Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda İlham Əliyevin yekun nitqi
03 fevral 2020, 12:00
Konfransın ikinci hissəsində dörd panel təşkil olunacaq və bütün sahələri əhatə edən məsələlər, o cümlədən iqtisadiyyat, kənd təsərrüfatı, infrastruktur, bank-kredit məsələləri və digər məsələlər müzakirə ediləcək. Həm yerli icra orqanları, həm sahibkarlar mərkəzi icra orqanlarının nümayəndələri ilə birlikdə bu məsələləri müzakirə edəcəklər, mövcud problemlər haqqında danışacaqlar və əlbəttə ki, bu il görüləcək işlər haqqında da söhbət gedəcək. Elə etməliyik ki, proqramda nəzərdə tutulan bütün məsələlər öz həllini tapsın. 2020-ci ildə bəzi məsələlər bu yaxınlarda ortalığa çıxıb, onların da həlli üçün imkanlar olmalıdır. Dövlət İnvestisiya Proqramı təsdiq edilmişdir, kifayət qədər böyük proqramdır. Eyni zamanda, müəyyən dərəcədə ehtiyatlar da vardır. Çünki il ərzində bəzi məsələlər ortalığa çıxır ki, onların da həlli vacibdir.
İndi isə görüləcək əsas işlər, layihələr haqqında demək istərdim ki, bu il də proqramın icrası və ümumiyyətlə, ölkəmizin inkişafı təmin edilsin. İlk növbədə, infrastruktur layihələrindən başlamaq istərdim. Baxmayaraq ki, bu sahədə böyük uğurlar əldə edildi, məsələlərin böyük hissəsi öz həllini tapdı. Ancaq həyat yerində durmur. Ölkəmizin tələbatı, əhalisi, sənaye potensialı artır, yeni müəssisələr istifadəyə verilir. Ona görə infrastruktur layihələrinin icrası bundan sonra da təmin edilməlidir.
Mən elektrik enerjisinin istehsalı ilə bağlı giriş sözümdə bəzi məlumatları verdim. Əlavə etmək istəyirəm ki, bu ilin yanvar ayında önəmli hadisə baş vermişdir. İki böyük xarici investor Azərbaycan ilə bərpaolunan enerji növlərinin istehsalı üzrə niyyət protokolu imzalamışdır. Əslində, bu, icra müqaviləsi adlandırılır və il ərzində, bir neçə ay ərzində bu müqavilələr üzərində daha müfəssəl iş aparılacaqdır. Əminəm ki, bu ilin sonunda müvafiq kontraktlar da imzalanacaq. Bu məsələnin çox böyük əhəmiyyəti var. Çünki bu, sırf xarici sərmayə hesabına istehsal ediləcək bərpaolunan enerji növləridir. Əlbəttə ki, - mən bunu giriş sözümdə də demişəm, - əgər bizim kredit reytinqimiz yüksək olmasa idi, biznes mühitinə görə Azərbaycan 20 ən islahatçı ölkə kimi tanınmasaydı, xarici investorlar vəsait qoymazdılar.
Mən o böyük şirkətlərin rəhbərləri ilə görüşərkən onu da yəqin etdim ki, bu qərarın əsas səbəbi ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq və Azərbaycanın uzunmüddətli inkişafına investorların inamıdır. Bunlar çox böyük layihələrdir. İki elektrik stansiyası tikiləcək - biri külək, biri Günəş. Bu iki stansiyanın ümumi generasiya gücü 440 meqavat səviyyəsindədir, çox böyük stansiyalardır. Təqribən, 400 milyon dollara qədər xarici sərmayə qoyuluşu nəzərdə tutulur. Ona görə əminəm ki, bundan sonra digər investorlar da maraq göstərəcəklər. Deyə bilərəm ki, bu layihəni icra etmək üçün bizə dünyanın 9 aparıcı şirkətindən müraciətlər daxil olmuşdur. Artıq, əgər belə demək mümkündürsə, kənarda qalmış şirkətlərlə də fərdi qaydada iş aparılır, onlar üçün yeni təkliflər hazırlanır. Əminəm ki, bərpaolunan enerji növlərinin ümumi generasiya gücümüzdəki payı getdikcə artacaq və artmalıdır.
Bununla paralel olaraq, “Azərenerji”nin xətti ilə bu il yeni böyük elektrik stansiyasının tikintisinə başlanılacaq. Bu stansiyanın generasiya gücü təqribən 350-400 meqavat ətrafındadır. Buna ehtiyac var, tələbat var. Çünki qeyd etdiyim kimi, bizim ixrac imkanlarımız genişlənir, daxili tələbat getdikcə artacaq və daxili istehlak daim nəzərə alınmalıdır. Bizim hazırda 1000 meqavata yaxın generasiya gücümüz var ki, daxildə istifadə edilmir. Onun da böyük hissəsi ixrac olunur.
“Azərenerji”nin xətti ilə yeni külək elektrik stansiyasının tikintisinə də başlanılmalıdır. Bu yaxınlarda 50 meqavat gücündə bir stansiya istifadəyə verilmişdir. İkinci stansiyanın generasiya gücü 84 meqavatdır. Bu da Azərbaycanda bərpaolunan enerji növünün növbəti təzahürüdür. İndi dünyanın bir neçə ölkəsində buna oxşar layihələr icra edilir, xüsusilə təbii resurslarla zəngin olmayan ölkələrdə. Bizim isə siyasətimiz bundan ibarətdir, - baxmayaraq ki, neftimiz də, qazımız da var, - neftdən, qazdan qənaətlə istifadə etmək və daha çox ixraca yönəltmək üçün bərpaolunan enerji növlərindən istifadə etməliyik. Xüsusilə, nəzərə alsaq ki, Günəşimiz də, küləyimiz də boldur.
