İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
23 may 2019, 20:35
Mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ mərasim iştirakçılarını salamlayaraq dedi:
-Bismillahir-rəhmanir-rəhim.
Möhtərəm cənab Prezident İlham Əliyev.
Dəyərli qonaqlar.
Allah-Təalanın mübarək Ramazan ayının iftar süfrəsində Sizləri salamlayır, qonaqlarımıza, xüsusən dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına məclisimizdə iştirak etdiyinə görə Azərbaycan dindarları adından və şəxsən öz adımdan salam-dualarımı və dərin minnətdarlığımı bildirirəm. Burada iştirak edən dəyərli din və dövlət xadimlərinə, dini konfessiya rəhbərlərinə, deputatlara, xarici ölkələrin nümayəndələrinə təşəkkür edirəm.
Qurani-Kərimin nazil olduğu, duaların qəbul edildiyi mübarək Ramazan ayında iftar mərasimində Sizinlə görüşmək böyük dəyər kəsb edən əlamətdar ənənəyə çevrilib. Bu qardaşlıq məclisini bizlərə böyük insan, dahi dövlət xadimi, mənim unudulmaz, əziz qardaşım ulu öndər Heydər Əliyev əmanət edib.
Hər il biz Heydər Əliyev şəxsiyyətinin dəyər və miqyasını, ucalıq və müdriklik zirvəsini bir daha kəşf edir, əziz xatirəsini böyük ehtiramla yad edirik. Ulu Öndər bizə müstəqil dövlət, möhkəm din-dövlət münasibətləri, nadir multikultural mədəniyyət nümunəsini əmanət edib. Xalqımıza, dövlətimizə müdrik rəhbər bəxş etmiş dahi Heydər Əliyevə və möhtərəm Zərifə xanıma Allah rəhmət eləsin, ruhları şad olsun.
Zati-aliləri, Azərbaycan torpağına qədəm basan hər kəsin şahidi olduğu tərəqqi və uğurların təməlində Sizin – dövlətimizin başçısının fəaliyyəti və müdrik siyasəti durur. Sizin həyata keçirdiyiniz siyasətin yaşam gücü dövlət – xalq birliyində, Prezident - vətəndaş həmrəyliyindədir. Bu, həm siyasi, həm mənəvi baxımdan ən düzgün yoldur.
Azərbaycan tarixən dinlərarası tolerantlıq və multikulturalizm mühitinin təşəkkül tapmasına böyük önəm verib. Mədəniyyətlərarası əməkdaşlığa dair onillik tarixə malik “Bakı Prosesi”nin müəllifi məhz dövlətimizin başçısı möhtərəm İlham Əliyevdir. Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq aləmdə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsi, ümumbəşəri dəyərlərə diqqəti və himayəsi Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət edir, dünyaya təqdim olunan Azərbaycan modeli sivilizasiyalararası dialoq, dinlər və mədəniyyətlərarası əməkdaşlığın inkişafına öz töhfəsini verir.
Möhtərəm cənab Prezident, biz Sizin dünya səviyyəsində qəbul olunan qlobal ideyalarınızdan ilham alaraq bir çox beynəlxalq tribunalardan Azərbaycanın multikulturalizm və tolerantlıq modelini böyük qürurla təqdim edirik.
Zati-alinizin xeyir-duası və təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin məramı nadir multikulturalizm modelinin yaradılmasına və inkişafına dair qlobal ideyalarınızı təbliğ etməkdir. Məhz bu məramla, İnşallah, bu ilin iyununda Mərkəzimiz tərəfindən BMT-nin Cenevrə İnsan Haqları və Qlobal Dialoq Mərkəzinin, habelə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAİCİİD) həmtəşkilatçılığı, Azərbaycanın Avstriyadakı səfirliyinin, Avstriya dövlətinin ali dəstəyi və iştirakı ilə Vyanada 10-dan artıq beynəlxalq təşkilatın, 40-a yaxın ölkənin 300-ə yaxın din və dövlət nümayəndəsinin, elm və ictimaiyyət xadiminin iştirak edəcəyi beynəlxalq konfrans keçiriləcəkdir.
