İlham Əliyev “Baker Hughes, a GE company” şirkətinin rəhbərini qəbul edib
03 iyul 2019, 12:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də “Baker Hughes, a GE company” şirkətinin sədri, prezidenti və Baş icraçı direktoru Lorenzo Simonellini qəbul edib.
Qəbula görə minnətdarlığını bildirən Lorenzo Simonelli Prezident İlham Əliyevlə görüşdən məmnun olduğunu vurğuladı. O, Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu dedi və ölkəmizdə neft və qaz sənayesi, turizm, idman və digər sahələrdə əldə olunan nailiyyətlərin önəmini qeyd etdi. Lorenzo Simonelli Azərbaycanda 1840-cı illərdə sənaye üsulu ilə ilk neft quyusunun qazıldığını vurğulayaraq təmsil etdiyi şirkətin Azərbaycanın neft və qaz sənayesinin inkişafına töhfə verməsindən məmnunluq hissi keçirdiklərini dedi.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı “Baker Hughes, a GE company” şirkətinin Azərbaycanla neftayırma və digər sahələrdə əməkdaşlığının uğurlu nəticələrinin ölkəmizin enerji sektorunun modernləşməsinə töhfə verməsini yüksək qiymətləndirdi. Azərbaycanda əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev ölkəmizin enerji, sənaye və digər sahələrdə böyük inkişaf əldə etməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Lorenzo Simonellinin Azərbaycana səfərinin səmərəli keçəcəyinə əminliyini bildirdi.
Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.