İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul etmişdir
26 oktyabr 2011, 16:00
Prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir.
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətlə Azərbaycan hökumətini, Azərbaycan xalqını və şəxsən Prezident İlham Əliyevi təbrik etdi. Qriqol Vaşadze ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirdi.
Müstəqilliyimizin ildönümündə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin önəmini qeyd edən dövlətimizin başçısı bunu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun real göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyi zaman verdiyi dəstəyə görə Gürcüstan hökumətinə minnətdarlığını bildirdi.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən energetika sahəsində inkişafı məmnunluqla qeyd olundu, əməkdaşlığımızın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.