İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur
01 noyabr 2011, 13:10
Prezident İlham Əliyev Dənizkənarı Milli Parkda “Kiçik Venesiya şəhərciyi” adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma və bərpa işlərinin gedişi ilə tanış olmuşdur.
Şəhərciyin yenidənqurmadan sonrakı görüntülərini əks etdirən stendlərlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə bu ilin iyununda başlanmışdır. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunacaqdır. Altı körpü və bir tunelin də inşa olunacağı şəhərciyin ərazisində müasir işıqlandırma sistemi quraşdırılacaq, yaşıllıq zolağı salınacaqdır.
Prezident İlham Əliyevə parkın ərazisində inşa edilən “Şərq” və “İtaliya” restoranlarının binalarında tikinti işlərinin gedişi barədə də məlumat verildi.
Dövlət başçısı sonra Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə maraqlandı.
Azərbaycan Prezidenti daha sonra Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi istiqamətində aparılan tikinti işlərinin gedişi ilə tanış oldu.
Dövlət başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün burada ən müasir əyləncə və yeni xidmət növlərinin yaradılması ilə bağlı tapşırıqlarını verdi.