Eyni zamanda, Mingəçevir İstilik Elektrik Stansiyasının qalan üç blokunda bərpa-tikinti işləri aparılacaq. Beş blok təmir olunub və bu da əlavə təqribən 400 meqavata yaxın generasiya gücü deməkdir. Ona görə biz yaxın iki-üç il ərzində böyük dərəcədə enerji gücümüzü artıracağıq. Bununla paralel olaraq, əlbəttə ki, transformatorların quraşdırılması, yeni yarımstansiyaların fəaliyyətə başlaması, elektrik xətlərinin təzələnməsi gündəlikdə duran məsələlərdir.
Qazlaşdırmaya gəldikdə, baxmayaraq ki, artıq qeyd etdiyim kimi, biz 96 faizə çatmışıq, yenə də dövlət investisiya proqramında Azərbaycan Dövlət Neft Şirkətinə dövlət büdcəsindən qazlaşdırmaya 130 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsaitdən istifadə edərək bir çox kəndlər - bu gün hələ qaz almayan kəndlər qazlaşdırılacaq.
Avtomobil yollarının çəkilişi ilə bağlı bir neçə önəmli layihə həyata keçirilir. Onlardan biri Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsidir. İşlər gedir və əminəm ki, başa çatacaq. Sumqayıtdan Rusiya sərhədinə gedən yeni dördzolaqlı yolun tikintisi aparılır və hesab edirəm ki, ilin sonuna qədər bu yol da istifadəyə veriləcək. Astara-İran sərhədi avtomobil yolunun tikintisi də gündəlikdədir. İndi magistral yol tam yeni məcra ilə cənub istiqamətinə gedir. Ancaq Astara şəhərinin içərisindən keçir. Ona görə həm vətəndaşlar üçün narahatlıq yaradır, həm də ki, yükburaxma qabiliyyəti aşağı düşür. Ona görə Astara şəhərinə girmədən rayonun ərazisindən İran sərhədinə qədər yeni magistral yolun çəkilişi, o cümlədən avtomobil körpüsünün tikintisi nəzərdə tutulur. Bu layihə də bu ilin sonuna qədər başa çatmalıdır.
Eyni zamanda, Şamaxı-İsmayıllı-Qəbələ yolunun bərpası və genişləndirilməsi nəzərdə tutulur. Bu yol sürüşmə zonasından keçir, ona görə yolun bərpası uzun illər ərzində mümkün olmamışdır. Ancaq yeni texnologiyalar əsasında və yeni məcranın tapılması istiqamətində aparılmış işlər nəticəsində bu yolun da genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.
Bu il Bakı qəsəbələrində yeni yolların çəkilişi xüsusi əhəmiyyət daşıyacaq. Keçən il biz bu işlərlə daha geniş miqyasda məşğul olmağa başlamışıq. Əlbəttə ki, bəzi qəsəbələrdə yollar bərbad vəziyyətdədir və bu, dözülməzdir. Biz ən ucqar dağ kəndlərinə gözəl yollar çəkirik. Amma burada - Bakının ətrafında bəzi yerlərdə yollar pis gündədir. Ona görə müvafiq göstərişlər verilib. Keçən il bu sahəyə daha böyük diqqət ayrılıb və bu il də yol çəkilişi proqramları arasında bu sahə prioritet təşkil edəcək.
Bütövlükdə bu il min kilometr avtomobil yolunun çəkilişi nəzərdə tutulur. Keçən il də min kilometr nəzərdə tutulurdu. Ancaq dediyim kimi, keçən il 1300 kilometr çəkildi. İstisna olunmur ki, bu il də çəkiləcək yolların uzunluğu daha böyük olacaqdır.
Dəmir yolunun bərpası və çəkilişi ilə bağlı. Gəncə-Gürcüstan sərhədi dəmir yolunun sürətinin artırılması nəzərdə tutulur. Bakı-Gəncə dəmir yolunun çəkilişi tamamilə başa çatıb. Mən o vaxt Gəncədə olarkən söz vermişdim ki, bu, təmin ediləcək. Elə də oldu. İndi çox rahat, sürətli qatarla Bakıdan Gəncə şəhərinə getmək olar. İndi sərhədə qədər bu dəmir yolunun bərpası başa çatdırılmalıdır. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Yalama dəmir yolunun yenidən qurulması gündəlikdədir. Bununla yanaşı, Xudatdan Şahdağa dəmir yolunun çəkilişi nəzərdə tutulur. Şahdağ dağ-xizək kurortu indi nəinki MDB məkanında, dünyada tanınır. Bunun ikinci mərhələsi işə düşəndən sonra maraq daha da artıbdır. Ona görə mütləq bu kurorta dəmir yolu çəkilməlidir. Bu, həm bölgədə yaşayan vətəndaşlara, xarici qonaqlara və Bakı sakinlərinə rahatlıq gətirəcəkdir. Artıq müvafiq Sərəncam da verilib və vəsait də ayrılıb.
Ələt-Astara dəmir yolunun yenidən qurulması və yolun marşrutunun dəyişdirilməsi, sahildən kənarlaşdırılması üzərində iş aparılır. Bu il vəsait də nəzərdə tutulur. Bu il şəhərlərarası dəmir yolları arasında Ləki-Qəbələ dəmir yolunun fəaliyyətə başlaması nəzərdə tutulur. Giriş sözümdə dediyim kimi, Bakıətrafı, Bakı qəsəbələrinə gedən dəmir yolunun davam etdirilməsi nəzərdə tutulur.
İçməli su layihələri ilə əlaqədar bildirməliyəm ki, bu günə qədər ölkəmizin cəmi beş şəhərində içməli su və kanalizasiya layihələri başlamamışdır. Yəni, bütün qalan şəhərlərdə bu işlər ya tamamlanıb, ya da ki, icradadır. Ona görə bu beş şəhərin içməli su problemi nəzərə alınmalıdır. Bu ildən bu layihələrin icrasına start verilməlidir. Əminəm ki, yaxın gələcəkdə ölkəmizdə bir dənə də şəhər olmayacaq ki, 24 saat ərzində Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin edilməsin. Eyni zamanda, biz bu il suvarma üçün 400-dən çox subartezian quyusunun qazılmasını təmin etməliyik. Bu quyuların sayı ildən-ilə artır, tələbat var və biz bunu edəcəyik. Bu, dövlət investisiya proqramında nəzərdə tutulub.
