İlham Əliyev Fəvvarələr meydanında aparılmış təmir işləri ilə tanış olmuşdur
02 iyul 2010, 16:10
Bakının ən gözəl istirahət məkanlarından biri - Fəvvarələr meydanı əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada aparılmış yenidənqurma işləri ilə tanış olmuşlar.
Bildirildi ki, Fəvvarələr meydanı salınandan sonra ilk dəfədir burada bu miqyasda abadlıq və yenidənqurma işləri aparılmışdır. Yüksək keyfiyyətlə aparılmış yenidənqurma prosesində Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bu ərazinin bədii tərtibatına xüsusi diqqət yetirilmişdir. Ümumi struktur saxlanılmış, bununla belə, yeni planlaşdırma işləri aparılmışdır. Burada gözəlliyi ilə diqqəti çəkən yeni fəvvarə tikilmişdir. Onun arxasındakı memarlıq kompozisiyası isə həm dizaynına, həm də koloritinə görə köhnə Bakı elementlərini özündə cəmləşdirməsi ilə diqqəti çəkir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Fəvvarə” restoran-kafesində yaradılan şəraitlə də tanış oldular. Bildirildi ki, burada paytaxt sakinlərinin, qonaqların istirahətinin təşkili üçün hər cür şərait yaradılmışdır. Diqqətə çatdırıldı ki, meydanda müxtəlif dizaynda bir neçə fəvvarə kompleksi yaradılmışdır.
Dövlət başçısına meydanı əhatələyən binalarda aparılan bərpa işləri barədə məlumat verildi. Bildirildi ki, bu binaların hamısı tarixi memarlıq tikililəridir və binalarda aparılan bərpa işləri ərazinin ümumi memarlıq ansamblına uyğunlaşdırılmışdır. Binalardakı eyvanların hamısı yenilənmiş, fasadlarda müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxt sakinlərinin “Kitab pasajı” kimi tanıdığı ərazidə aparılan yenidənqurma işləri ilə də tanış oldular. Buradakı memarlıq abidələri olan bütün binalarda, küçəni hər iki tərəfdən əhatə edən tağlı keçidlərdə yenidənqurma işləri görülmüşdür. Tağlı keçidlərin tavanında Bakı memarlığını əks etdirən tablolar çəkilmişdir.
Dövlət başçısı və xanımı “Xaqani” bağında da aparılmış yenidənqurma işləri ilə də maraqlandılar. Qeyd olundu ki, bu bağda yaşıllıq zolağının artırılmasına xüsusi diqqət göstərilmiş, istirahət guşəsinin əvvəlki koloriti qorunub saxlanılmışdır. Tərtibatında müxtəlif bəzək elementlərindən istifadə olunan bağda xüsusi formalı fəvvarə də əvvəlki görkəmində saxlanılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nizami küçəsində salınan yeni parka və burada yaradılan fəvvarəyə də baxdılar.
Dövlət başçısının diqqətinə ərazinin əvvəlki görüntüləri də təqdim olundu. Bildirildi ki, aparılan abadlıq və yenidənqurma işləri zamanı burada yeni parkın salınması ilk növbədə paytaxt sakinlərinin mənalı istirahətinə xidmət edir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nizami küçəsində davam edən yenidənqurma işlərinin gedişi ilə maraqlandılar. Bildirildi ki, artıq burada yenidənqurma işləri başa çatmaq üzrədir. Məlumat verildi ki, ərazidə əhalinin rahat hərəkətini təmin etmək üçün yeni piyada keçidi də inşa edilmişdir.