Dünyanın bir çox ölkələrində mənəvi dəyərlərə qarşı savaş açıldığı, islamofobiya, antisemitizm zəminində təqiblərin, terrorun, ekstremizm və radikallığın artdığı mürəkkəb zamanda müxtəlif qitə nümayəndələrinin, din və mədəniyyət təmsilçilərinin Azərbaycan Prezidentinin elan etdiyi multikulturalizm, İslam həmrəyliyi kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi dövlətimizin uğuru və Sizin siyasətinizin təntənəsidir. Bu gün Azərbaycan iqtisadi, siyasi, mədəni sahələrdə liderliyi ilə yanaşı, dünya çapında dini-mənəvi dəyərlərin inkişafına böyük töhfələr verən multikulturalizm mərkəzi kimi tanınmaqdadır. Beynəlxalq ictimaiyyəti narahat edən problemlərin həlli yönündə dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri arasında səmərəli fikir mübadiləsi üçün Azərbaycanda dövlət tərəfindən hər cür şərait yaradılmışdır. Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi ilə əməkdaşlıq çərçivəsində Zati-alinizin irəli sürdüyü istiqamətlər yönündə yeni əməli layihələr üzərində işləyirik.
Fərəhləndirici haldır ki, ölkəmiz 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş birinci Sammitinin davamı olaraq sivilizasiyalararası dialoqun inkişafına daha bir töhfə verməyə hazırlaşır. Zati-alinizin Dünya Dini Liderlərinin II Bakı Sammitinin keçirilməsi barədə Sərəncamı, heç şübhəsiz, tarixi bir qərar oldu. Müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə önəmli töhfə olacaq bu beynəlxalq tədbirin dəyərini zaman və dünya ictimaiyyəti verəcəkdir.
Zati-aliləri, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım Ulu Öndərin Bibiheybətdən başlatdığı ali mənəviyyat yoluna sadiqliyinizi hər zaman əməli səylərinizlə nümayiş etdirirsiniz.
Ali himayənizi heç vaxt əsirgəmədiyiniz, xalqımız üçün müqəddəs məkan sayılan Təzəpir məscidinin ətrafında aparılan abadlaşdırma işləri, genişləndirilən ərazidə salınan möhtəşəm park, məscidin ilkin tarixi layihəsinə uyğun yenidən qurulması barədə iradəniz - bütün bunlar milli-mənəvi dəyərlərimizə, tariximizə olan yüksək qayğının təzahürü, xalqımıza böyük hədiyyədir. Zati-alinizin mənəvi irsimizə sahib çıxaraq XX əsrdə Vladiqafqazda azərbaycanlı xeyriyyəçi Muxtarov tərəfindən inşa edilmiş məscidi tam bərpa etdirməniz isə bütün Qafqaz bölgəsi müsəlmanlarına, orada yaşayan soydaşlarımıza böyük hədiyyədir.
Möhtərəm cənab Prezident, Zati-alinizə xas olan yüksək mənəvi xüsusiyyətlərdən biri də odur ki, Siz təkcə İslamın deyil, bütün dinlərin dini-mədəni irs nümunələrinə sahib çıxaraq, ölkəmizdəki, həmçinin ölkə xaricindəki istər xristian, istər yəhudi məbədlərinə eyni dərəcədə diqqət və himayə göstərirsiniz.
Peyğəmbərimiz Məhəmməd Salavatullahın hədisində buyurulur ki, insanların ən xeyirlisi xalq üçün daha faydalı olanıdır. Zati-aliləri, Azərbaycanın iqtisadi qüdrətinin artırılması yönündə səyləriniz, beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrində fəal iştirakınız, sosial layihələrə verdiyiniz dəstək xalqımızın rifahına, dövlətimizin mənafelərinə xidmət edir. Siz və Mehriban xanım bütün vətəndaşlara həyatın ən çətin məqamlarında - təbii fəlakətlərdə, yanğınlarda, baş verən faciələrdə yüksək insani dəyər verir, onların problemlərinə diqqətlə yanaşırsınız. Dünyanın inkişaf etmiş dövlətlərinin miqrant böhranını aradan qaldıra bilmədiyi bir dövrdə Siz, möhtərəm cənab Prezident, Azərbaycanın qaçqın və məcburi köçkünləri üçün böyük qayıdış planları həyata keçirirsiniz. Cocuq Mərcanlıda Zati-alinizin inşa etdirdiyi məscidin, aparılan quruculuq işlərinin mənəvi önəmi xalqımız üçün sözlə ifadə olunmayacaq qədər böyükdür.
