Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” 2017-ci il 13 noyabr tarixli 1680 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı


23 dekabr 2019, 20:14
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2575; 2019, № 6, maddə 1012) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissədən “Talassemiya Mərkəzi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu,” sözləri çıxarılsın;
1.2. 3.6-cı bəndə “bu” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin.
2. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2019) ləğv edilsin.
3. Bu Fərmanın 2-ci hissəsi Milli Hematologiya və Transfuziologiya Mərkəzi dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2019-cu il.