İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 oktyabr 2019, 17:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edib.
Prezident İlham ƏLİYEV dedi:
- Siz uzun illər İqtisadiyyat naziri vəzifəsində işləyirsiniz. Bütövlükdə sizin işinizdən mən razıyam. Ona görə qərara gəldim ki, sizi Baş Nazirin müavini vəzifəsinə təyin edim. Bu, çox böyük vəzifədir, böyük etimaddır. Ümid edirəm ki, siz bu etimadı doğruldacaqsınız və yeni vəzifədə ölkəmizin iqtisadi inkişafının dayanıqlı olmasına öz töhfənizi verəcəksiniz.
Azərbaycan iqtisadiyyatı son 15 il ərzində üç dəfədən çox artıb. Ancaq biz onu da bilməliyik ki, bu artım daha çox neftin hasilatının artırılması hesabına mümkün olubdur. Əlbəttə, biz neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində çox böyük uğurlar əldə etdik və Azərbaycan iqtisadiyyatımızın şaxələndirilməsi işində dünya miqyasında təbii resurslarla zəngin olan ölkələr sırasında qabaqcıl yerlərdədir. Təsadüfi deyil ki, biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı kimi ən aparıcı beynəlxalq maliyyə qurumu qiymətləndirir və biznes mühitinin səviyyəsinə görə biz dünyada 25-ci yerdəyik, 20 ən islahatçı ölkə arasındayıq. Eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumu illik hesabatında Azərbaycanı bir çox meyarlar üzrə qabaqcıl yerlərə layiq görübdür. Bütün bunlar aparılan islahatların nəticəsidir.
Ancaq hesab edirəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. İqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır. Xüsusilə, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində hələ ki bir çox işlər görülməlidir. Düzdür, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə qoyulubdur. Bunun yarısı xarici sərmayədir. Ancaq bu sərmayənin də böyük əksəriyyəti neft-qaz sektoruna qoyulan sərmayədir. Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda, yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar.
Biz onu da bilirik ki, hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Biz bunu edirik, etməliyik, infrastruktur layihələrinə, xidmət sektoruna, digər sahələrə. Ancaq ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir. Bu vəzifəni mən doqquz ayın sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə səsləndirdim. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır. Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıbdır. Bu, həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən infrastruktura və sosial infrastruktura böyük yükdür. Yeni məktəblər, yeni uşaq bağçaları tikilməlidir, yeni yollar çəkilməlidir. Yolların çəkilişi üçün vaxtilə qanunsuz tikilən binalarda yaşayan vətəndaşlar köçürülməlidir. Onlara dövlət tərəfindən kompensasiya verilir. Kompensasiya onları qane etməlidir. Yəni, biz bir çox xərclərlə üzləşirik.
Cənubi Qafqazda bizdən başqa digər ölkələrdə demoqrafik artım yoxdur. Ona görə o ölkələrdə bizim üzləşdiyimiz problemlər də mövcud deyil. Mən dəfələrlə demişəm ki, bizim iqtisadi artımımız demoqrafik artımı üstələməlidir. Buna nail olmaq üçün biz yeni artım mənbələri aşkar etməliyik. Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir. Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni, göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda, biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq.
Ona görə iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin etmək, məşğulluğu artırmaq lazımdır.
Hər il on minlərlə yeni iş yeri yaradılır. Məhz buna görə işsizlik Azərbaycanda aşağı səviyyədədir. Ancaq buna baxmayaraq, işsizlik arta bilər. Nəyə görə? Əhali artır və əgər iqtisadi inkişaf artan əhalinin templəri ilə uzlaşmasa, əlbəttə ki, gələcəkdə bizi bir çox problemlər gözləyə bilər. Biz isə öz siyasətimizi strateji hədəflər əsasında qururuq. Bizim siyasətimiz uzunmüddətlidir və siyasətimizin əsas qayəsi odur ki, dayanıqlı inkişaf təmin edilsin.
Bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Qeyri-neft sektorumuz da artır, 9 ayda 3,5 faiz artıb, kənd təsərrüfatı 7 faizdən çox artıb, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq biz bilirik ki, ehtiyatlar kifayət qədər böyükdür. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, bilirik, bizdə qeyri-neft ixracı hələ ki, çox aşağı səviyyədədir. Mütləq rəqəmlər artır, amma faiz nisbəti artmır. Bunun, əlbəttə, səbəbi ondan ibarətdir ki, son illər aparılan uğurlu enerji siyasəti nəticəsində biz daha böyük həcmdə təbii qazı hasil edirik və beləliklə, enerji resurslarının ümumi daxili məhsuldakı payı artır və artacaq, yeni kontraktlar üzrə kəşfiyyat və qazma işləri aparılır. Buna uyğun olaraq qeyri-neft sektoru da, qeyri-neft ixracı da artmalıdır. Hələ ki, ixracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir. Hesab edirəm ki, Baş Nazirin müavini kimi siz bu işlərə ciddi fikir verəcəksiniz, müvafiq qurumlar arasındakı koordinasiyanı təmin edəcəksiniz.
Siz İqtisadiyyat naziri kimi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının hazırlanması və icrası ilə bağlı işlərdə fəal iştirak etmisiniz və bu Proqramın tərtibatında önəmli rol oynamısınız. Hesab edirəm ki, bu sahə daim diqqətinizdə olmalıdır. Eyni zamanda, siz bir sıra ikitərəfli hökumətlərarası komissiyaların Azərbaycan tərəfdən həmsədrisiniz. Bu sahədəki fəaliyyətinizi davam etdirməlisiniz. Mənim göstərişimlə bir çox ölkələrə ezam olunaraq orada Azərbaycanın ixracını təşviq etmək üçün müxtəlif tədbirlər təşkil etmisiniz. Biznes qurumlarına Azərbaycanda istehsal olunan ixracyönümlü malları xarici bazarlara çıxarmaq və satışını təşkil etmək üçün böyük kömək və səylər göstərilir. Bu sahəyə də daim diqqət olmalıdır. Dövlət investisiyalarının məqsədyönlü olması haqqında mən öz sözlərimi dedim. İnvestisiyalar qeyri-neft sektorunun artımına xidmət etməlidir. Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır.
Mən ümid edirəm ki, siz etimadımı doğruldacaqsınız. Yəni, sizin iş təcrübəniz bunu deməyə əsas verir. Siz Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini çox yaxşı bilirsiniz. Sizdən fəal iş və ciddi nəticə gözləyirəm.
Şahin Mustafayev: Möhtərəm cənab Prezident, ilk növbədə, mənim fəaliyyətimə yüksək qiymət verdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Dövlət başçısı tərəfindən bir məmur kimi fəaliyyətimə verilən bu cür yüksək qiymət mənim üçün ən böyük şərəfdir. Sizin haqqımda söylədikləriniz şəxsən mənim üçün ən böyük şərəfdir. Eyni zamanda, möhtərəm cənab Prezident, istəyirəm Sizə minnətdarlığımı bildirim ki, məni bu yüksək etimada layiq görmüsünüz. Mən Sizi əmin edirəm, əlimdən gələni edəcəyəm ki, bu yüksək etimadınızı doğruldum.
Doğrudan da Azərbaycan möhtəşəm inkişaf yolu keçmişdir. Bunu hər kəs, hər bir Azərbaycan vətəndaşı bilir, gündəlik həyatında görübdür. Müqayisəsiz bir mənzərə mövcuddur - 2003-cü il və 2019-cu il tamamilə başqa mənzərədir. Siz qeyd etdiyiniz kimi, ölkə iqtisadiyyatı 3,3 dəfə artmışdır. Siz qeyd etdiyiniz kimi, ölkənin əsas maliyyə mənbəyi neft sektoru olduğu üçün bu sektor daha da yüksək templərlə inkişaf etmişdir. Qeyri-neft sektoru aşağı templərlə - 2,8 dəfə artmışdır.
Siz dövlət başçısı kimi fəaliyyətə başladığınız ilk dövrdən məhz iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını bir vəzifə kimi hökumətin qarşısına qoymuşdunuz. Ölkənin potensialını dəfələrlə artırmaqla yanaşı, bu sahədə də genişmiqyaslı işlər görülmüşdür. Siz burada regionların sosial-iqtisadi inkişafı Dövlət proqramını xatırlatdınız. Bu proqram Sizin sosial-iqtisadi sahədə ilk proqramlarınızdan biri olmuşdur. Qeyd etməliyəm ki, proqramın icrası nəticəsində ölkənin regionlarının siması, sözün əsl mənasında, dəyişmişdir, insanların həyat səviyyəsi dəfələrlə artmışdır. Azərbaycanda yoxsulluğun səviyyəsi 10 dəfəyə yaxın aşağı düşmüşdür və bu gün təqribən 5 faiz təşkil edir. İşsizlik də eyni qaydada. İşsizliyin səviyyəsi aşağı düşmüşdür. Digər göstəricilər, ölkədə həyata keçirilən infrastruktur layihələri, yollar - 15 min kilometrə yaxın yollar tikilmişdir. Ölkə, sözün əsl mənasında, nəqliyyat qovşağına çevrilmişdir. Nəqliyyat sahəsində görülən işlər - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolunda aparılan yenidənqurma və təmir işləri, Bakı-Tbilisi-Qars dəmir yolu. Bu nəhəng layihələr ölkənin tranzit imkanlarını genişləndirmişdir. Mən bu ilin doqquz ayının yekunları üzrə göstəricilərin birini xatırlatmaq istəyirəm ki, qeyri-neft tranzit daşımaların həcmi 43 faiz artmışdır. Sahibkarlıq ciddi inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanda orta sinif, möhkəm sahibkarlıq sinfi formalaşmışdır.
Cənab Prezident, Siz oktyabrın 15-də keçirdiyiniz iqtisadi müşavirədə bizim qarşımızda çox aydın vəzifələr qoydunuz. Mən əminəm ki, verdiyiniz tapşırıqların icrası istiqamətində Sizin rəhbərliyinizlə görüləcək işlərin mütləq daha gözəl nəticələri olacaqdır. Sizi əmin etmək istəyirəm ki, bu nəticələrə çatmaq üçün mənə həvalə etdiyiniz sahədə əlimdən gələni əsirgəməyəcəyəm.
Cənab Prezident, Sizə bir daha minnətdarlığımı bildirirəm, çox sağ olun.
Prezident İlham Əliyev: Sizə uğurlar arzulayıram və Sizdən yaxşı nəticələr gözləyirəm.
Şahin Mustafayev: Çox sağ olun.