Ölkəmizdə həyatın bütün sahələrində gerçəkləşdirdiyiniz islahatlar əsl liderə xas əzəmət və siyasi qüdrət nümunəsidir.
Zati-aliləri, qədirbilən xalqımız Sizin siyasətinizin dövlətimizin uğurlu gələcəyinə xidmət etdiyindən əmindir. Lakin bizi istəməyən, gözü götürməyən bədxah qüvvələr Azərbaycanı bu qədər inkişaf etmiş gördükcə böhtan və iftiralarla xalq-dövlət birliyini pozmağa çalışırlar. Təəssüf ki, bədxah qüvvələr Azərbaycana qarşı mübarizələrində bəzən soydaşlarımızdan da istifadə etməyə çalışırlar. Şeyxülislam olaraq bildirmək istəyirəm ki, doğru yola qədəm qoysunlar, xalqımızın, dövlətimizin mənafelərini hər şeydən uca tutsunlar.
Bu yaxınlarda 10 milyonuncu vətəndaşımızın dünyaya gəlməsi gündən-günə geriləyən, maddi və mənəvi iflasa uğrayan, demoqrafik böhran yaşayan Ermənistan üçün ağır zərbədir. Ordumuzun artan qüdrəti, insanlarımızın Sizə sədaqəti bədxahları narahat edir, hətta dini zəmində qarşıdurma yaratmaq, məzhəb ayrı-seçkiliyi salmaq niyyətində olan daxili və xarici qüvvələr də yox deyildir. Lakin bu cür insanlar heç nəyə nail olmayacaqlar. Allahın köməyi və Azərbaycan xalqının dəstəyi həmişə Sizinlədir, möhtərəm cənab Prezident! Sizi əmin etmək istəyirəm ki, apardığınız siyasi xəttin qələbəsi yolunda hər zaman Sizin yanınızdayıq. Biz dindarlar Sizi dövlət rəhbəri kimi Məkkədə – müqəddəs məkanda seçmişik, xeyir-dualar vermişik və seçimimizə sadiqik. Allah-Təala hər zaman haqqın tərəfindədir.
Zati-aliləri, 70 illik yubileyim və Şeyxülislamlıq fəaliyyətimin 40 illiyi münasibətilə verdiyiniz ali qərar və sərəncamınızla cənabınıza xas olan böyüklük nümayiş etdirərək, şəxsimə, Azərbaycan xalqı, dövlətçiliyimiz, müqəddəs dinimiz yolunda xidmətlərimə böyük dəyər verdiniz. Şeyxülislam olaraq 40 il ərzində dini mərkəzimizi ulu öndər Heydər Əliyevin xeyir-duası ilə onun əmanəti kimi saxlamağa, cənab Prezident, Sizin dəstəyinizlə dünyanın tanınmış dini təşkilatı səviyyəsinə qaldırmağa nail olmuşuq. Bu illər ərzində idarəmizə, şəxsimə olan hörmət və diqqətiniz, özəl münasibətiniz, fəaliyyətim barədə dəyərli fikirləriniz mənim üçün ən qiymətli hədiyyə olubdur. Zati-alinizin məni dost, qardaş adlandırmasını özüm üçün ən böyük mükafat hesab edirəm və bu yüksək etimadınızla fəxr edirəm. Hər zaman, hər yerdə qürurla deyirəm ki, harada dövlət və din birliyi varsa, orada dövlətin və xalqın siyasi, iqtisadi və mənəvi rifahı üçün təminat vardır, Heydər Əliyev yolunun davamı və Uca Yaradanımızın xeyir-duası vardır.
Möhtərəm cənab Prezident, bizim yeganə problemimiz, ağrılı yerimiz Dağlıq Qarabağ münaqişəsidir ki, onun da tezliklə Allahın köməyi və Ali Baş Komandanımızın əzmi, qətiyyəti sayəsində həllini tapacağına, torpaqlarımızın azad olunacağına əminik. Bu əziz gündə Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah-Təala Sizin rəhbərliyinizlə müzəffər ordumuzun əzəli torpaqlarımıza zəfər bayrağı sancmasını görməyi bizlərə nəsib etsin, İnşallah! Bu müqəddəs və mübarək Ramazan ayında Zati-alinizə və möhtərəm ailənizə ən gözəl arzularımızı yetiririk. Uca Allah hər zaman Sizi qorusun, yardımçınız olsun.
