İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı görülən işlərlə tanış olmuşdur
30 oktyabr 2011, 19:50
Prezident İlham Əliyev Ağsu rayonundan qayıdarkən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı görülən işlərlə tanış olmuşdur.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, hazırda ölkəmizdə icra olunan çoxsaylı yol-nəqliyyat infrastrukturu layihələrindən biri dövlətimizin başçısının tapşırığı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulmasıdır. Ölkəmizin mühüm regionlarını birləşdirməsi baxımından əhəmiyyət daşıyan bu yol uzun müddət əsaslı təmir edilmədən istismarda olmuşdur. Buna görə də Prezident İlham Əliyevin tapşırığı ilə 2010-cu ilin martından yolun əsaslı şəkildə yenidən qurulmasına başlanmışdır.
Prezident İlham Əliyev burada görülən işləri əks etdirən stendlərə baxdı.
Bildirildi ki, layihə dəyəri 404 milyon dollar olan yolu fərqləndirən cəhət bəzi yerlərdə çətin dağlıq ərazidən və sürüşmə zonalarından keçməsidir. Xüsusilə mürəkkəb relyefə malik Ağsu aşırımında tez-tez baş verən sürüşmələrin magistrala ziyan vurmasının qarşısını almaq və nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün ərazidə daha geniş bərkitmə və torpaq işləri aparılır. İcra müddəti iki il olan layihəyə əsasən, bütövlükdə yolun əsaslı şəkildə yenidən qurulması zamanı iki milyon 587 min kubmetr torpaq işləri görüləcək, 293 suötürücü boru quraşdırılacaq, magistral üzərindəki altı körpü sökülərək yenidən tikiləcəkdir. Yola üç lay olmaqla 357 min ton asfalt döşənəcəkdir.
Prezident İlham Əliyev yolun vaxtında və yüksək səviyyədə yenidən qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.