Ekoloji vəziyyətin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu istiqamətdə bir çox önəmli tədbirlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə çaylar boyu yerləşən bir çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Ancaq mənə bəzi yerlərdən gələn məlumata görə, bu qurğuların bir neçəsi sıradan çıxmışdır. Ona görə birinci növbədə bu qurğuların fəaliyyəti ilə bağlı monitorinq keçirilməlidir, geniş təhlil aparılmalıdır, mənə məruzə edilməlidir ki, onların vəziyyəti nə yerdədir. İkincisi, bu qurğuların istismarı ilə bağlı gərək təkliflər verilsin. Əfsuslar olsun ki, bu günə qədər bu qurğular başlı-başına buraxılıb. Yerli icra orqanları, bələdiyyələr, əslində, bu qurğuların istismarı ilə məşğul olmalıdırlar. Bir çox yerlərdə belə deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qurğuları quraşdırıb və sanki işini yekunlaşdırıb. Ona görə həm monitorinq aparılmalıdır, həm də lazımdırsa, yeni kəndlərdə bu cür qurğular quraşdırılmalıdır və onların istismarı ilə bağlı konkret bir məsul qurum müəyyən edilməlidir.
Ağacəkmə prosesi davam etdiriləcək. Keçən il Nəsiminin 650 illiyi ilə bağlı bir gündə 650 min ağac əkildi. Son illərdə isə əkilən ağacların sayı bəlkə də 10-20 milyonu ötüb. Bu, çox müsbət haldır. Xüsusilə təbiəti ağacla o qədər də zəngin olmayan bölgələrdə bu proses geniş vüsət alıbdır və almalıdır. Bununla paralel olaraq, çirklənmiş yerlərin təmizlənməsi, torpaqların rekultivasiyası prosesi davam etdirilir. Abşeron yarımadasında bu işlər aparılır, aparılacaqdır. Bizim mövcud göllərin təmizlənməsi prosesi daha geniş vüsət almalıdır. Biz hələlik yalnız Böyükşor gölünün bir hissəsini təmizləmişik. Bu da çox böyük layihədir. İndi digər hissənin və həmçinin digər göllərin təmizlənməsi gündəlikdədir.
Son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Bakı sakinləri və qonaqlar bunu hiss edirlər ki, havanın keyfiyyəti böyük dərəcədə yaxşılaşıb. Nəyin hesabına? Çünki biz havanı çirkləndirən bir çox mənbələri ləğv etdik. Onlardan biri Bibiheybət zonası idi, hansı ki, o, ekoloji fəlakət mənzərəsi idi. İndi orada park salınıb, idman qurğuları, xiyabanlar yaradılıb, bulvar o zonaya qədər uzadılıb. İkincisi, havanı, ekologiyanı böyük dərəcədə çirkləndirən “Qara şəhər” idi. İndi onun yerində “Ağ şəhər” yerləşir. Bu da böyük şəhərsalma layihəsidir. Yaxın gələcəkdə neftayırma zavodunun o ərazidən köçürülməsi nəticəsində həm bulvarın uzunluğu artacaq, həm də o zonada ekoloji vəziyyət daha da yaxşılaşacaq. Əlbəttə, Balaxanı zibilxanası havanı demək olar ki, zəhərləyirdi. Çünki orada yanan məişət tullantılarının söndürülməsi mümkün deyildi. Hazırda orada böyük zibilyandırma zavodu və çeşidləmə poliqonu fəaliyyət göstərir. Bu ərazi ekoloji təmiz zonaya çevrilib.
Yəni, bütün bunları biz edirik ki, Bakının ekoloji vəziyyəti yaxşılaşsın və insanların sağlamlığına ziyan vurmasın. Eyni zamanda, vaxtilə ekoloji vəziyyəti ağır olan Sumqayıt da indi ekoloji cəhətdən təmiz şəhərdir. Mən orada olarkən sumqayıtlılara deyirəm ki, Sumqayıtın havası Bakının havasından daha təmizdir. Ancaq Bakının havası da böyük dərəcədə təmizlənib. Bizim əsas diqqət mərkəzimiz məhz böyük şəhərlərdir, xüsusilə Abşeron yarımadası və sənaye müəssisələri olan şəhərlər. Azərbaycanın qalan yerlərində təbiət toxunulmazdır, biz bunu qorumalıyıq və bütün bölgələrdə təbiət qorunmalıdır. Çünki bu, bizim sərvətimizdir. Bəzi hallarda ağaclar qırılır, onların yerində binalar tikilir. Buna qətiyyən yol vermək olmaz. Müvafiq göstərişlər verilib. Təbiətin qorunması hər bir vətəndaşın işi olmalıdır, çünki bu, bizim ölkəmizdir, bizim həyatımızdır.
Bu il tarixi abidələrin bərpası üçün dövlət investisiya proqramında vəsait ayrılıb, biz buna da diqqət yetirməliyik. Bizim əsas tarixi abidələrimizin hamısı bərpa olunubdur, konservasiya edilibdir. Ancaq Azərbaycanda bir çox tarixi abidələr var və onların hər biri bizim üçün əzizdir. Ona görə bu tarixi abidələrin bərpası, onların əsl vəziyyətinə çatdırılması və bəzi hallarda konservasiyası xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərə maksimum diqqət göstərilməlidir.
