Azərbaycan Respublikası Prezidentinin “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli və “Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” 2019-cu il 12 aprel tarixli 624 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
31 yanvar 2020, 19:07
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1581-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 732 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2067; 2019, № 3, maddə 413) ilə təsdiq edilmiş “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik–idarə et–təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”na aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan tikinti və infrastruktur obyektləri və onlara oxşar obyektlərin layihələndirilməsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə aid olduqda, bu obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası aparılmalıdır.”.
2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 624) ilə təsdiq edilmiş “Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi”nin 2.2.5-ci və 3.1.17-ci yarımbəndlərinə “institutları” sözündən sonra “və hüquqi şəxslər” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar 2020-ci il.