Qafar Cəbiyevdən, Ağsu, Azərbaycan


29 oktyabr 2019, 15:25
Möhtərəm cənab Prezident.
Sizin yeni qoruqların yaradılması ilə bağlı 22 oktyabr 2019-cu il tarixli Sərəncamınız Azərbaycan ziyalısı olaraq şüurlu ömrünü bütünlüklə tarixi-mədəni irsimizin tədqiqi və təbliği işinə həsr etmiş bir alim kimi məni qəlbən sevindirdi. Bu, Azərbaycan dövlətinin, cənab Prezident şəxsən Sizin tarixi-mədəni irsimizə olan hərtərəfli diqqət və qayğınızın bir bariz nümunəsidir. Bu Sərəncamın mənin üçün xüsusi ilə təsirləndirici olan məqamlarından birisi də ondan ibarətdir ki, yeni yaradılan tarix və mədəniyyət qoruqları içərisində tədqiqatçısı olduğum orta əsr Ağsu şəhəri də vardır. Məlumat üçün bildirim ki, Akademiyanın Ağsu arxeoloji ekspedisiyasının rəhbəri olaraq, orta əsr Ağsu şəhər yerində uzun illərdir ki, tədqiqat aparıram. Hansı ki, həmin tədqiqatlar nəticəsində muzeylərimizi və elmi fondlarımızı zənginləşdirən çoxsaylı, həm də olduqca dəyərli tapıntılar əldə olunub. Elə tapıntılar ki, onlar Azərbaycan tarixinin bir sıra çox mühüm məsələlərinin yenidən, həm də daha dərindən və hərtərəfli işlənməsinə şərait yaradır. Məlumat üçün onu da bildirim ki, orta əsr Ağsu şəhər yerində arxeoloji cəhətdən öyrənilən bütün sahələr tam müasir beynəlxalq təcrübə əsasında konservasiya olunaraq cəlbedici turistik məkana çevrilmişdir. Əlbəttə belə bir abidənin qoruq elan olunmasına ancaq sevinmək olar.
Fürsətdən istifadə edərək, bu qayğıya, bu diqqətə görə, cənab Prezident, Sizə Ağsu arxeoloji ekspedisiyasının bütün heyəti adından dərin ehtiramımı və minnətdarlığımı çatdırmağı özümə borc bilirəm.
Dərin ehtiramla,
Cəbiyev Qafar
Ağsu arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru.
Azərbaycan Respublikası, Ağsu şəhəri.