İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 noyabr 2019, 12:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşehin etimadnaməsini qəbul edib.
Səfir Sami Asem Ğoşeh fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Sami Asem ĞOŞEH etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək dedi:
- Cənab Prezident, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi etimadnaməmi və sələfimin geri çağırılma məktubunu təqdim etmək mənim üçün şərəfdir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Prezident İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz cənab səfir, sizi Azərbaycanda salamlayıram, sizə uğurlar arzulayıram. Əminəm ki, fəaliyyətiniz dövründə biz İordaniya-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafını görəcəyik.
Bildiyiniz kimi, əlaqələrimiz çox yüksək səviyyədədir və biz bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik. Mənim qardaşım Kral həzrətləri ilə çox möhkəm dostluq-qardaşlıq münasibətlərimiz vardır. Bildiyiniz kimi, dövlət başçılarının bir çox qarşılıqlı səfərləri təşkil edilmişdir. Beynəlxalq təşkilatların tədbirləri zamanı biz həmişə bir-birimizlə görüşürük. Eyni zamanda, beynəlxalq tədbirlər zamanı da həmişə görüşürük. Ötən ay Rusiyada “Valday” Diskussiya Klubunun iclasında birlikdə iştirak etmişik. Doğrudan da Kral həzrətləri ilə bizim çox yaxın əlaqələrimiz var və bu əlaqələr ikitərəfli münasibətlərimizin inkişafı üçün də mühüm rol oynayır. Beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik və bu qarşılıqlı dəstək və həmrəylik davam etdiriləcək.
Hesab edirəm ki, biz növbəti mərhələdə daha çox iqtisadi əməkdaşlığa fikir verməliyik. Hələ ki, qarşılıqlı ticarət dövriyyəmiz bizim istəklərimizi əks etdirmir. Ona görə ticarət dövriyyəsinin artırılması istiqamətində əlavə addımların atılması lazımdır. Hesab edirəm ki, hökumətlərarası komissiya da bu istiqamətdə önəmli addımlar atacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də çox diqqətlə baxmaq lazımdır. Son zamanlar turizm sahəsində yaxşı irəliləyiş var və əminəm ki, bu müsbət dinamika davam etdiriləcək. Ölkənizin çox məşhur, dünya səviyyəli tarixi abidələri, əlbəttə ki, bir çox ölkələrdən turistləri ölkənizə cəlb edir. Son illərdə Azərbaycana da xaricdən gələn turistlərin sayı kəskin artmışdır. Bu ilin on ayında 11 faiz artım var. Ancaq oktyabr ayında keçən ilin oktyabrı ilə müqayisədə 25 faiz artım olub.
Biz sözlə, əlaqələrimizin hərtərəfli inkişafı üçün çox gözəl şərait vardır. Əminəm ki, siz öz fəaliyyətinizlə bu işlərə yeni təkan verəcəksiniz. Bir daha xoş gəlmisiniz.
X X X
Səfir Sami Asem ĞOŞEH dedi:
-Cənab Prezident, gərgin iş qrafikinizə baxmayaraq, bizə vaxt ayırıb qəbul etdiyinizə, etimadnaməni təqdim etmək üçün şərait yaratdığınıza görə Sizə təşəkkürümüzü bildiririk. İcazə verin, İordaniya Haşimilər Kralı II Abdullahın salamlarını Sizə çatdırım. Azərbaycan Respublikasına və Azərbaycan xalqına davamlı inkişaf, rifah və şəxsən Sizə cansağlığı, uzun ömür arzulayıram.
Əlahəzrət Kralın təlimatına uyğun olaraq mən işlədiyim müddət ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı istiqamətində səylərimi əsirgəməyəcəyəm. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindəki həmkarlarımla birlikdə və digər qurumların köməyi ilə bu əlaqələrin daha da inkişaf etməsinə nail olacağıq. İki ölkə arasında iqtisadiyyat, investisiya və turizm sahələrində əlaqələrin inkişafı üçün azərbaycanlı həmkarlarımızla birgə iş görəcəyik. Cənab Prezident, Əlahəzrət Kral gələn ay Sizinlə görüşmək arzusundadır.
Cənab Prezident, icazə verin, mən Azərbaycanda gördüyüm bu möhtəşəm inkişaf, bütün sahələri əhatə edən tərəqqiyə valeh olduğum barədə hisslərimi Sizə bildirim. Qeyd etmək istəyirəm ki, cənab Prezident, mən, əlbəttə, Azərbaycanın necə gözəl, füsunkar ölkə olduğunu şəkillərdən, fotolardan bilirdim, amma buraya gəldiyim ilk gündən bunun bilavasitə şahidi oldum. Əlbəttə, əldə olunmuş bu misilsiz, əvəzolunmaz tərəqqinin adamda yaratdığı ilk təəssürat odur ki, həqiqətən Azərbaycan inkişaf etmiş dövlətlərin sırasındadır.
Prezident İlham Əliyev: Təşəkkür edirəm, xahiş edirəm mənim də səmimi salamlarımı Kral həzrətlərinə çatdırasınız.
Ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Əminəm ki, fəaliyyətiniz dövründə siz Azərbaycanın müxtəlif regionlarına səfər edəcəksiniz, ölkəmizlə, xalqımızla yaxından tanış olacaqsınız. Eyni zamanda, onu görəcəksiniz ki, İordaniyaya, onun xalqına Azərbaycan cəmiyyətində çox böyük rəğbət var.