Bakı şəhərinin nəqliyyatı yaxşılaşdırılır, indi həm dövlət, həm özəl sektor xətti ilə daha səmərəli fəaliyyət göstərir. Xüsusilə mən özəl sektoru qeyd etmək istəyirəm. Çünki onlar da görürlər ki, dövlət xətti ilə gətirilən avtobuslar bütün standartlara cavab verir. Onların isə istifadə etdikləri avtobuslar artıq çoxdandır yararsız vəziyyətə düşüb. Ona görə məsuliyyətli sahibkarlar dərhal bu işlərlə məşğul olmağa başlayıblar. Əminəm ki, bundan sonra da həm özəl qurumlar, həm dövlət sektoru bu işdə fəal olacaqdır. Ancaq Sumqayıtdan fərqli olaraq bizim başqa şəhərlərdə vəziyyət acınacaqlıdır. Şəhər nəqliyyatı bərbad vəziyyətdədir. İstifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir. Ona görə mən həm yerli icra orqanlarına, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq göstəriş vermişəm ki, mənə geniş məlumat versinlər, mövcud avtobus parkı nə vəziyyətdədir? Biz bu məsələni də həll etməliyik. Hər bir şəhərdə nəqliyyat yaxşı olmalıdır. Yollar yaxşıdır, nəqliyyat da yaxşı olmalıdır ki, vətəndaşlar mənzil başına, iş yerinə rahat çata bilsinlər.
Bu il sosial infrastrukturla bağlı önəmli addımlar atılacaq. Onlarla məktəb, tibb müəssisəsi tikiləcək, təmir ediləcəkdir. İki Olimpiya İdman Kompleksinin açılışı nəzərdə tutulur. Bu il beş “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək və beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatacaq. Ancaq, əlbəttə, bu proses davam etdirilir. Bildirməliyəm ki, beş mərkəz bu il istifadəyə veriləcək, bundan əlavə daha altı mərkəzin açılışı da gündəlikdədir. Onlardan ikisi Bakıda tikiləcək və beləliklə, Bakıda mərkəzlərin sayı yeddiyə çatacaq. Çünki indi bəzi mərkəzlərdə növbələr yaranır. Biri Gəncədə. Gəncədə ikincisi olacaqdır. Biri Sumqayıtda, orada da ikincisi olacaqdır. Biri Lənkəran, biri isə Salyanda. Beləliklə, bu proqram maksimum 2021-ci ilin sonuna qədər başa çatmalıdır, bəlkə ondan da tez. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq.
“DOST” mərkəzlərinin yaradılması daha geniş vüsət alacaq. Artıq iki mərkəz keçən il istifadəyə verilib və ümumiyyətlə, 30-dan çox “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur.
Digər sosial layihə şəhid ailələri üçün tikiləcək və təmin ediləcək mənzillərdir. Keçən il 934 şəhid ailəsinə mənzil verilmişdir. Bu il göstəriş vermişəm ki, bu rəqəm artırılsın və ən azı 1500 şəhid ailəsi dövlət tərəfindən gözəl evlərlə, mənzillərlə təmin ediləcək.
Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına gəldikdə isə, bu il yenə bu sahədə də rekord il olacaq. Çünki bu il 7 min köçkün ailəsi üçün mənzillərin, evlərin verilməsi nəzərdə tutulur. Keçən il bu rəqəm 5 min idi. Beləliklə, təqribən 30-40 min köçkün yeni evlərlə təmin ediləcəkdir.
Sosial layihələr arasında ödənişli ictimai iş yerlərinin yaradılması da var. Bu da mənim təşəbbüsümlə irəli sürülmüş məsələdir, o vaxt ki, ölkəmizdə işsizlik bir qədər artmışdı. Onun da səbəbi o idi ki, neftin qiyməti 4 dəfə aşağı düşdü, biz məcbur olub investisiya xərclərimizi ixtisar etdik. Mən giriş sözümdə dedim, valyuta ehtiyatlarımızı, hətta bizim üçün ən ağır illərdə artıra bilmişik. Amma investisiya xərclərini azaltdıq və beləliklə, bu layihələrdə iştirakı nəzərdə tutulan insanlar işsiz qaldılar. Ona görə mənim göstərişimlə ödənişli ictimai iş yerləri yaradıldı. Ancaq əfsuslar olsun ki, bu sahədə bölgələrdə pozuntulara yol verildi və bu pozuntulara yol verən şəxslər cəzalandırıldı. Əgər bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək. Çünki kasıb təbəqə üçün nəzərdə tutulan iş yerlərinin pulunu mənimsəmək böyük vicdansızlıqdır. Ona görə çox ciddi nəzarət var. Əminəm ki, belə hallar təkrarlanmayacaq. Amma yenə də ciddi nəzarət olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, bütün iş yerləri qeydiyyatdan keçsin və nəzarət güclü olsun. Baxmayaraq ki, işsizliklə bağlı vəziyyət ötən il yenə də böyük dərəcədə yaxşılaşdı, amma əhali artır. Biz bunu nəzərə almalıyıq. Ona görə bu il də dövlət xətti ilə təxminən 40 minə yaxın iş yeri yaradılacaq.
Digər önəmli proqram özünüməşğulluq proqramıdır. Buna da biz bir neçə il əvvəl start verdik və böyük tələbat var. Bu, onu göstərir ki, biz düzgün addım atmışıq və bu proqramı genişləndiririk. Tələbat təqribən 40-50 min ətrafındadır. Ancaq biz keçən il 7-8 min insanı bu proqrama cəlb etdik. Bu il ən azı 10 min insan cəlb olunacaq. Onlara lazımi vasitələr, avadanlıq, mal-qara veriləcək. Bizim təşəbbüsümüzlə bu proqramı Dünya Bankı ilə birgə icra edirik. Yəni, yaradılacaq bu 10 min iş yeri üçün Dünya Bankının xətti ilə də vəsait nəzərdə tutulur. Bizə onların vəsaitindən çox təcrübəsi, ekspertizası lazımdır. Çünki Dünya Bankı dünyanın bir çox ölkələrində belə layihələr icra edib. Ona görə həm ekspertiza, həm əlavə maliyyə vəsaiti cəlb olunacaq. Mən Azərbaycanda fəaliyyət göstərən özəl banklara da demək istərdim ki, onlar da baxsınlar, bu proqrama qoşulsunlar və proqram daha geniş vüsət alsın. Çünki qeyd etdiyim kimi, maraq böyükdür, tələbat da artır.
Bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir və davam etdirilməlidir. Biz banklara çox böyük dəstək vermişik. Bütün əmanətlər sığortalanıb və bu prosesi uzatmışıq. Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıbdır. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür. Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda, onların məsuliyyətini artırır. Əgər banklar tərəfindən, özəl banklar tərəfindən hər hansı bir sürpriz olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın.
İqtisadiyyat artdıqca, iqtisadi vəziyyət yaxşılaşdıqca, uçot dərəcəsi də aşağı düşür. Bu il də aşağı düşübdür, təqribən 7 faizdən bir qədər çoxdur. Əlbəttə ki, özəl banklar da faiz dərəcələrini aşağı salmalıdırlar. Çünki Mərkəzi Bank tərəfindən artıq qərar qəbul edildi, keçən il və bu il uçot dərəcəsi müntəzəm olaraq aşağı düşür. Bu proses davam etdirilir.
Bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir. Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir. Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər. Mən bunu ilin yekunlarına həsr edilmiş müşavirədə qeyd etdim. Yenə də bu meyil görünməkdədir. İstehlak kreditlərinə üstünlük verilir. Əlbəttə, bu, çox asandır. İstehlak kreditini verir, sonra da faizini alır. Amma bank krediti ölkə iqtisadiyyatı üçün, real sektor üçün, iş yerlərinin yaradılması üçün lazımdır. Ona görə burada mən bir daha göstəriş verirəm, Mərkəzi Bank və aidiyyəti nazirliklər, o cümlədən Nazirlər Kabineti bunu nəzarətə götürsün və mənə müntəzəm olaraq məlumat verilsin ki, biznes-kreditlərinin pay faizi nə qədərdir. İstehlak kreditləri və monitorinq daimi olmalıdır.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Rayon və kənd yerlərində təklif olunan girov əmlaklar bir çox hallarda banklar tərəfindən girov kimi qəbul edilmir. Onlar Bakıda girov əmlak istəyirlər. Buna son qoyulmalıdır. Burada heç bir ayrı-seçkiliyə yol vermək olmaz. Ona görə aidiyyəti qurumlar bu məsələ ilə də ciddi məşğul olsunlar.
Sahibkarlığın inkişafı üçün dövlət bu il də kifayət qədər böyük vəsait nəzərdə tutur. Bu, artıq verilmiş və qaytarılmış kreditlərin hesabına baş verir. Güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək. Deyə bilərəm ki, son illər ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilmişdir. Ancaq verilən bu kreditlərə həm nəzarət gücləndirilməlidir, həm də biznes layihələrinə yenidən baxmaq lazımdır. Çünki aparılan təhlil göstərir ki, hər bir iş yerinin yaradılması üçün kifayət qədər böyük vəsait xərclənir. Əvvəlki illərdə üstünlük daha çox iri layihələrə verilirdi, bu da təbii idi. Çünki bu aqroparkların və digər iri sənaye müəssisələrinin yaradılması hesab edirəm ki, zəruri idi. Ancaq hazırda daha çox güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir. Çünki biz yaxşı bilirik ki, inkişaf etmiş ölkələrin ümumi daxili məhsulu böyük dərəcədə kiçik və orta sahibkarlıq tərəfindən formalaşır. Biz də bu yolla getməliyik. Xüsusilə nəzərə alsaq ki, bizim iqtisadiyyatımızın aparıcı hissəsi neft-qaz sənayesidir. Ona görə bu il güzəştli biznes-kreditlərinin tərkibində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir.
O ki qaldı, iri layihələrin icrasına, qeyd etdiyim kimi, onların arasında aqroparklar xüsusi yer tutur. Aqroparkların da yaradılması ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Biz indi aqroparkların timsalında görürük ki, burada məhsuldarlıq daha yüksəkdir. Çünki yeni texnologiyalar tətbiq olunur, texnika gətirilir, dövlət tərəfindən dəstək göstərilir. Misal üçün keçən il taxılçılıqda bizim orta məhsuldarlığımız kifayət qədər yüksək olub - hektardan 32 sentner, böyük irəliləyişdir. Ancaq iri fermer təsərrüfatlarında bu, 50 sentner, bəzi yerlərdə 60 sentnerdir. Bu, onu göstərir ki, aqroparkların yaradılması çox düzgün qərar idi. Ancaq mənə məlumat verildi ki, bir neçə yerdə nəzərdə tutulmuş aqroparkların yaradılması yubanır, yaxud da ki, işlər ümumiyyətlə getmir. Ona görə mən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə tapşırıram ki, bu məsələ araşdırılsın. Təqribən 50-dən çox aqroparkın yaradılması nəzərdə tutulurdu. Araşdırılsın, təhlil aparılsın və mənə məlumat verilsin, əgər o yerlər, sadəcə olaraq, sahibkarlar tərəfindən götürülüb və istifadə olunmur, o yerlər geri qaytarılmalıdır və iş görən sahibkara verilməlidir.