Müqəddəs Ramazan ayında etdiyimiz dualar qəbul olar, İnşallah. Bu niyyətlə hamıya - dəvət olunan mötəbər qonaqlara, dini konfessiyaların möhtərəm başçılarına, diplomatik nümayəndələrə bir daha “Xoş gəlmisiniz!” deyir, Allahdan hər birinizə xeyir-dualar diləyirəm.
Allah-Təala Azərbaycanı hifz eləsin! Amin!
X X X
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu ALEKSANDR çıxış edərək dedi:
-Hörmətli cənab Prezident.
Möhtərəm Şeyxülislam.
Hörmətli din xadimləri, xanımlar və cənablar.
Dini və milli ənənələrimizi yeniləmək və möhkəmləndirmək üçün Ramazan ayı günlərində bir yerə toplaşmaq əlamətdar ənənəyə çevrilib. Bu görüş Azərbaycanda yaşayan xalqların öz tarixi və dini köklərinə bağlılığının parlaq təsdiqi, milli mentalitetin, dövlətlə din arasında konstruktiv qarşılıqlı münasibətlərin əyani təzahürüdür. Bu əlamətdar günlərdə bütün Azərbaycanda, bütün şəhərlərdə və kəndlərdə ailələrdə, dostların və tanışların əhatəsində belə iftar süfrələri açılır. Bizim iştirak etdiyimiz bu iftar süfrəsi də ölkədə sabitliyin, xalq-iqtidar birliyinin, dinlərarası dialoqun yüksək səviyyəsinin və multikulturalizmin Azərbaycan modelinin uğurunun parlaq təsdiqi, cəmiyyətin inkişafının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursunun dəyişməzliyinin sübutudur. Azərbaycanın bütün iqtisadi, siyasi, ictimai, elmi və mədəni həyatı bu məcrada inkişaf edir. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi, bu il 15 illiyini qeyd etdiyimiz Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Cənab Prezidentlə birlikdə din xadimlərinin, hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, elm və mədəniyyət xadimlərinin, respublikada akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin iştirak etdikləri bugünkü iftar mərasimi də dini həyatın vəziyyətinin yüksək səviyyədə olmasının göstəricisidir. Bu, tolerantlıq ruhunun və ölkəmizin rəhbərliyinin yürütdüyü multikulturalizm siyasətinin çox güclü təzahürüdür.
Möhtərəm cənab Prezident, icazə verin, Sizi əmin edək ki, Azərbaycanın din xadimləri Azərbaycan Respublikasının rəhbəri vəzifəsində Sizin fəaliyyətinizə dərin ehtiramla yanaşır, Sizin yürütdüyünüz siyasi kursu səmimi dəstəkləyir, Sizin cansağlığınız və ümumi evimiz olan Azərbaycanın tərəqqisi üçün ürəkdən dua edirlər.
İcazə verin, Sizə Rus Pravoslav Kilsəsinin başçısı, Moskvanın və bütün Rusiyanın patriarxı zati-müqəddəsləri Kirillin fevral ayında ölkəmizə son səfəri zamanı ona göstərdiyiniz mehriban və səmimi qəbula görə onun dərin təşəkkürünü çatdırım.
Hamınızı Ramazan ayı münasibətilə təbrik edirəm.
X X X
Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih YEVDAYEV çıxış edərək dedi:
-Möhtərəm prezident.
Şeyx həzrətləri.
Xanımlar və cənablar.
Bacılar və qardaşlar.
Bu müqəddəs Ramazan günlərində ənənəvi iftar süfrəsi arxasında hamınızı yəhudi xalqı adından salamlayıram. Qoy Allah-Təala hamınızı öz qanadı altına alaraq şər qüvvələrdən hifz etsin. Allah-Təala tutduğunuz orucların və etdiyiniz duaların əvəzində sizə cansağlığı, xoşbəxtlik, səadət, bol ruzi-bərəkət bəxş etsin.
Müqəddəs Ramazan ayını üç hissəyə bölmək olar: əvvəli rəhmət, ikincisi bağışlanma, sonu isə cənnətə doğru. Orucun mənası isə ucalmaq, yüksəlmək deməkdir. Adəm övladı öz iradəsi ilə nəfsinə qalib gəlirsə, həm öz gözündə, həm də Allah-Təalanın gözündə ucalaraq yüksəlir.
