Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 noyabr 2019, 20:55
Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin Qəbullar Evinə gəldi. Rusiya Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşıladı.
Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşü oldu.
Azərbaycanın Birinci vitse-prezidentini salamlayan Rusiya Hökumətinin sədri Dmitri MEDVEDEV dedi:
-Hörmətli Mehriban Arif qızı.
Hörmətli dostlar, həmkarlar.
Sizi ölkəmizdə - Rusiyada ürəkdən salamlayıram. Əlbəttə, Azərbaycana səfərimi xatırlayıram. Bu, sonuncu dəfə 2016-cı ilin aprelində olub. Hərçənd sonra bizim bir neçə dəfə görüşmək imkanımız olub. İlk növbədə, xahiş edirəm, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə salamlarımı çatdırasınız. Sizin ölkəmizə səfərinizin çox yaxşı proqramının olmasından məmnunluğumu ifadə etmək istəyirəm. O, mükəmməl və zəngindir. Buraya bizim Sizinlə danışıqlarımız, Rusiya Federasiyasının Prezidenti ilə sabah keçirəcəyiniz görüş, Rusiya regionlarının böyük bir hissəsinin iştirak edəcəyi genişmiqyaslı regionlararası forum daxildir. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı da çox əlamətdar hadisədir. Bütün bunlar ölkələrimiz arasında mehriban qonşuluğu, tərəfdaşlığı və dostluğu tam şəkildə əks etdirir. Sizin səfəriniz də bunun əyani təzahürüdür. Ona görə Sizi ürəkdən salamlayıram və istər iqtisadiyyatda, istərsə də başqa sahələrdə bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm problemlərini müzakirə etməyi təklif edirəm.
X X X
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏLİYEVA dedi:
-Hörmətli Dmitri Anatolyeviç.
Hörmətli həmkarlar.
Hər şeydən əvvəl Sizin ölkənizə rəsmi səfərə dəvətə görə Rusiya Federasiyasının rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən yenidən Moskvada olmağıma çox şadam. Moskva mənim üçün doğma şəhərdir. Mənim tələbəlik illərim burada keçib. Sizinlə görüşə çox şadam. Həmçinin fürsətdən istifadə edərək Sizə Azərbaycan Respublikasının Prezidentinin salamlarını və ən xoş arzularını çatdırmaq istərdim.
Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir. Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Fəal siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya prezidentləri mütəmadi olaraq görüşlər keçirirlər. Bu görüşlər demək olar ki, bütün sahələrdə münasibətlərin inkişafına güclü impuls və dinamizm verir.
Şübhəsiz ki, iqtisadi əməkdaşlıq bizim ikitərəfli gündəliyimizin ən mühüm komponentlərindən biridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Əgər biz göstəricilərə baxsaq, onlar böyük nikbinlik doğurur. Biz hər il artım qeyd edirik, əmtəə dövriyyəsi artır. Ötən il 19 faiz artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24 faizə çatıb. Yəni, bu göstəricilər olduqca nikbindir. Qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür.
Hörmətli Dmitri Anatolyeviç, Siz regionlararası əməkdaşlığı qeyd etdiniz. Həqiqətən, bu, bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin çox mühüm tərkib hissəsidir. Mənim səfərim çərçivəsində X regionlararası forum keçiriləcək. Turizm sahəsində yaxşı göstəricilər var. Rusiyadan bizim ölkəmizə səyahət edən turistlərin sayı artır. Ötən il 900 min rusiyalı Azərbaycanda olub. Cari ildə həmin göstəricinin artacağı gözlənilir.
Əlbəttə, mən humanitar əlaqələrimizdən danışmaq istəyirəm. Çünki hesab edirəm ki, ölkələrimiz arasında humanitar əlaqələr, xüsusən təhsil sahəsində nümunəvidir. Azərbaycanda rus dilinə və rus mədəniyyətinə böyük hörmətlə yanaşırlar. Bizim ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanılıb, 338 məktəbdə tədris rus dilində aparılır, 14 ali məktəbdə rus dilində bölmələr var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi pilot layihəsi uğurla həyata keçirilir. Əlbəttə, ali təhsil səviyyəsində qarşılıqlı fəaliyyət var. Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları Azərbaycanda uğurla fəaliyyət göstərir. Düşünürəm ki, bu sahədə də böyük potensial mövcuddur. Ümidvaram ki, gələcəkdə əməkdaşlığımız bütün sahələr üzrə genişlənəcək, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək.
Səmimi qəbula, qonaqpərvərliyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirmək və ən xoş arzularımı çatdırmaq istəyirəm. Sağ olun.