İlham Əliyev Oğuzda Qəhrəmanlar parkının açılışında iştirak etmişdir
16 noyabr 2011, 17:00
Prezident İlham Əliyev Oğuz rayonuna səfəri çərçivəsində Qəhrəmanlar parkının açılışında iştirak etmişdir.
Dövlət başçısı parkda ucaldılmış abidənin önünə gül dəstəsi qoydu.
Məlumat verildi ki, tikintisinə 2011-ci ilin iyulunda başlanılan Qəhrəmanlar parkı 8,4 min kvadratmetr ərazini əhatə edir. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Bildirildi ki, parkda geniş abadlıq işləri görülmüş, beş min kvadratmetr ərazidə yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Burada “Veteran” kafesi də yaradılmışdır. Qəhrəmanlar parkında quraşdırılan fəvvarələrin kənarları təbii qranitlə üzlənmişdir.
Parkda 600 kvadratmetr ərazi təbii qranitlə üzlənmiş, ümumi sahəsi iki min kvadratmetr olan iki kiçik meydança və parkdaxili gəzinti səkiləri tikilmişdir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.