İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 iyul 2019, 11:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul edib.
Səfir Volfqanq Maniq fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Volfqanq Maniq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini bildirərək əlaqələrimizin bundan sonra daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev münasibətlərimizin inkişafında yüksək səviyyəli səfərlərin önəminə toxunaraq ötən il Federal Kansler xanım Angela Merkelin Azərbaycana səfəri zamanı ikitərəfli münasibətlərin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını qeyd etdi və bildirdi ki, bu səfər əlaqələrimizin daha da genişlənməsinə əsaslı təkan vermişdir. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə uğurlu fəaliyyət göstərdiyini bildirən dövlətimizin başçısı bu şirkətlərin qeyri-enerji sektorunda, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində də fəal iştirak etdiklərini vurğuladı. Prezident İlham Əliyev qeyri-enerji sektorunun inkişafının Azərbaycanda prioritet sahə olduğunu bildirərək bu istiqamətdə son illər böyük uğurlar qazanıldığını dedi.
Ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin vacibliyinə toxunan Prezident İlham Əliyev 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərildiyini bildirdi.
Dövlətimizin başçısı Volfqanq Maniqin fəaliyyəti dövründə əlaqələrimizin uğurlu inkişafının davam etdiriləcəyinə ümidvar olduğunu dedi.
Ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafına toxunan səfir Volfqanq Maniq Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanın enerji, sənaye və qeyri-neft sahələrinin inkişafında, iqtisadiyyatın şaxələndirilməsi üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.
Volfqanq Maniq, öz növbəsində, 200 il bundan öncə Azərbaycanda məskunlaşmış almanların tarixi-mədəni irsinin qorunub saxlanılması məqsədilə Azərbaycan tərəfindən görülən işlərin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.