Sahibkarlara çox böyük hərtərəfli dəstək göstərilir. Birincisi, Prezidentin dəstəyi. Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır. Digər tərəfdən, icra edilmiş bütün infrastruktur layihələri. İndi təsəvvür edin, əgər rayonlarda işıq, yol olmasaydı, hansı sahibkar orada iş görə bilərdi. Qaz olmasaydı, hansı istixananı işlədə bilərdi. Ona görə bunlar dövlət tərəfindən edilibdir - yol da, elektrik də, qaz da, su da. Bundan əlavə, güzəştli kreditlər – dediyim kimi, aşağı faizlə 2 milyard manatdan çox vəsait ayrıldı. Fermerlərə subsidiyalar verilir, onlar torpaq vergisi istisna olmaqla, - o da cüzi rəqəmdir, - vergilərdən azaddırlar. Dövlət tərəfindən sənaye zonalarının, sənaye parklarının, infrastrukturun yaradılması. Təşviq mexanizmi təşkil edilib və digər stimulverici amillər tətbiq olunubdur. Yəni, sahibkarlara çox böyük imkanlar yaradılıb. Ona görə sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər. Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır. Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər. Buna son qoyulmalıdır. Ona görə sahibkarlar vergini tam verməlidirlər. Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır. Əlbəttə ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir. Çünki sahibkarlar indi bilirlər qaydalar nədən ibarətdir. Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz. Baxın, dövlət ünvanlı sosial yardım alanların sayını artırır. Baxmayaraq ki, yoxsulluq 4,8 faizdir və bəzi şəhərlərdə olduğu kimi, Azərbaycanda küçələrdə yoxsullar dolaşmır. İndi inkişaf etmiş ölkələrin şəhərlərinə baxın, ən böyük ölkələrin paytaxtlarında minlərlə evsiz-eşiksiz adam var. Onlar ya qutuda, ya skamyalarda, ya da ki, özləri üçün balaca çadır qurub yatırlar. Bunu biz televizordan görürük. Bizdə belə şey varmı? Yoxdur! Nəyə görə? Ona görə ki, vətəndaşlara qayğını dövlət öz üzərinə götürübdür. Baxmayaraq ki, işsizlərin, yoxsulların sayı azalır, mən göstəriş vermişəm, ünvanlı sosial yardımı alanların sayı artırılsın. Bunu etmək üçün yeni meyarlar tətbiq olunmalıdır, ona görə ki, ölkəmizdə kasıb adam olmasın. Əgər bir sahibkar 5 manat çox qazanmaq istəyirsə, adamı işdən çıxarır. Bu, dözülməzdir. Faktlar varsa, mənə deyin, biz o sahibkarlarla lazımi qaydada danışacağıq. Ona görə dövlət, xalq və qanun qarşısında məsuliyyət olmalıdır. O cümlədən kölgə iqtisadiyyatına qarşı mübarizə bundan sonra da aparılacaq. Burada da iki tərəf var. Bu işlərə göz yuman dövlət məmuru və bu işləri görən sahibkar. Bu sövdələşmə də tamamilə pozulmalıdır və pozulur. Dövlət indi göz yummur, sahibkar da gərək öz biznesini kölgədən 100 faiz çıxarsın. Dövlət, mərkəzi icra orqanlarımız xüsusi anlayış göstərərək bu prosesi tədricən edirlər. Çünki bu işi görənlər onilliklər ərzində, sovet dövründə də, müstəqillik dövründə də belə işləyiblər, öyrəşiblər. Ona görə buna son qoyulmalıdır. Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam, çox sadə. Düzdür, hər yerdə var, hər ölkədə var. Bizdə bu, dözülməz dərəcəyə gəlib çıxmışdır. O təhlil mənə veriləndə, sözün düzü, çox dəhşətə gəldim. Ona görə buna son qoyulur. Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi. Biz bu şəffaflığı təmin edərkən, mən qeyd etdiyim sosial təşəbbüsü reallaşdıra bildik. O pul qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdi. İndi biz kölgə iqtisadiyyatına göz yuma bilərikmi? Qətiyyən yox! Yenə də deyirəm, kölgə iqtisadiyyatına son qoyulmalıdır və dövlət orqanları bir keçid dövrü də müəyyən edib. Çünki bəri başdan çox sərt tədbirlər görmək düzgün olmaz. İnsanlar buna gərək yavaş-yavaş öyrəşsinlər. Amma biz bu güzəşt müddətini də çox uzada bilmərik. Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir. Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz.
Onu da bildirməliyəm ki, bu müsbət proses bu il də gedir. Hələ yanvar ayının sosial-iqtisadi yekunları mənə məruzə edilməyib. Bu, bir qədər vaxt tələb edir. Amma bir neçə rəqəm artıq mənə deyilib, o cümlədən yenə də vergi və gömrük orqanlarının yanvar ayındakı fəaliyyəti. Beləliklə, bu ilin yanvar ayında vergi orqanları proqnozdan əlavə 120 milyon manat, gömrük orqanları isə 40 milyon manat vəsait yığıblar. Yəni, bir ayda ancaq kölgə iqtisadiyyatı ilə mübarizə sayəsində 160 milyon manat əldə olunub.
Qeyd etdiyim kimi, sənaye istehsalı ilə bağlı qeyri-neft sektoruna üstünlük veriləcək. Keçən il bu sektor 14 faizdən çox artıb, bu il də artmalıdır. Burada mən bir neçə məsələyə toxunmaq istərdim. Hesab edirəm ki, emal sənayesinə daha çox üstünlük verilməlidir. Dövlət orqanları da bu sahəyə diqqət yetirməlidirlər. Güzəştli kreditlər də bu sahəyə istiqamətləndirilməlidir. Sahibkarlar özləri də bu sahəyə daha böyük diqqət göstərsinlər. Biz gərək hər şeyi ardıcıllıqla edək. Biz, əlbəttə ki, meyvə-tərəvəz məhsullarımızı tədarük edirik, ixrac edirik. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların daha böyük dəyəri var. Dəyərlər zənciri yaradılmalıdır. Ona görə hesab edirəm ki, kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət göstərilməlidir. Bir neçə misal gətirə bilərəm. Bizdə indi üzümçülük çox sürətlə inkişaf edir. Son illər ərzində salınmış minlərlə hektar üzüm bağları indi bar verir. Təkcə keçən il üzüm tədarükü 34 min ton artıbdır. Bu, birbaşa şərabçılıq sənayesini yaradır və biz indi şərab məhsullarımızı bir çox ölkəyə ixrac edirik. O cümlədən tütünçülük. Tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradıldı, Bakı siqaret fabriki yenidən quruldu. Biz daxili tələbatı tam ödəməliyik və ödəyəcəyik, ixrac da edəcəyik. Yoxsa ki, əvvəlki illərdə tütün tədarük etməyən ölkələr bizə siqaret satırdı. Bu, bir nonsensdir. Bizim tütünümüz də, şəraitimiz də var. Ona görə bax, bu, emal sənayesinin inkişafının təzahürüdür. Baramaçılıq da həmçinin. Çünki burada da zəncir yaradılır - kümçüdən ta Şəki ipək kombinatına qədər. Orada da artıq yüzlərlə adam işlə təmin edilib. Kəndlərdə də minlərlə adam işlə təmin olunub və 30-40 gün ərzində böyük vəsait əldə edir, özü də az əziyyət çəkməklə.
