək müxtəlif növ yem məhsulları istehsal etmək gücünə malikdir. Burada 153 nəfər işlə təmin edilmişdir.
Qeyd edildi ki, bu cür müəssisə Cənubi Qafqazda ilk olaraq Azərbaycanda inşa edilmişdir. Müəssisədə ilkin mərhələdə qlükoza, daha sonra isə fruktoza və dekstroza məhsullarının istehsalı nəzərdə tutulur. Həmin məhsullardan əsasən şirniyyat, konserv, süd məmulatı, dondurma və limonad istehsalında istifadə olunacaqdır. Bu layihənin həyata keçirilməsi nəticəsində respublikamızda taxılçılığın, o cümlədən qarğıdalı istehsalının artırılması üçün əlverişli şərait yaranacaq və ölkəmizə qarğıdalı emalından alınan məhsulların idxalının qarşısı alınacaqdır. Müəssisə ölkəmizin tələbatının yerli istehsal hesabına yüksək keyfiyyətli qida qlükozası, protein, qlüten, kəpək və sair məhsullarla təminatına tam imkan yaradır. İstehsal prosesi zamanı yaranan tullantılar isə yem məhsulu kimi heyvandarlıqla məşğul olan fermerlərə satılacaqdır.
Bildirildi ki, müəssisənin xammal bazası yerli istehsal hesabına formalaşacaqdır. Bu məqsədlə Zaqatala, Şəki, Qax və Oğuz rayonlarında fəaliyyət göstərən fermerlərlə danışıqlar aparılır. Gələcəkdə kifayət qədər xammal bazası formalaşdırıldıqdan sonra müəssisənin gündəlik emal gücünün 80 tondan 200 tona çatdırılması nəzərdə tutulur.
Müəssisə ilə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.