Rauf Abbasovdan, Gəncə, Azərbaycan


10 oktyabr 2019, 12:10
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizin hər zaman olduğu kimi, “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışınızda da milli maraqlarımız naminə sərgilədiyiz qətiyyətli mövqeyi alqışlayıram.
Ermənistan hakimiyyəti tərəfindən əzəli torpağımız Dağlıq Qarabağla bağlı son dövrlər səsləndirilən sərsəm iddialara və bəyanatlara sərt və tutarlı cavabınız hər bir Azərbaycan vətəndaşı kimi, şəxsən məni də qürurlandırdı. Məhz buna görə mən fəxr edirəm ki, Sizin kimi Prezidentim var.
“Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri işğalçı ölkə rəhbərliyinə yerində verilmiş layiqli və tutarlı cavab oldu. Bu sözlər Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində növbəti uğurlu gediş olmaqla yanaşı, tezliklə müqəddəs üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağından xəbər verdi.
Cənab Ali Baş Komandan, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Sizin əmrinizə hər zaman hazırıq. Əminəm ki, tezliklə xalqımızla birlikdə bu sevinci yaşamağımıza nail olacaqsınız. Allah Sizi qorusun.
Hörmətlə,
Abbasov Rauf Müzəffər oğlu, hərbçi.
Azərbaycan Respublikası, Gəncə şəhəri.