Bu gün Azərbaycanın sürətli inkişafını, uğurlu xarici və daxili siyasətini, o cümlədən dövlət və din münasibətlərinin səmərəli tənzimlənməsini şərtləndirən başlıca iki amil mövcuddur. Birincisi, Ulu Öndərin əsasını qoyduğu sağlam bünövrə, ikincisi isə Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin həmin sağlam bünövrə üzərində həyata keçirdiyi uğurlu strategiyadır.
Biz qədirbilən Azərbaycan xalqı ilə birgə bugünkü Azərbaycana, bu əmin-amanlığa, bugünkü gücə, qüdrətə görə Ulu Öndərə minnətdarlıq edib qəni-qəni rəhmət diləyirik:
Həmişə xalqına baş əydiyindən,
Ucaldın zamanın keşməkeşində.
Özün düşüncədə bir ümman ikən,
Özünü əritdin ümman içində.
Ulu Öndər cəmiyyətimizdəki tolerantlıq və humanizm mühitinə görə xalqımızın yaddaşına borclu olduğumuzu dönə-dönə qeyd edirdi:
Vətənə borcluyam mən,
Xalqıma borcluyam mən,
Bəlkə də bu dünyada,
Hamıya borcluyam mən.
Möhtərəm Prezident, on beş ildən çoxdur ki, Siz bu siyasi xətti uğurla davam etdirirsiniz. Sizin böyük dərəcədə humanist, insanpərvər, Vətənini və xalqını sevən, bunu bütün dünyaya bəyan edən Prezident olmağınızla fəxr edir və qürur duyuruq:
Üzündə müqəddəs Vətən qüruru,
Alnında mərd kişi ləyaqəti var.
Şəffaf gözlərində günəşin nuru,
Bir də sadəliyin təravəti var.
Möhtərəm Prezident, müəyyən müddət idi ki, Azərbaycanda Yəhudi Mədəniyyət Mərkəzinin tikilməsini arzulayırdıq. Yəhudi Mədəniyyət Mərkəzinin tikilməsi üçün ayırdığınız torpaq sahəsinə görə Sizə Azərbaycanda yaşayan bütün yəhudilər, həmçinin bütün dünya yəhudiləri adından dərin minnətdarlığımızı bildiririk. Bu vaxta qədər bütün dünyada analoqu olmayan bir hal kimi bizə bəxş etdiyiniz sinaqoqla yanaşı, tikiləcək bu mədəniyyət mərkəzi də dünyada analoqu olmayan bir hal kimi tarixə düşəcəkdir:
Arzu zirvə başındadır,
Onun min bir pilləsi var.
Hər arzunun neçə-neçə,
Böyük, kiçik çilləsi var.
Möhtərəm Prezident, Allah-Təala bütün arzularınızı böyük və kiçik çillələrdən keçirərək çin etsin. Çünki Sizin arzularınız bizim arzularımızdır.
Möhtərəm Prezident, Azərbaycanda yaşayan yəhudilər həmişə olduğu kimi, respublikanın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Respublikamız mötəbər tədbirlərə ev sahibliyi edir. Həmin tədbirlərə dünyanın hər yerindən gələn çoxsaylı qonaqlar bizim həyat tərzimiz və fəaliyyətimizlə tanış olur, öz dövlətlərinə qayıdandan sonra Azərbaycanın bugünkü həqiqətlərindən danışırlar. Lakin bu, həmişə belə olmur. Bizim inamlı qələbələrimizdən qıcıqlanan bəzi üzdəniraq qonaqlar bugünkü sülh və əmin-amanlıq şəraitində yaşamağımızdan yazmaq əvəzinə ikili standartlara əl atırlar, doğru sözümüzü demirlər və bilmək istəmirlər ki:
Doğru söz insanlığın görən gözüdür,
Doğru söz ədalətin, həqiqətin özüdür.
Müqəddəs ocağın közüdür düz söz,
Dahilər dilinin gücüdür düz söz.
