logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tariyel Qəhrəmanov və başqalarından, Füzuli, Azərbaycan

Text size icon-size icon-size

29 may 2019, 18:20

Möhtərəm cənab Prezident.

Biz - Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçıları, müharibə əlilləri, veteranları və şəhid ailələri dövlətimizin daha da güclənməsi və qüdrətlənməsi, xalqımızın rifahının yüksəldilməsi, hər bir həmvətənimizin layiqli yaşayışının təmin edilməsi üçün apardığınız müdrik və qətiyyətli siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirik.

Dünyada ciddi qlobal təhlükələrin mövcud olduğu, Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi bir vaxtda Siz Azərbaycanı sabitlik adası, inkişaf məkanı kimi dünyada tanıtmağa nail olmusunuz. Bu, ulu öndər Heydər Əliyev yoluna sədaqətinizin, bütün məsələlərdə milli mənafeyi daim üstün tutmağınızın, xalqımızın arzu və istəklərinin reallaşması üçün yorulmadan çalışmağınızın nəticəsidir.

Sizin siyasətinizin uğurlarında, xüsusən sosial sahədəki islahatlarda, humanitar-mədəni inkişafımızda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidmətləri vardır. Sizin birgə fəaliyyətiniz xalq-iqtidar birliyi üçün möhkəm təməldir.

Cənab Prezident, bizim əksəriyyətimiz məcburi köçkünük və Sizin mükəmməl sosial siyasətinizin prioritet istiqaməti kimi bu kateqoriyadan olan insanların problemlərinin necə ardıcıllıqla həll olunduğunu öz həyatımızda görürük. Müharibə əlillərinin və veteranlarının təqaüdlərinin, məcburi köçkünlərin vahid aylıq müavinətlərinin artırılması, digər sosial islahatlarınız və tədbirləriniz yaşayış şəraitimizin yaxşılaşdırılmasına çox müsbət təsir göstərib. Məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması davam edir, hər il minlərlə ailə yeni evlərə, mənzillərə köçürülür.

Bu məktubu Sizə mühüm dövlət bayramlarımızdan olan Respublika Günü ərəfəsində yazırıq. Siz milli sərvətimiz olan müstəqil dövlətçiliyimizi fədakarlıqla qoruyur və inkişaf etdirirsiniz. Əminik ki, müstəqil Azərbaycan dövləti Sizin rəhbərliyinizlə bütün ərazilərində suverenliyini təmin edəcək, qaçqınlar və məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar.

Cənab Prezident, Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, möhtəşəm dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Biz daim Sizinləyik.

Füzuli rayonundan olan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları adından dərin hörmət və ehtiramla,

Qəhrəmanov Tariyel

Əhmədov Camal

Şəfiyev Azər

Rzayev Füzuli

Rəfiyev Elçin (Cəmi : 739 nəfər).

Azərbaycan Respublikası, Füzuli rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi