Şakir Həbibovdan, Astara, Azərbaycan


22 avqust 2019, 16:00
Möhtərəm cənab Prezident.
Çox zəngin tarixi keçmişi olan və gündən-günə inkişaf edən Azərbaycanımızda, o cümlədən onun bir bölgəsi kimi Astara rayonunda son illərdə baş verən yeniliklər bizi fərəhləndirir. Ölkəmizdə yüksək təşəbbüskarlıqla başladılan və əzmkarlıqla başa çatdırılan nəhəng işləri görməmək və ya görüb qiymətləndirməmək çox böyük qəbahətdir.
Çox şadıq ki, insanlara qarşı həssaslıq, diqqət və qayğı, söz ilə əməllərin uyğunluğu dövlətimizin və onun rəhbərliyinin xarakterik xüsusiyyətləridir. Sizin gördüyünüz işlər Azərbaycan tarixinin unudulmaz səhifələrini bəzəməklə, yaddaşlara əbədi həkk olunur.
Son aylarda Astara-İstisu avtomobil yolunun yenidən qurulması, həmçinin həmin yolun Artupa kəndindən keçən paralel hissəsinin ilk dəfə olaraq asfaltlanması bu ərazilərdə yaşayan təqribən 6 mindən çox sakinin və buraya istirahətə gələn yüzlərlə insanın rahatlığını təmin edib, hamının razılığına səbəb olub.
Sizin rəhbərliyiniz dövründə salınan müasir Astara dənizkənarı park-bulvarına nəinki ölkəmizin müxtəlif bölgələrindən, qonşu İran və Türkiyədən, MDB dövlətlərindən, habelə ərəb və Avropa ölkələrindən çoxlu qonaqlar, turistlər gəlir. Parka axışıb gələn insanlar gecə saatlarınadək burada gəzir və istirahət edirlər.
Əziz Prezidentimiz, qədirbilən astaralılar Sizin hər bir addımınızı dəstəkləyir və Sizə sonsuz minnətdarlıqlarını bildirirlər.
Hörmətlə,
Həbibov Şakir.
Azərbaycan Respublikası, Astara rayonu, Səncərədi kəndi.