Biz bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illiyini Şəhidlər xiyabanında və sonra Beynəlxalq Muğam Mərkəzində yüksək səviyyədə keçirdik. Bu tədbirin keçirilməsində, inanın Allaha, bütün respublika bizə kömək edirdi. Prezident Administrasiyası, Nazirlər Kabineti, şeyx həzrətləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və aidiyyəti nazirliklər - Müdafiə, Mədəniyyət, Gənclər və İdman Nazirlikləri, bütün icra hakimiyyətləri bizə dəstək oldular.
Möhtərəm Prezident, əlbəttə ki, bütün bunlar Azərbaycanda mümkündür:
Bir süfrənin başında,
Nemətimiz bərabər.
Hüququmuz bərabər,
Hörmətimiz bərabər.
Bir məclisdə sözümüz,
söhbətimiz bərabər.
Ana yurda borcumuz,
xidmətimiz bərabər.
Mübarəkdir bir eşqin,
Bir amalın bayramı.
Etibarın, vəfanın,
Dəyanətin bayramı.
Bu əziz günlərdə dünyasını dəyişənlərimizə və cəmi şəhidlərimizə Allah-Təala qəni-qəni rəhmət etsin. Qoy onların qəbirləri nurla dolsun. Hər bir qəhrəman Vətənin şöhrəti və yaraşığıdır. Məzarda olsalar belə, həmişə həyatdadırlar. Əlbəttə ki, atalarımız, analarımız dünyalarını dəyişiblər:
Yenə gəldim ziyarətə,
Öpdüm mərmər daşı, ata.
Sifətinə ləkə saldı,
Gözlərimin yaşı, ata.
Məndə oğul dəyanəti,
Səndə qəbir sükunəti,
Baxışların məğrur, qəti,
Mərd kişi idin, kişi ata.
Qartal vüqarlısan, dağ əzəmətli,
Ata qeyrətlisən, bacı şəfqətli.
Ay mənim qeydimə qalanım ana,
Həkimim, təbibim, loğmanım ana.
Torpaq da anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar.
Ona görə də Allah-Təala onlara qəni-qəni rəhmət etsin. Allah-Təala onların qəbirlərini nurla doldursun.
Vətəni sevirəm deyən çox olar,
Deməyə nə var ki, dil yorulmasa.
Vətən də mənim tək ölər, yox olar,
Vətənin yolunda ölən olmasa.
Ona görə də bu gün biz cəmi şəhidlərimizi yad edirik, onlar həmişə bizim qəlbimizdə, bizim ürəyimizdədirlər.
Bir arzumuz da var ki, deyir:
Arzumu görmüşəm mən arzularda,
Arzumu yazmışam ayna sularda.
Dərdi tək çəkirəm çətində, darda,
Sevinci hamı ilə bölən olmuşam.
Bizim ən hündür bayrağımız Qarabağ göylərində dalğalananda mən bütün sevincimi, bütün xalqın sevincini Sizinlə bölüşəcəyəm.
Möhtərəm Şeyx həzrətləri:
İlham qonağındır ellər var olsun,
İlhama hər zaman Allah yar olsun,
Evində həmişə toy-bayram olsun.
Qoy bilsinlər qızıldır, incidir, ləldir İlhamın.
Sağ olun.
X X X
Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir FEKETE çıxış edərək dedi:
-Zati aliləri, cənab Prezident İlham Əliyev.
Möhtərəm Şeyxülislam Allahşükür Paşazadə.
Hörmətli xanımlar və cənablar.
Şadam ki, Ramazan ayı ilə əlaqədar bu il də biz hörmətli Şeyxin evində bir yerə toplaşmışıq. İcazə verin, mən, ilk növbədə, ev sahibi kimi ona burada artıq dəfələrlə hiss etdiyimiz qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirim. Hörmətli Şeyxülislam, mən Azərbaycan katolikləri adından sizə xüsusilə bu il - sizin əlamətdar 70 illik yubileyiniz münasibətilə ən xoş arzularımı çatdırmaq istəyirəm. Ulu Tanrı sizi, ailənizi qorusun və sizə kömək etsin ki, həyatınız, zəhmətiniz gələcəkdə də dini dözümlülük ideyalarının möhkəmlənməsinə və bu gözəl ölkənin bütün sakinlərinin əməkdaşlığına kömək etsin.
Hörmətli cənab Prezident, mən Azərbaycan katolikləri adından bu dövlətin başçısı kimi Sizə təşəkkürümü bildirmək istəyirəm. Burada və digər yerlərdə dəfələrlə səsləndiyi kimi, Siz bütün bəşəriyyətə çox böyük töhfə verən tolerantlıq və multikulturalizm proseslərinin qarantısınız. Sizin rəhbərliyinizlə həyata keçirilən bu siyasət həm ölkəmizdə uğurla inkişaf edir, həm də bütün dünyada müsbət əks-səda doğurur.
Bu ilin fevralında Papa Fransisk Əbu-Dabiyə səfərə gəlmişdi. Bu səfərin ən mühüm hadisələrindən biri bəşəri qardaşlıq haqqında sənədin imzalanması oldu. Həmin sənəddə Papa və “Əl-Əhzar”ın ali imamı əl-Tayib birlikdə bütün insanları qardaş olmağa, bir-birinə hörmət etməyə çağırdıqlarını bəyan edirlər. Sənəddə deyilir: “Bizim zəmanəmizdə bəziləri dinə münaqişə mənbəyi kimi baxır. Biz birlikdə İslamla Xristianlıq arasında görüşün mümkünlüyünün daha bir aydın və qəti nümunəsini göstərdik. Göstərdik ki, bütün mədəni müxtəlifliyə və ənənələrin fərqliliyinə baxmayaraq, Xristian dünyası ilə İslam dünyası arasında hörmət və dialoq mümkündür. Həm Xristian dünyası, həm də İslam dünyası ümumi dəyərləri - həyatı, ailəni, dini hissləri, böyüklərə ehtiramı, gənclərin tərbiyəsini və s. dəyərləndirir və qoruyur”.
Azərbaycanda olduğum müddətdə mən dəfələrlə Papanın həmin sənəddə ifadə olunan arzularının burada təcrübədə, gündəlik həyatda reallaşdığını müşahidə etmişəm. Mən azərbaycanlıların qonaqpərvərliyinə və səmimiliyinə, eləcə də onların tarixi səhvlərə və ədalətsizliyə qarşı qəhrəmancasına dözümlü və səbirli olmasına heyranam. Mən əminəm ki, bunların hamısı bütün bəşəriyyət üçün dəyərli töhfə olacaq. Mən indi də, qarşıdakı illərdə də Sizin rəhbərliyinizlə Azərbaycanın insanlar arasında sülhün, xoş münasibətlərin və əməkdaşlığın adası olaraq qalması, bütün şərəfli zəhmətkeş insanlar üçün kifayət qədər məkanın olduğu, öz vətəndaşlarının və burada yaşayanların hamısının azadlığını və ləyaqətini qoruyan ölkə kimi qalması üçün dua etmək və işləmək istəyirəm. Bizi yaradan qüdrətli Tanrı hamımıza, - öz düşüncəsinə görə bizi yerləşdirdiyi yerlərdə hər birimizə, - gələcək nəsillər üçün daha gözəl və fərəhli dünya qurmaqda kömək etsin.
Zati-aliləri, hörmətli Şeyxülislam, icazə verin, bir daha sizə ürəkdən möhkəm cansağlığı, Tanrının köməyini və bütün müsəlman qardaşlarımıza firavanlıq, inkişaf və tərəqqi arzulayım. Təşəkkür edirəm.
X X X
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli Şeyx həzrətləri.
Hörmətli din xadimləri.
Xanımlar və cənablar.
Hər il olduğu kimi, mübarək Ramazan ayında Şeyx həzrətlərinin iftar süfrəsində görüşürük. Bu, gözəl ənənədir. Bu ənənə yaşayır və yaşayacaq. Bu, dövlət-din münasibətlərinin bariz nümunəsidir. Dövlət-din münasibətləri hər bir ölkə üçün xüsusi əhəmiyyətə malikdir və Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır.
Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanırlar. Onların şəxsi dostluğu, bir-birilərinə olan hörməti dövlət-din münasibətlərinin inkişafına çox böyük təsir göstərmişdir. Mən onun şahidiyəm ki, Şeyx həzrətləri və ulu öndər Heydər Əliyev bir-birinə çox yaxın insanlar olmuşlar və onların xalq, Vətən qarşısında gördükləri işlər bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaratmışdır.
