İlham Əliyev Argentinanın elm, texnologiya və produktiv innovasiya nazirini qəbul etmişdir
02 noyabr 2011, 14:00
Prezident İlham Əliyev Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonu qəbul etmişdir.
Dövlət başçısı Azərbaycan ilə Argentina arasında fəal əməkdaşlığın yaradıldığını vurğuladı. Latın Amerikası ölkələrindən ilk dəfə Argentina Respublikasında Azərbaycan Respublikası səfirliyinin açıldığını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, regional əməkdaşlığın inkişaf etdirilməsi üçün ölkələrimiz bir-birlərinin imkanlarından istifadə etməlidir. Lino Baranaonun Argentina Respublikasından Azərbaycana səfər edən ilk nazir olduğunu vurğulayan dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Nazir Lino Baranao Azərbaycana ilk dəfə səfər etdiyini və ölkəmizdə böyük iqtisadi inkişafın şahidi olduğunu dedi.
Azərbaycanın strateji bir mövqedə yerləşdiyini vurğulayan nazir ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələri qurmağa böyük önəm verdiyini bildirdi.