İlham Əliyev BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bandeni qəbul edib
26 oktyabr 2019, 21:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bandeni qəbul edib.
BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil olunduğunu, bu tədbirin dünyada sülhün qorunması, əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyini bildirdi. Qonaq Bakıya səfəri çərçivəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda, Sumqayıt Texnologiyalar Parkında, “ASAN xidmət”də olduğunu, bu xidmətin fəaliyyətinin yüksək səviyyədə təşkil edildiyini vurğuladı.
Prezident İlham Əliyev Ticani Məhəmməd-Bandenin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki iştirakının önəmini qeyd etdi, onun dünənki çıxışında dəyərli fikirlər səsləndirdiyini bildirdi. Dövlətimizin başçısı bu səfərin BMT ilə Azərbaycan arasında gələcək əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün də yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev qonağın “ASAN xidmət”də olmasını qeyd edərək, “ASAN xidmət”in Azərbaycanın təşəbbüsü ilə yaradıldığını, onun BMT-nin mükafatına layiq görüldüyünü bildirdi. Dövlətimizin başçısı bu xidmətin təcrübəsindən artıq xarici ölkələrdə də istifadə olunduğunu, Əfqanıstanda “ASAN xidmət”in fəaliyyətə başladığını dedi, bununla Azərbaycanın artıq öz intellektual məhsulunu ixrac etdiyini vurğuladı. Prezident İlham Əliyev əhaliyə sosial dəstək məqsədilə “DOST” xidmətinin də yaradıldığını, yaxın gələcəkdə 30-dan çox mərkəzin açılacağını bildirdi. Ticani Məhəmməd-Bandenin Sumqayıta səfərinə toxunan dövlətimizin başçısı Sumqayıt Texnologiyalar Parkında həyata keçirilən işlərdən danışdı, orada böyükhəcmli ekoloji tədbirlərin görüldüyü qeyd etdi.
Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərdən danışdı, texnologiyalar sahəsinin inkişafına Azərbaycanda böyük önəm verildiyini dedi, ölkəmizdə kosmik sənayenin yaradıldığını bildirdi. Dövlətimizin başçısı Amerikada Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhərinin 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazandığını qeyd etdi, bu mötəbər beynəlxalq tədbirin bir neçə şəhər arasında məhz Bakıda keçirilməsi ilə bağlı qərarın ölkəmizin bu sahədə gördüyü işlərə beynəlxalq aləmdə verilən qiymətin təzahürü olduğunu bildirdi.
Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafına da böyük əhəmiyyət verildiyini, ölkəmizə gələn çoxlu sayda turistlərə qısa zamanda asanlıqla elektron viza almaq üçün hər cür şəraitin yaradıldığını qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycanda multikulturalizmin dövlət səviyyəsində dəstəkləndiyini, ölkəmizdə müxtəlif xalqların və dinlərin birgə yaşaması üçün hər cür şəraitin yaradıldığını, beynəlxalq ictimaiyyətin ölkəmizdə bu sahədə aparılan işləri yüksək qiymətləndirdiyini dedi, tarixi-dini abidələrin dövlət səviyyəsində qorunması istiqamətində tədbirlərin görüldüyünü bildirdi.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.