İlham Əliyev akademik Akif Əlizadəni qəbul edib və ona 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib
24 oktyabr 2019, 12:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də akademik Akif Əlizadəni qəbul edib və ona 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib.
Akif Əlizadəni salamlayan Prezident İlham Əliyev dedi:
-Hörmətli Akif müəllim, dünən siz öz ərizənizlə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən getmisiniz. Mən bu gün sizi dəvət etdim ki, apardığınız işlərə görə sizə təşəkkürümü bildirəm.
Akif Əlizadə: Xoş gördük, cənab Prezident. Sağ olun.
Prezident İlham Əliyev: Siz uzun illərdir ki, Azərbaycan elminin inkişafında çox önəmli rol oynayırsınız, həm sovet dönəmində, həm müstəqillik dövründə. Siz böyük alimsiniz, böyük təşkilatçısınız. Azərbaycanda elmi kadrların hazırlanmasında da çox böyük işlər görmüsünüz. Sizin gördüyünüz işlər Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. Siz həm sovet dönəmində, həm də müstəqillik dövründə müxtəlif təltiflərə layiq görülmüsünüz.
Akif Əlizadə: Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bu gün də Siz Azərbaycan elminin inkişafı üçün öz dəyərli töhfənizi verirsiniz. Biz Azərbaycan elminin inkişafı ilə bağlı sizinlə bir çox söhbətlər etmişik və mənim Azərbaycan elminin inkişafına münasibətimi bilirsiniz. Elmin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər çox böyük işlər görülüb - institutların təmiri, müasir avadanlığın alınması. Hesab edirəm ki, bizim elmimizə ən gözəl hədiyyə müasir elmi kitabxanadır. Onun təməlini də mən qoymuşam, açılışında da iştirak etmişəm. Azərbaycan Milli Ensiklopediyasının hazırlanması işi də, bilirsiniz ki, mənim təşəbbüsümlə baş verir və ensiklopediya üçün çox gözəl müasir binanı da biz təqdim etdik.
Siz mənim tərəfimdən böyük dövlət mükafatları ilə, ordenlərlə təltif edilmisiniz və buna layiqsiniz. “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunmusunuz. Bu gün isə mən gördüyünüz işlərə görə sizi Azərbaycanın yüksək ordeni olan 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edirəm.
Akif Əlizadə: Cənab Prezident, Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev 1-ci dərəcəli “Əmək” ordenini Akif Əlizadəyə təqdim etdi.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Akif Əlizadə: Sağ olun. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Akif Əlizadə: Cənab Prezident, əlbəttə, hər şeydən əvvəl mən Sizə böyük etimada görə təşəkkür edirəm. Bilirsiniz, 60 ildən artıqdır ki, mən akademiyada çalışıram. Ulu Öndər ötən əsrin yetmişinci illərində məni yanına dəvət etdi, söhbət etdik. Orada xeyli söhbətimiz oldu.
Siz Azərbaycan üçün çox böyük işlər görmüsünüz, cənab Prezident. Mən çalışdım var qüvvəmlə, varlığımla dövlətimizə, elmimizə, Sizə xidmət edim, edirəm də, edəcəyəm də son nəfəsimə qədər.
Akademiyada, əlbəttə, Sizin dəstəyinizlə dirçəliş var. Siz böyük dəstək verdiniz, cənab Prezident. 2005-2006-cı illərdən sonra böyük, dinamik hərəkət başlandı, onun zirvəsi də o yeni kitabxana oldu. Ondan MDB-də yoxdur. O binalar Akademiyaya böyük hədiyyə idi.
Prezident İlham Əliyev: O vaxt Akademiyanın bəzi binaları başqa qurumlar tərəfindən zəbt edilmişdi. Mən onlardan alıb sizə qaytardım.
Akif Əlizadə: Bəli, qaytardınız. Onlar Akademiyanın bəzi institutlarını da zəbt edirdilər, özəlləşdirirdilər.
Prezident İlham Əliyev: Zəbt edirdilər, özəlləşdirirdilər, onları sökmək istəyirdilər. Çünki yerlər şəhərin mərkəzində idi. Orada binalar tikmək istəyirdilər.
Akif Əlizadə: Bəli, tamamilə düzdür. Mən Sizə müraciət etdim, Siz onların hamısını dərhal Akademiyaya qaytardınız. Sizə o böyük texnopark məsələsinə görə də təşəkkür edirəm. O, Akademiyanın gələcəyidir. İndi bizim orada hərbi təyinatlı işlərimiz var. Müdafiə Nazirliyi ilə bizim müqaviləmiz var. Sonra Sərhəd Qoşunları, Kənd Təsərrüfatı Nazirliyi ilə bizim çox gözəl işlərimiz var.
Prezident İlham Əliyev: Əlbəttə, bizim elmimiz gərək ümumi inkişafımıza təkan versin. Fundamental elmin inkişafı, əlbəttə, prioritetdir. Humanitar elmlərin inkişafı çox böyük əhəmiyyət kəsb edir, xüsusilə tarix elmləri. Çünki bizim bədnam qonşularımız tarixi saxtalaşdırmaqla məşğuldurlar.
Akif Əlizadə: Elədir.
