logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səttar Möhbalıyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

26 iyun 2019, 12:50

Möhtərəm cənab Prezident.

İcazə verin, Azərbaycanın1,5 milyondan çox üzvü olan həmkarlar ittifaqları adından və şəxsən öz adımdan xalqımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan inqilabi islahatları qətiyyət və əzmlə davam etdirdiyinizə görə Sizə minnətdarlığımı bildirim.

Bu ilin əvvəlindən imzaladığınız fərman və sərəncamlarla başlanan sosial islahatlar təsdiq etdi ki, dövlətin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halının yüksəldilməsinə yönəltməkdir. Minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması, müxtəlif ödənişlərin verilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan digər addımlar xalqın dövlətə, liderinə olan inam və etibarını daha da möhkəmləndirib.

İyunun 18-də sosial islahatlar paketi çərçivəsində imzaladığınız tarixi sərəncamlar sözünə, vədinə sadiq lider olduğunuzu növbəti dəfə sübut etdi və əhalinin sosial rifahının yüksəldilməsinin uğurlu siyasətinizin prioritet istiqamətini təşkil etdiyini bir daha təsdiqlədi.

Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırıldı. Bu artım 950 minədək vətəndaşımızı əhatə edəcək, həmçinin dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə müəyyən edilmiş aylıq vəzifə maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla, 265 manatdan 367 manata çatmasına imkan verəcəkdir. Bu sərəncamlar dövlət orqanlarında və özəl sektorda çalışan 2,1 milyon insanın maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. Beləliklə, respublikamız minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdə qərarlaşacaqdır.

Cənab Prezident, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da maraq dairəsinə daxil olan sosial sahədə Azərbaycan dövlətinin atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə bir çox ölkələrdən irəlidədir. Hər bir vətəndaş aydın şəkildə hiss edir ki, dövlət onun yanındadır və sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.

Bir daha ölkəmizin rifahı və istiqlalı, xalqımızın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz islahatlara görə həmkarlar ittifaqlarının üzvləri adından və şəxsən öz adımdan Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Səttar Möhbalıyev, Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi