Qarabağ müharibəsi əlillərinə, onlara bərabər tutulan şəxslərə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində İlham Əliyevin nitqi
24 dekabr 2019, 12:15
Bu gün sizin həyatınızda çox əlamətdar bir gündür. Bu gün şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni mənzillər verilir. Eyni zamanda, minik maşınları da verilir. Bu münasibətlə sizi təbrik etmək istəyirəm. Bu gözəl binada yaşamaq çox rahat olacaq. Bina ilə tanış oldum. Mənzillərin hər biri yaraşıqlı, işıqlı, gözəl və təmirlidir. Belə də olmalıdır. Siz buna layiqsiniz. Mən dəfələrlə demişəm ki, Vətən uğrunda şəhid olmuş insanların xatirəsi bizim üçün həmişə əzizdir. Azərbaycan xalqı şəhidlərimizin xatirəsini həmişə öz qəlbində yaşadır. Müharibədə vuruşmuş və əlil olmuş vətəndaşlar üçün şəraitin yaradılması bizim mənəvi borcumuzdur.
Son illər ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 7500-dən çox mənzil və fərdi ev, 7 minə yaxın minik avtomaşını verilib. Bu, deyə bilərəm ki, çox nadir hallarda dünya miqyasında baş verir. Hesab edirəm ki, Azərbaycan bu sahədə ən düzgün siyasət aparır. Çünki bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə o vətəndaşlar ki, öz həyatını Vətən uğrunda qurban vermişdir və sağlamlığını itirmişdir. Bundan sonra da bu siyasət davam etdiriləcək. Gələn il ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur, yəni, bu ildən fərqli olaraq iki dəfə çox. Baxmayaraq ki, bu ilin əvvəlində 800-ə yaxın mənzilin verilməsi nəzərdə tutulurdu. Ancaq əlavə vəsaitin ayrılması nəticəsində bu mənzillərin və evlərin sayı 900-ə çatıbdır, o cümlədən yüzlərlə minik avtomobili də verilib. Belə gözəl binada yaşamaq əlbəttə ki, çox xoş olacaq. Bir daha demək istəyirəm ki, siz buna layiqsiniz.
Azərbaycan dövləti sosial təminat sahəsində çox genişmiqyaslı və düzgün siyasət aparır. İlk növbədə, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunurlar. Eyni zamanda, işğaldan əziyyət çəkən soydaşlarımız, məcburi köçkünlər üçün bu il 5 min mənzil və fərdi ev təqdim olunub. Beləliklə, bu kateqoriyadan olan vətəndaşlara bu il təqribən 6 minə yaxın ev və mənzil verilib. Bu, o deməkdir ki, biz bir şəhər boyda evlər tikmişik və layiq olan vətəndaşlara təqdim etmişik. Mən ikinci ölkə tanımıram ki, bu sahəyə bu qədər diqqət ayrılsın. Bu, bir daha göstərir ki, bizim bu sahədəki siyasətimiz həm düzgündür, həm ədalətlidir. Bu siyasət davam etdiriləcək. Çünki hələ də növbədə dayanan vətəndaşlar var. Şəhid ailələri arasında təqribən 2 mindən çox vətəndaş növbədə dayanır. Onların da problemləri yaxın 2-3 ildə həllini tapacaqdır.
İndi bizim iqtisadi imkanlarımız da yaxşılaşır. Düzgün iqtisadi siyasət aparmaqla biz əlavə gəlirlər əldə etdik. Bu gəlirləri, ilk növbədə, sosial problemlərin həllinə yönəltdik. Bu il 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşı - əhalinin təxminən 40 faizdən çoxu böyük sosial paketlə əhatə olunub. Maaşlar, pensiyalar, müavinətlər, tələbə təqaüdləri, problemli kreditlərin həll edilməsi - bütün bunlar böyük vəsait tələb edir. Biz bu işlərə milyardlarla manat vəsait yönəltmişik və çox düzgün addım atmışıq. Çünki bu, lazım idi. Sosial təminat bizim üçün ən başlıca vəzifədir. Buna nail olmaq üçün bizim iqtisadi imkanlarımız olmalıdır. Ona görə iqtisadi inkişaf nə qədər yüksək templərlə artsa, sosial təminat da bir o qədər yaxşılaşacaq, maaşlar, pensiyalar artacaq. Ona görə bu gün ölkəmizdə aparılan islahatlar bu məqsədi güdür. İlk növbədə, sosial sahədə daha böyük nailiyyətlərə nail olmaq üçün biz iqtisadi sahədə düzgün prinsiplər əsasında işimizi qurmalıyıq. Şəffaflıq, dürüstlük, korrupsiya və rüşvətxorluqla mübarizə, iqtisadi islahatlar, struktur islahatları - bütün bunlar ölkəmizə böyük canlanma gətirir.
Builki iqtisadi göstəricilərimiz çox müsbətdir. Əldə edilmiş bütün əlavə gəlirləri biz sosial sahəyə yönəltdik. Bugünkü bu gözəl, 96 mənzildən ibarət binanın açılışı bunun bariz nümunəsidir.
Mən bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm, sizə Yeni ildə yeni uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.