Zahirə Ələkbərovadan, Bakı, Azərbaycan


31 yanvar 2020, 19:00
Hörmətli cənab Prezident.
Əvvəla Sizi və ölkəmizin birinci xanımı Mehriban Əliyevanı salamlayıram. Bir Azərbaycan gənci olaraq bu təşəkkür məktubunu Sizə yazmağı özümə borc bildim.
Siz Azərbaycan gəncliyinin yaxşı təhsil alması, bilikli, savadlı, bacarıqlı olması üçün hər bir şərait yaradırsınız. Mən 2019-cu ildə kolleci yaxşı qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin geologiya ixtisasına ödənişli əsaslarla qəbul olmuşam. Sizin gənclərə göstərdiyiniz diqqət, apardığınız uğurlu siyasət və müdrik qərarınız nəticəsində ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olmuş 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə etmişdir. Bu tələbələrin siyahısında mənim də adım qeyd olunmuşdur. Hazırda dövlət sifarişli yerdə oxuyuram. Sizin bu addımınız mənim və ailəmin, qrup yoldaşlarımın, çoxsaylı gənclərin böyük sevincinə səbəb oldu.
Mən 2014-2017-ci illər ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində könüllü olmuşam və bir çox dövlət orqanlarında təcrübə keçmişəm. Fəal könüllü olduğum üçün “ASAN Kadr” Karyera Mərkəzi məni işlə təmin edib. Hazırda “BakuBus” MMC-də çalışıram.
Hörmətli cənab Prezident, Sizin Sərəncamınızla 2020-ci ilin “Könüllülər ili” elan olunması ASAN könüllüsü olmuş bir gənc kimi, mənim üçün çox sevindirici xəbər oldu. Bununla əlaqədar məsuliyyətli ölkə gənci, vətəndaşı olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. 2012-ci ildə ilk “ASAN xidmət” mərkəzinin açılışı zamanı Siz əməkdaşlarla yanaşı, könüllülərlə də görüşdünüz. Bu görüş əslində ölkəmizdə könüllülük fəaliyyətinin geniş bir hərəkata çevrilməsinə stimul verdi.
Bilikli, Vətənə bağlı gənclik ölkədə dayanıqlı uğurun təminatçısıdır. 2020-ci ilin “Könüllülər ili” elan olunması bu dəyər ətrafında təkcə gəncləri deyil, eləcə də bütün insanlarımızı birləşdirəcək. Bu, bir həmrəylik nümunəsi və xalqın Sizə olan böyük etimadının növbəti ifadəsi olacaqdır.
Hörmətlə,
Ələkbərova Zahirə Fəxrəddin qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.