Prezident İlham Əliyev: Əlbəttə, tətbiqi elmlərin inkişafına da böyük təkan verilməlidir. Kənd təsərrüfatında yeni texnologiyalar məhsuldarlığı bir neçə dəfə artırır. Biz gərək onları təhlil edək. Eyni zamanda, baxmalıyıq ki, bu texnologiyaların zərərli tərəfləri ola bilər. Yəni, biz özümüzü qorumalıyıq. Ona görə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb ki, Azərbaycan vətəndaşlarına təqdim edilən ərzaq məhsulları bütün yüksək keyfiyyətlərə malik olsun. Eyni zamanda, Sizin də uzun illər məşğul olduğunuz geologiya elmində nə qədər böyük irəliləyiş var. Baxın, biz indi hansı dərinlikdə quyular qazırıq? Biz nefti və qazı hansı dərinlikdən çıxarırıq? Siz yaxşı bilirsiniz ki, sovet vaxtında suyun təqribən 150 metr dərinliyindən aşağı gedə bilmirdik.
Akif Əlizadə: Bəli, 200 metrdən.
Prezident İlham Əliyev: Bu, əslində bizə imkan verdi ki, bu yataqları müstəqillik dövrü üçün saxlayaq. Əgər o vaxt o texnologiya olsaydı, “Azəri-Çıraq”dan, “Günəşli”dən bütün neft çıxarılacaqdı, “Şahdəniz”dən qaz çıxarılacaqdı. İndi orada dərinlik 400 metrdir. İndi başqa yeni kəşfiyyat layihələrində 700 metrə çatır. Biz Heydər Əliyev qazma qurğusunu tikdik, o, suyun dərinliyi min metr olan sahələrdə quyular qaza bilir. Ondan sonra layların dərinliyi 7 min metrə qədər gedir. Sovet vaxtında bu, yox idi. Mən həmişə deyirəm ki, o vaxt bu cür texnologiyanın olmaması bizi xilas etdi. Olsaydı, bütün ehtiyatları çıxaracaqdılar. Necə ki, quruda neftimizin hamısını çıxarıb apardılar. Azərbaycandan bir milyard tondan çox neft çıxarıldı. Sovet İttifaqı dağılanda biz nə gördük, dağılmış infrastruktur, neftlə çirklənmiş gölməçələr, Bibiheybət, Balaxanı, ekoloji fəlakət qoyub getdilər. İndi biz bunları təmizləyirik, nə qədər əziyyət çəkilir, nə qədər vəsait ayırırıq.
Akif Əlizadə: Çox böyük.
Prezident İlham Əliyev: Xoşbəxtlikdən o vaxt bu texnologiyalar yox idi. Bu gün var. Onu da deməliyəm ki, bu gün bizim geoloqlarımız qədər Azərbaycanın təbii sərvətlərini, yerin təkində mövcud olan ehtiyatları, dəniz altındakı yataqları bilən yoxdur.
Akif Əlizadə: Bəli, yoxdur.
Prezident İlham Əliyev: Mən sizə öz təcrübəmdən deyim, bilirsiniz ki, imzalanmış kontraktların bir hissəsinə xitam verildi. Çünki orada ehtiyatlar tapılmadı. Elə yataqlar var idi ki, xarici şirkət oraya gəlib quyu qazıb, boşa çıxdığına görə tərk edib gedirdi. Bizim geoloqlarımız deyirdilər ki, səhv yerdə qazırsınız, burada qazın. Ondan sonra digər şirkət gəlib bizim geoloqlarımızın dediyi yerdə quyu qazıb və yataq aşkar edib. “Abşeron” yatağı bunun əyani sübutudur. Biz “Abşeron” yatağı üzrə kontraktı imzalayanda tam əmin idik ki, orada böyük qaz yataqları var. Xarici bir şirkət gəldi, səhv yerdə qazdı, çıxdı getdi. Sonra başqa bir şirkət bu layihəni götürdü və iki ildən sonra biz “Abşeron”dan qaz, kondensat çıxaracağıq.
Akif Əlizadə: İnşallah.
Prezident İlham Əliyev: Ona görə elmin inkişafı istiqamətində görülmüş işlər nəticə verir. Kənd təsərrüfatının inkişafının, ekoloji tarazlığın qorunmasının çox böyük əhəmiyyəti var. Eyni zamanda, hesab edirəm ki, alimlərin məişət şəraitini yaxşılaşdırmaq üçün biz sizinlə böyük işlər görmüşük.
Akif Əlizadə: Biz orada işlərə başladıq. Masazırda artıq bir blok qalxıbdır, cənab Prezident.
Prezident İlham Əliyev: Bəli, alimlər səbirsizliklə bunu gözləyirlər.
Akif Əlizadə: Bəli, gözləyirlər. Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bunları bundan sonra da edəcəyik. Alimlərin maaşlarının artırılması üçün müvafiq göstərişlər verilibdir. Biz imkan daxilində bütün bu işləri görəcəyik.
Akif Əlizadə: Bütün alimlər adından Sizə təşəkkür edirəm. Hamısı razılıq bildirir, hamısı çalışır. Siz yaxşı bilirsiniz ki, indi əsas istiqamət, əlbəttə, innovativ elmdir, onun tətbiqidir. Tapşırıqlar verilibdir, əminəm ki, biz bu istiqamətdə bundan sonra da inkişaf edəcəyik. Bütün bunlara görə Sizə böyük təşəkkürümüz var.