Pambıqçılıq birbaşa emal sənayesini şərtləndirir. Bizdə pambıqçılıqda 46 faiz artım var. İxrac keçən il 158 milyon dollar olubdur. Ancaq biz pambığın 50 faizini ölkəmizdə emal edə bilirik. Ona görə nə lazımdır, yeni iplik fabrikləri, ondan sonra tekstil fabrikləri, daha sonra hazır məhsul fabrikləri. Bu zəncir bir-birinə bağlıdır, ona görə sahibkarlar bu sahəyə diqqət yetirsinlər və dövlət orqanları sahibkarları bu istiqamətlərə yönəltsinlər. Beləliklə, yüngül sənayenin inkişafı təmin ediləcək, iş yerləri yaradılacaq, hazır məhsul istehsal edəcəyik, hazır məhsulu idxal etməyəcəyik. Aydın məsələdir, bunlar bir-biri ilə bağlıdır. Pul burada, ölkəmizdə qalacaq.
Tərəvəzçilikdə də həmçinin. Emal sənayesi tərəvəzçilikdə çox aşağıdır. Biz tərəvəzi yığırıq, özümüz istehlak və ixrac edirik. Yaxşıdır, amma emal olunmalıdır. Misal üçün, bizdə keçən il tərəvəzçilikdə ixrac 243 milyon dollar olubdur. Bunun 190 milyon dolları pomidor ixracı idi və pomidor ixracı 7 faiz artıbdır. Ancaq əgər kifayət qədər tomat pastası zavodu olsa, daha da böyük qiymətə satıla bilər. Özü də bütün bazarlarda tələb olunan məhsuldur. Sahibkarlar buna diqqət yetirməlidirlər. Mən bu rəqəmləri, Azərbaycanın özünütəminetmə əmsalını müntəzəm olaraq səsləndirirəm ki, harada boşluqlar var, yerli sahibkarlar bu boşluqları doldursunlar. Ancaq mən bir qədər passivlik görürəm. Ona görə dövlət orqanları gərək sahibkarları tərpətsinlər, özləri də təşəbbüs göstərsinlər. Xüsusilə nəzərə alsaq ki, dövlət bütün şəraiti yaradıb və bütün sərgiləri keçirir, sahibkarları xaricə aparır. İndi biz şərab ixracını artırmışıq, nəyin hesabına? Dövlətin səyləri hesabına. Çünki dövlət xətti ilə, dövlətin hesabına beynəlxalq sərgilərdə iştirak təmin olunub, orada kontraktlar bağlanıb. Axı, sahibkar özü bunu etmir.
Əfsuslar olsun ki, bizdə alkoqollu içkilər sahəsində böyük pozuntular olur, statistika tam baş-ayaq idi. Nəyə görə? Çünki araq da istehsal edir, şərab da. Amma yazır ki, mən filan məhsulu istehsal etmişəm, çünki daha çox pul qazansın. Əlbəttə, buna da son qoyulur və qoyulacaq. Hər sahədə şəffaflıq olmalıdır, bunu hamı bilsin. Ona görə belə bicliklər gərək keçmişdə saxlansın.
Misal üçün meyvəçilikdə. 240 milyon dollarlıq meyvə ixrac olunub, artım 11 faiz. Amma bu meyvənin içində fındıq da var. 125 milyon dollarlıq fındıq ixrac olunub, artım 33 faiz. Nəyin hesabına? Yenə də dövlətin hesabına. Mən o vaxt göstəriş verdim ki, fındıq bağları salınsın. Bizim 30 min hektar sahədə fındıq bağımız var idi. İndi biz bunu 80 min hektara çatdırmışıq. Kim edib? Dövlət edib. Bəs, sahibkar özü niyə gedib əkmir? Yaxşı, baramanı da dövlət edib, pambığı da dövlət edib, nə vaxta qədər? Sahibkar da gedib etsin. İndi pambıqdan, fındıqdan böyük pul əldə edir, çox yaxşı, qoy, daha da varlansın. Amma özü də bir təşəbbüs göstərsin.
Biz bu işləri onsuz da aparacağıq. Çünki bu, dövlətimiz üçün lazımdır, sahibkar da bizim vətəndaşımızdır. Sahibkar da onlarla, yüzlərlə, bəlkə də minlərlə işçini saxlayır, ona maaş verir. Ona görə burada bu birliyin, bu konfransların məqsədi nədir?! Burada oturanların bir hissəsi yerli icra başçıları, mərkəzi icra orqanlarının rəhbərləri və sahibkarlardır. Bu konfransın ikinci hissəsində açıq söhbət aparılmalıdır. Daha şüarlar, hansısa bəyanatlar lazım deyil. Açıq söhbət olmalıdır, problem nədir, həlli yolu nədir sahibkar desin. Dövlət nümayəndəsi də ona desin ki, o, harada pozuntulara yol verir, dostcasına desin ki, “get bunu düzəlt, bax, son dəfə sənə deyirəm, düzəltməsən, onda özündən küs”. Bu gün burada, bax, bu məsələlər müzakirə olunmalıdır. Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi - bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq, bəziləri göz yumurdular, sövdələşirdilər. Daha bu dövr bitdi. Mən sizə bunu deyirəm, qurtardı. Ona görə mən dediyim kimi işləməlisiniz, vəssalam.
