İlham Əliyev Ağdaşda Biyan Sənaye Parkının açılışında iştirak edib
28 oktyabr 2019, 14:30
Oktyabrın 28-də Ağdaşda “Biyan Products” MMC-yə məxsus Biyan Sənaye Parkının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə biyan tədarükü və emal zavodunu işə saldı.
Biyan Sənaye Parkının direktoru Ramin Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, bu park Azərbaycan brendi ilə istehsal olunan məhsullara yeni nümunələr əlavə edəcək. Müəssisənin yaradılmasında məqsəd müasir texnologiyalardan istifadə edərək, emal olunmuş biyan kökü və biyandan hazırlanan 100 faiz bitki mənşəli, bioloji fəallığa malik qida əlavələrini dünya bazarına çıxarmaqdır. Ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə biyan tədarükü və emalı zavodu, bitki ekstraktı və sirop zavodu və digər yardımçı binalar daxildir.
Məlumat verildi ki, müəssisə saatda 2300 kiloqram biyan kökü emal etmək gücündədir. Zavodda Türkiyənin “Bigtem” şirkətinin istehsalı olan müasir avadanlıq quraşdırılıb. Biyan kökü həm mexaniki üsulla, həm də əllə seçilir, təmizlənir, yuyulur, müxtəlif formada və ölçüdə doğranır, qurudulur və qablaşdırılır.
Biyan Sənaye Parkının nəzdində fəaliyyət göstərən bitki ekstraktı və sirop zavodunda bioloji fəallığa malik qida əlavələri istehsal olunur. İstehsal edilən məhsullar elmi patentlər əsasında hazırlanır. Bu patentlərdən biri 2019-cu ildə Koreya Respublikasında keçirilən Beynəlxalq İxtiraçı Qadınlar Forumunda xüsusi mükafat və qızıl medal qazanıb. İstehsal olunan müalicəvi şərbətlər öskürək, iltihab, qrip və zökəm əleyhinə, bəlğəmgətirici, immuniteti, hemoqlabini artıran, sinir sistemini sakitləşdirən təsirlərə malikdir. Məhsulların başlıca üstünlükləri 100 faiz bitki mənşəli olması, xammalın ekoloji təmizliyi, tərkibində kimyəvi maddənin - konservant, dadverici və rəngvericilərin olmamasıdır. Xəttin illik istehsal gücü 350 min ədəddir. Bütün istehsal prosesi boyu məhsul nümunələri müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada yoxlanılır. İstər doğranmış biyan kökünə, istərsə də biyan tərkibli bitki mənşəli şərbətlərə həm daxili, həm də xarici bazarda böyük tələbat var. Məhsulun ilk nümunələri İrana göndərilib. Gələcəkdə məhsulların ABŞ, Koreya, Hindistan, Misir və Avropa ölkələrinə ixracı da nəzərdə tutulur. Biyan Sənaye Parkında ildə 7500 ton biyan kökünün və 100 min ədəd biyan şərbətinin “Made in Azerbaijan” brendi ilə ixracı planlaşdırılır.
“Biyan Products” MMC-nin elmi məsləhətçisi, Azərbaycan Tibb Universitetinin professoru Məhbubə Vəliyeva dedi:
-Möhtərəm Prezidentimiz, biz fəxr edirik ki, bu ideyanı siz verdiniz. Buna görə zavodun kollektivi adından Sizə təşəkkür edirik. “Çox sağ olun” deyir, Sizi və xalqımızı təbrik edirik. Burada sözümü deməliyəm. Çünki Prezident Heydər Əliyevin qarşısında da çıxış etmişəm. Mən ulu öndərimiz, təkrarsız və bənzərsiz şəxsiyyət və çox sevdiyim Heydər Əliyevin bu sözlərini xatırlatmaq istəyirəm: “Mən İlham Əliyevə özüm qədər inanıram”. Möhtərəm Prezidentimiz, xalqımız Sizə çox inanır, Sizi çox sevir. Biz bilirik ki, görülən bütün işlər, qazanılan nailiyyətlər Sizin adınızla bağlıdır. Mən Sizə cansağlığı, uzun ömür arzulayıram. Siz Azərbaycanda o qədər qlobal işlər görmüsünüz ki, bunu görməmək üçün gərək kor olasan. Biz Sizinlə fəxr edirik və sevinirik ki, Siz qiymətli vaxtınızı ayırıb bizimlə görüşə gəlmisiniz. Bütün kollektiv adından Sizə təşəkkürümüzü bildiririk. Yenə də Sizə deyirik ki, canınız sağ, ömrünüz uzun olsun.
Prezident İlham Əliyev dedi:
-Çox sağ olun, xoş sözlərə görə sizə təşəkkür edirəm, kollektivə də uğurlar arzulayıram. Şadam ki, mənim vaxtilə irəli sürdüyüm təşəbbüs belə gözəl nəticələrə gətirib çıxardı və doğrudan da dünya səviyyəli sənaye müəssisəsi yaradıldı. Burada bütün proses bir-birini tamamlayır - əkin sahələri, ondan sonra biyan kökünün yığılması, çeşidlənməsi, qurudulması, siropa, ekstrakta çevrilməsi və satışı. Yəni, bütün zəncir burada təmin olunur, ixracyönümlü məhsuldur. Mən baxdım ki, bir neçə mötəbər mükafata da layiq görülüb və bu, onu göstərir ki, keyfiyyəti də yüksəkdir. Əgər yüksək olmasaydı, əlbəttə ki, bunu ixrac etmək də mümkün olmazdı. Demək olar ki, ölkəmizdə yeni bir sənaye sahəsi yaradılmışdır. Bizim ümumi inkişafımızı təmin edəcək, iş yerlərinin yaradılmasına xidmət göstərəcək. Təsadüfi deyil ki, bu ilin 9 ayının yekunlarına görə bizim qeyri-neft sənayemiz 15 faiz artıb, məhz belə müəssisələrin hesabına. Belə müəssisələrin yaradılması neft-qazdan asılılığı azaldır, iş yerləri, ixracyönümlü məhsul yaradır, ölkəmizə valyuta daxil olur. Yəni, görün, bunun nə qədər böyük əhəmiyyəti və faydası var.
Əlbəttə, görürəm ki, siz bu işin çox böyük mütəxəssisisiniz, bu işlə çox böyük həvəslə, inamla məşğul olursunuz. Sizə bir daha uğurlar arzulayıram. Arzu edirəm ki, fəaliyyət sahəsini genişləndirəsiniz. Yeni yaradılan və gözəl nəticə verən müəssisələrə mənim yeganə tövsiyəm odur ki, maksimum genişləndirin, çünki bazar da var, tələbat da var. Bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.
X X X
Sonda xatirə şəkli çəkdirildi.