Şövqü Bəkirov və başqalarından, Kürdəmir, Azərbaycan


26 avqust 2019, 12:30
Möhtərəm cənab Prezident.
Sizin həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə əmin-amanlıq mövcuddur. Bütün sahələrdəki dinamik inkişaf və nail olduğumuz sabitlik respublikada sosial-iqtisadi mühiti daha da yaxşılaşdırıb. Siz regionlara daim səfərlər edərək aparılan abadlıq-quruculuq, tikinti işləri, infrastruktur layihələrinin icrası ilə yaxından tanış olur, göstəriş və tövsiyələrinizi verir, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsini daim diqqət mərkəzində saxlayırsınız. Bu amil Prezidentlə xalq arasındakı inam və etimadın parlaq nümunəsini təcəssüm etdirir.
Sizin uğurlu sosial-iqtisadi siyasətiniz sayəsində şəhər və rayonlarla yanaşı, kəndlərdə də insanların problemləri öz müsbət həllini tapır. Bizim Kürdəmir rayonunun Şilyan və Qarasu kəndlərinin əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Artıq Kürdəmir rayonunun mərkəzində olduğu kimi, yaşadığımız Şilyan və Qarasu kəndlərində də daimi su, işıq və təbii qaz var.
Siz ölkəmizdə kənd yollarının tikintisinə və yenidən qurulmasına da xüsusi diqqət göstərirsiniz. İmzaladığınız sərəncamlar əsasında respublikanın kəndlərinə yeni yollar çəkilib, kənd camaatının rahat gediş-gəlişi təmin edilib. Bu xoş məramdan bizə də böyük pay düşüb. Sizin rəhbərliyinizlə bütün bölgələr, o cümlədən Kürdəmir rayonu özünün davamlı sosial-iqtisadi inkişafına nail olub. Kürdəmir rayonunun Şilyan və Qarasu kəndlərini birləşdirən kəndlərarası avtomobil yolunun tikintisinə başlanılması bizi çox sevindirdi. Bu yol bizim ailələrin, uşaqların, qocaların, xəstə insanların narahatçılığına son qoyacaq. Ən başlıcası, bu yol kənd əhalisinin rahat gediş-gəlişini, məhsulların bazarlara vaxtında çatdırılmasını təmin edəcək.
Hörmətli cənab Prezident, biz kəndlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, bu xoş günləri bizə bəxş etdiyinizə görə Sizə - son 15 ildə respublikamızda baş verən sosial-iqtisadi inkişafın memarına möhkəm cansağlığı arzulayır, dərin təşəkkürümüzü, minnətdarlığımızı, sevgilərimizi çatdırırıq.
Əziz və hörmətli Prezidentimiz, Azərbaycanın inkişafı, xalqımızın xoşbəxtliyi istiqamətindəki fəaliyyətinizdə Sizə və Mehriban xanıma möhkəm cansağlığı, sonsuz el məhəbbəti, tükənməz enerji və yeni-yeni uğurlar arzulayırıq.
Kürdəmir rayonunun Qarasu və Şilyan kənd sakinləri adından dərin hörmətlə,
Bəkirov Şövqü Əliyar oğlu
İbrahimov Şamil Xəlil oğlu
Quliyev Fəzayıl Piralı oğlu
Teyyubov Ənvər Mustafa oğlu
Qurbanov Hüseyn Qurban oğlu və başqaları (cəmi: 25 nəfər)
Azərbaycan Respublikası, Kürdəmir rayonu.