Eyni zamanda, bizdə sənaye sahəsində də hazır məhsulun buraxılması məsələsi gündəlikdədir. Məsələn, SOCAR Polymer zavodu istifadəyə verildi və indi biz polimerləri xaricə ixrac edirik. O ölkələrə ixrac edirik ki, həmin ölkələr ondan hazır məhsul istehsal edir, bizə satır. Ona görə biz özümüz burada klasterləri yaratmalıyıq və lazım olarsa, dövlət dəstək göstərəcək ki, polimerdən məhsullar Azərbaycanda istehsal olunsun, pul ölkəmizdə qalsın. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır.
Kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır. Əminəm ki, bundan sonra da artım çox sürətli olacaq. Bildirməliyəm ki, keçən il bütövlükdə fermerlərə 380 milyon manat subsidiya verilmişdir. İndi bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Bu, çox mütərəqqi sistemdir. Eyni zamanda, Aqrar sığorta mexanizminin işlənməsinə start verilmişdir. Əminəm ki, bu il bu məsələ də öz həllini tapacaq.
Kənd təsərrüfatında artımla bağlı bəzi rəqəmləri də səsləndirmək istərdim. Beləliklə, barama istehsalı 25, pambıq 26, yumurta 9, günəbaxan 43, kartof 12, tərəvəz 12, bostan məhsulları 11, meyvə və giləmeyvə 9, yaşıl çay yarpağı 7, üzüm 20 faiz artmışdır. İxrac da əhəmiyyətli dərəcədə artıb. Bir dəfə demişəm, bir daha demək istəyirəm ki, mən turizmi də ixrac növü hesab edirəm. Çünki keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər. Yəni, əgər bunu ixrac növü kimi hesablasaq, neftdən sonra ikinci sahə turizmdir. Məhz ona görə mən turizmin inkişafı üçün kompleks tədbirlərin görülməsini təmin etdim, son illər Azərbaycanda turistlərin sayı artıb və bu gün də artır. Əminəm ki, bu, belə də davam edəcək. Ancaq hər şeyin vaxtı var. Misal üçün biz 10 il bundan əvvəl bu haqda fikirləşsəydik, bəlkə də düzgün olmazdı. Çünki turistlər hara gələcəkdilər – yol yox, işıq yox, otel yox. Hara gələcəkdilər? İndi isə hər şey var. Ən müasir nəqliyyat infrastrukturu – Heydər Əliyev Beynəlxalq Aeroportu, dediyim kimi, beşulduzlu aeroportdur. Bundan başqa turistlərin daha çox gəldikləri yerlərdə də 5 beynəlxalq aeroport var. Həmçinin gözəl otellər var. Azərbaycanda dünyanın bütün aparıcı otellərinin brendləri fəaliyyət göstərir. Onlar nəyə görə buraya gəliblər? Niyə başqa ölkələrə getmirlər? Çünki ölkəmizdə sabitlik var, inam var, vəziyyət proqnozlaşdırılandır və investisiya mühiti, kredit reytinqlərimiz yaxşıdır. “Doing Business”dəki yerimiz yaxşıdır. Onlar görür, arayışa baxır. Dünyanın aparıcı brendi kortəbii olaraq gəlib burada otel tikər? Əlbəttə ki, yox. İqlim gözəldir, 9 iqlim zonamız var, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, mətbəximiz və əlbəttə ki, sabitlik və təhlükəsizlik. Ona görə turizm sahəsində bu işlər görülür. Keçən il UNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib. Qobustan və İçərişəhərdən, Qız qalasından, Şirvanşahlar sarayından sonra bu, bizim növbəti böyük uğurumuzdur. Harada ki, boşluqlar var, biz öz turizm imkanlarımızı gərək səfərbər edək. Məsələn, keçən il Yanardağ tamamilə yenidən quruldu, çox gözəl şərait yaradıldı və demək olar ki, Bakıya gələn turistlərin böyük əksəriyyəti oranı ziyarət edir. Bizim palçıq vulkanlarımız var. Amma oraya heç yol da yoxdur. Hətta yol olsa belə, oraya gedib, bir stəkan çay içmək üçün yer də tapmaq mümkün deyil. Ona görə göstəriş vermişəm ki, bizim Turizm Agentliyimiz bu il bu məsələ ilə ciddi məşğul olsun. Necə ki, bu gün Yanardağa, yaxud da ki, Qobustana hər kəs gedir, palçıq vulkanlarına da hər kəs gedəcək. Çünki biz palçıq vulkanlarının sayına görə dünyada birinci yerdəyik.
Bizim tarixi yerlərimizi, tarixi kəndlərimizi turizm zonasına çevirmək üçün praktiki addımlar atılır. Qış turizminin inkişafı, Şahdağ xizək kompleksinin gələcək inkişafı ilə bağlı göstəriş verilmişdir. Onu da bildirməliyəm ki, bu gün mənə məlumat verildi, bu ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə turistlərin sayı 18 faiz artıb. Özü də turistlər üçün o qədər də cəlbedici olmayan yanvar ayında. Keçən il 11 faiz, ondan əvvəl 4 faiz, ondan əvvəl 24 faiz, ondan əvvəl 22 faiz, ardıcıllıqla. İndi ancaq yanvar ayında 18 faiz. Ona görə hesab edirəm ki, əgər keçən il ölkəmizə 3 milyon 170 min turist gəlmişdisə, bu il daha çox gələcək.
Əlbəttə ki, ölkəmizin əhəmiyyətini, rolunu və bizə olan münasibəti əks etdirən son hadisə Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması hadisəsidir. Bu, çox əlamətdar hadisədir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyada birnömrəli Forumdur, bundan yuxarı yoxdur. Bu, həm siyasi, həm iqtisadi sahədə nömrə birdir və bu bölgədə, Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçmək, əlbəttə, böyük hadisədir, mən və Forumun prezidenti niyyət protokolunu imzaladıq, indi işlər başlanacaq və Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir. Biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik. Beləliklə hesab edirəm ki, bu hadisə bizim növbəti uğurumuzdur, növbəti qələbəmizdir. Əminəm ki, bundan sonra qələbələrimizin sayı çox olacaq.
Sağ olun.