Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında ƏSASNAMƏ
16 oktyabr 2019, 16:36
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 16 oktyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi (bundan sonra – Agentlik) “Dövlət borcu haqqında” və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin müvafiq aktlarına uyğun olaraq, dövlət borcalmalarının həyata keçirilməsini təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə olunmasını, dövlət borcunun təkrar maliyyələşdirilməsini həyata keçirən, vahid xəzinə hesabının sərbəst qalığını və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitini idarəetməyə verən və ya idarə edən, dövlət borcunun, dövlət zəmanətlərinin və xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparan, habelə dövlət qiymətli kağızlarının emissiyasını həyata keçirən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və Nazirliyin hüquqi aktlarını rəhbər tutur.
1.3. Agentlik bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, hüquqi və fiziki şəxslərlə əlaqəli fəaliyyət göstərir.
1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı əks olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.0. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. dövlət borcalmalarının həyata keçirilməsi və dövlət zəmanətinin verilməsi ilə bağlı tədbirlər həyata keçirir, dövlət borcalmalarının strategiyasının hazırlanmasında iştirak edir;
2.0.2. Azərbaycan Respublikası adından kreditlərin verilməsi ilə bağlı tədbirlər həyata keçirir, dövlət borcu və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərir, habelə onların vaxtında qaytarılmasını təmin edir;
2.0.3. dövlət borcunun və dövlət zəmanəti üzrə yaranmış borcun strukturunun təkmilləşdirilməsində iştirak edir, dövlət borcunun təkrar maliyyələşdirilməsi və borc öhdəliklərinin təkrar strukturlaşdırılması əməliyyatlarını aparır, Azərbaycan Respublikasının dövlət borcunun, dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparır;
2.0.4. dövlət borcu portfelini təhlil edir, dövlət borcu portfelinin strukturunun təkmilləşdirilməsi və dövlət borcunun daha əlverişli maliyyə şərtləri əsasında borcların cəlb edilməsi yolu ilə yenidən maliyyələşdirilməsi məqsədilə tədbirlər görür;
2.0.5. “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitini və vahid xəzinə hesabının sərbəst qalığını idarə edir və ya idarəetməyə verir;
2.0.6. dövlət qiymətli kağızlarının buraxılışı, yerləşdirilməsi şərtlərini işləyib hazırlayır və emissiyasını həyata keçirir.
3. Agentliyin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:
3.0.1. hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri hazırlanarkən daxili və xarici dövlət borcunun və büdcə ili ərzində veriləcək dövlət zəmanəti məbləğinin yuxarı hədləri (limitləri) barədə təkliflərini hazırlayıb Nazirliyə təqdim etmək;
3.0.2. dövlət borcuna xidmət xərclərinin, o cümlədən əsas məbləğin və faizin qaytarılması üzrə xərclərin ödənilməsi ilə bağlı vəsait ayrılmasının müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulması barədə Nazirliyə təkliflər vermək;
3.0.3. borc öhdəliklərinin şərtlərini və maliyyə bazarlarından maliyyə vəsaitlərinin cəlb edilməsi imkanlarını qiymətləndirmək;
3.0.4. daxili dövlət borcalmaları məqsədilə buraxılan dövlət qiymətli kağızlarının növləri, satış üsulları, habelə faiz şərtləri, qiymətli kağızların çapı ilə bağlı xərclərin və digər məsələlərin müəyyən edilməsi barədə Nazirliyə təkliflər vermək, habelə qeyd olunan məsələlər müəyyənləşdirildikdən sonra onların həyata keçirilməsini təmin etmək;
3.0.5. xarici dövlət borcalmaları qiymətli kağızların emissiyası yolu ilə həyata keçirildikdə, buraxılışın həcmi, müddəti və digər şərtlərinin müəyyən edilməsi məqsədilə Nazirliyə təkliflər vermək;
3.0.6. dövlət borcalmalarının strategiyasının hazırlanmasında iştirak etmək;
3.0.7. müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş dövlət borcunun və dövlət zəmanətinin yuxarı hədlərinə (limitlərinə) əməl olunmasını təmin etmək;
3.0.8. dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsini və dövlət borcunun vaxtında qaytarılmasını təmin edən tədbirlər görmək;
3.0.9. dövlət borcalmaları və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət etmək, dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarının pozulması hallarını aşkar etdikdə bu barədə Nazirliyə məlumat vermək;
3.0.10. dövlət borcu və zəmanəti üzrə öhdəliklərin icrasında yaranan problemlərin aradan qaldırılması barədə Nazirliyə təkliflər vermək;
3.0.11. dövlət borcu və zəmanəti üzrə öhdəliklər yerinə yetirilmədikdə, məhkəmədə iddia qaldırılması üçün Nazirlik qarşısında vəsatət qaldırmaq;
3.0.12. dövlət büdcəsinin icrası barədə illik hesabat hazırlanarkən bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları, o cümlədən buraxılmış dövlət qiymətli kağızları və verilən dövlət zəmanətləri ilə bağlı məlumatları hazırlayıb Nazirliyə təqdim etmək;
3.0.13. müvafiq dövlət orqanları (qurumları) ilə birlikdə qiymətli kağızlar bazarının inkişafı üçün təkliflər hazırlanmasında iştirak etmək;
3.0.14. dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi üçün borc vəsaitlərinin cəlb edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.0.15. dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığını və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitini idarə etmək və (və ya) idarəetməyə vermək;
3.0.16. idarəetməyə verilmiş vahid xəzinə hesabının sərbəst qalığının və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitinin uçotunu təşkil etmək;
3.0.17. ölkə iqtisadiyyatında maliyyə və iqtisadi tarazlığın pozulması təhlükəsi yarandıqda, dövlət vəsaiti hesabına ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rolu olan maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim edilməsi və bu məqsədlər üçün ölkə daxilindən və xaricindən borc şəklində vəsaitlər cəlb edilməsi ilə əlaqədar Nazirliyə təkliflər vermək;
3.0.18. Azərbaycan Respublikasının toplu maliyyə və tədiyə balansının hazırlanmasına dair Nazirliyə təkliflər vermək;
3.0.19. dövlət borcunun idarə edilməsi zamanı baş verə biləcək itkilərin sığortalanması (qarşısının alınması) və risklərin azaldılması məqsədilə beynəlxalq maliyyə bazarlarında hedcinq əməliyyatlarının həyata keçirilməsi barədə Nazirliyə təkliflər vermək;
3.0.20. dövlət borcunun və zəmanətlərinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparmaq, borcla bağlı öhdəlikləri təhlil etmək, büdcənin xərc maddələrində dövlət borcu üzrə ödənişlərin nəzərdə tutulmasına dair müvafiq proqnozlar və hesabatlar hazırlamaq;
3.0.21. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət borcunun təkrar maliyyələşdirilməsi barədə Nazirliyə təkliflər vermək;
3.0.22. bağlanan sazişlərin şərtlərinə əsasən dövlət zəmanəti ilə alınan kreditlərin ödəniş qrafikini tərtib etmək və bu qrafikə uyğun olaraq kreditlərə xidməti təmin edən tədbirlər görmək, dövlət zəmanəti ilə alınan kreditlərin ödəniş qrafiki üzrə kreditorlar qarşısında borc öhdəliklərini təmin etməyən təşkilatlarla bağlı tədbirlər görülməsi barədə Nazirliyə təkliflər vermək, habelə kredit üzrə həyata keçiriləcək növbəti maliyyələşmələrin məhdudlaşdırılması üçün kreditorlara müraciət etmək;
3.0.23. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”na uyğun olaraq, dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərini təhlil etmək və bu borcalmanın yuxarı həddi barədə Nazirliyə təkliflər vermək, habelə dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə Nazirliyə əsaslandırılmış təkliflər vermək;
3.0.24. riskləri yolverilən səviyyədə saxlamaqla ortamüddətli və uzunmüddətli perspektivdə dövlət borcalmaları barədə Nazirliyə təkliflər vermək;
3.0.25. dövlət borcunun və verilən dövlət zəmanətinin risk meyarları üzrə (məzənnə, faiz dərəcəsi, müddət) təhlilini aparmaq;
3.0.26. dövlət qiymətli kağızlar bazarının inkişaf etdirilməsi, pul və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi istiqamətində Nazirliyə təkliflər vermək və bu siyasətin həyata keçirilməsində iştirak etmək;
3.0.27. “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun və vahid xəzinə hesabının sərbəst qalıq vəsaitlərinin idarə edilməsi zamanı onların yerləşdirildiyi hesabın vəziyyəti, vəsaitlərin həcmi, hesabat dövründə həyata keçirilən əməliyyatlar və əldə edilmiş gəlir barədə hesabat almaq;
3.0.28. xüsusi maliyyələşmə prinsipləri, o cümlədən dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilməsi təklif edilən layihə və təşəbbüslər üzrə dövlətin maliyyə öhdəliklərini hesablamaq, layihələr üzrə yarana biləcək riskləri və onların bölgüsünü qiymətləndirmək, habelə bu layihələrin uçotunu aparmaq, maliyyə təminatına dair rəy vermək və rəylə razılaşmayan tərəflərə onların yuxarı icra hakimiyyəti orqanına müraciət etmə imkanı barədə hüquqlarını izah etmək;
3.0.29. beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlığı əlaqələndirmək;
3.0.30. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Azərbaycan Respublikasının aktivlərinin və borclarının strukturunun təkmilləşdirilməsində iştirak etmək;
3.0.31. öz fəaliyyətini Nazirliyin digər struktur bölmələri və qurumları ilə əlaqələndirmək;
3.0.32. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.0.33. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.0.34. fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.0.35. dövlət borcalmalarının həyata keçirilməsi və dövlət zəmanətlərinin verilməsi, habelə dövlət borcunun idarə olunması sahəsində (bundan sonra – müvafiq sahə) dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və reallaşdırılmasında iştirak etmək;
3.0.36. Agentliyə ayrılan dövlət vəsaitindən və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.0.37. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.38. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;
3.0.39. fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;
3.0.40. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4. Agentliyin hüquqları
4.0. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:
4.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
4.0.2. Azərbaycan Respublikası adından borcun alınması və zəmanət verilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək;
4.0.3. xarici dövlətlərə və ya onların hüquqi şəxslərinə borc vəsaitinin verilməsi barədə Nazirliyə təkliflər vermək və icrasını təmin etmək;
4.0.4. Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq maliyyə-kredit təşkilatları arasında saziş və müqavilə layihələrinin maliyyə şərtlərinə baxmaq, eləcə də onlar barədə rəy və təkliflərini vermək;
4.0.5. dövlət zəmanəti ilə borc almış əsas və təkrar borcalanlardan cəlb olunmuş vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur), öz bank hesablarının vəziyyəti haqqında məlumatları və digər zəruri məlumatları almaq;
4.0.6. ölkənin kredit reytinqinin müəyyən olunması ilə bağlı aidiyyəti işlərin həyata keçirilməsində iştirak etmək;
4.0.7. müvafiq sahədə hüquqi və fiziki şəxslərə tövsiyə, eləcə də məsləhətlər vermək;
4.0.8. fəaliyyət sahəsinə dair hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
4.0.9. fəaliyyət sahəsi ilə əlaqədar müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək, fəaliyyətinə dair analitik materiallar hazırlamaq, aidiyyəti üzrə təkliflər təqdim etmək;
4.0.10. müstəqil ekspertləri və mütəxəssisləri, elmi təşkilatları öz fəaliyyətinə cəlb etmək;
4.0.11. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;
4.0.12. fəaliyyət istiqamətləri üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlara, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.13. fəaliyyət istiqamətləri üzrə beynəlxalq tədbirlərdə iştirak etmək, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq çərçivəsində müvafiq qabaqcıl və innovativ təcrübələri öyrənmək və tətbiq etmək;
4.0.14. müvafiq sahədə ixtisaslı kadrların, mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması fəaliyyətində iştirak etmək;
4.0.15. ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rol oynayan maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim etmək məqsədilə həmin təşkilatlardan zəruri sənədləri və məlumatları tələb etmək;
4.0.16. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
4.0.17. dövlət borcalmasının yuxarı hədləri çərçivəsində daxili və xarici maliyyə bazarlarında dövlət qiymətli kağızlarının emissiyasını həyata keçirmək, onların buraxılışlarını dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etmək, habelə qiymətli kağızlar bazarlarından dövlət qiymətli kağızların geri alınmasını həyata keçirmək;
4.0.18. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
4.0.19. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.0.20. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Agentliyin fəaliyyətinin təşkili
5.1. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikası Maliyyə nazirinin vəzifəyə təyin etdiyi və vəzifədən azad etdiyi direktor rəhbərlik edir.
5.2. Agentliyin direktoru Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. Agentlik direktorunun Azərbaycan Respublikası Maliyyə nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi iki müavini vardır.
5.4. Agentlik direktorunun müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərir və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
5.5. Agentliyin direktoru:
5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;
5.5.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin əsasnamələrini təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
5.5.4. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.5. Agentlik direktorunun müavinləri və Agentliyin struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır, onların fəaliyyətinə rəhbərlik edir, həvəsləndirmə və intizam tədbirləri tətbiq edir, işçilərin ixtisasının artırılması, eləcə də onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;
5.5.6. Agentliyin işçiləri üçün icrası məcburi olan əmr və göstərişlər verir;
5.5.7. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;
5.5.8. Nazirliyin iş planında və qərarlarında, Azərbaycan Respublikası Maliyyə nazirinin əmr, sərəncam və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
5.5.9. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;
5.5.10. digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;
5.5.11. Agentliyin fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;
5.5.12. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, vəsait həddi nəzərə alınmaqla, Agentlik işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
5.5.13. Agentlik fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi, habelə həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şuranın yaradılması barədə Nazirliyə təkliflər verir.