1993-cü ilə qədər dövlət-din münasibətlərində müəyyən boşluqlar var idi. 1993-cü ildən sonra bu sahədə də bütün istiqamətlər üzrə işlər ən yüksək səviyyədə tənzimlənir. Mayın 10-da, Ulu Öndərin anadan olmasının 96-cı ildönümü günündə onun xalq, dövlət qarşısında gördüyü işlər haqqında danışdıq. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri var. Bugünkü müstəqil Azərbaycan onun əsəridir. Dövlətçiliyin əsaslarının qurulması, Azərbaycanın strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi məhz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur.
Hörmətli Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir. Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, həm də dünyada böyük nüfuza malik görkəmli din xadimidir və Azərbaycanı dünyada öz dəyərlərinə sadiq, eyni zamanda, müasir, tolerant ölkə kimi təqdim edir. Onun çoxşaxəli beynəlxalq fəaliyyəti Azərbaycanı dünyaya tanıtdırır, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə təqdim edir və Şeyx həzrətlərinin uğurlu fəaliyyəti ölkəmizi gücləndirir.
Ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi var. Konstitusiyaya görə din dövlətdən ayrı olsa da, əslində din və dövlət bir-birinin yanındadır. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanın uğurlu inkişafı dövlət-din münasibətlərinin uğurlu inkişafından böyük dərəcədə asılıdır.
Dünyada vəziyyət gərginləşir. Həm bölgəmizdə, həm dünyada yeni toqquşmalar, yeni münaqişə ocaqları yaranır, yeni risklər, təhdidlər meydana çıxır. Dünyanın gələcəyi ilə bağlı, sabitliyin gələcəyi ilə bağlı müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Bizim əsas vəzifəmiz Azərbaycanda sabitliyi qorumaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və ölkəmizi mümkün olan risklərdən qorumaqdan ibarətdir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb. Azərbaycan inkişaf yolu ilə gedir. İnkişaf dinamikamız çox müsbətdir. Əminəm ki, gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir.
Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq. Biz dünyada İslam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, İslam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik.
Müsəlman ölkələri ilə bizim ənənəvi dostluq-qardaşlıq əlaqələrimiz vardır. Bu, xarici siyasətimizdə prioritet istiqamətlərdən biridir. Azərbaycan bütün müsəlman ölkələri ilə sıx əlaqələr qura bilmişdir və beynəlxalq müstəvidə biz daim bir-birimizi dəstəkləyirik. Eyni zamanda, ikitərəfli formatda çox fəal əməkdaşlıq edirik. Bir neçə gün bundan əvvəl müsəlman ölkələrinin səfirləri ilə görüş əsnasında bu məsələlərlə bağlı fikir mübadiləsi apardıq.
Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və bu təşkilat çərçivəsində İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verir. Ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə bir çox tədbirlər keçirilir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dəyərlərinin qorunması işində apardığımız siyasətə çox yüksək qiymət verir. Biz bundan sonra da təşkilat çərçivəsində İslam həmrəyliyinin möhkəmlənməsi işində öz səylərimizi davam etdirəcəyik. Onu da bildirməliyəm ki, 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə kontakt qrupu yaratmışdır və təşkilat bu münaqişə ilə bağlı bizim haqq işimizi daim dəstəkləyir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var - Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Biz bu həqiqətləri dünyaya çatdırırıq. Əfsuslar olsun ki, münaqişə başlanan zaman münaqişə ilə bağlı dünyada kifayət qədər məlumat yox idi. 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal altına düşmüşdür. Ölkəmizdə o vaxt yaşanan böhran, hərc-mərclik, xaos Ermənistana imkan verdi ki, bizim tarixi torpaqlarımızı zəbt etsin. O vaxt biz beynəlxalq təcriddə idik, öz səsimizi dünya ictimaiyyətinə çatdıra bilmirdik. Beləliklə, dünyada münaqişə ilə bağlı böyük dərəcədə təhrif edilmiş rəy formalaşdırılmışdı. Bizim müntəzəm səylərimiz nəticəsində artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi torpağımızdır. Münaqişəyə dair çoxsaylı kitabların çap edilməsi, təqdimatların, konfransların keçirilməsi dünya ictimaiyyətinə münaqişə ilə bağlı həqiqətləri çatdırır.
Hər kəs görür ki, münaqişə ilə bağlı ikili standartlar mövcuddur. Necə ola bilər, dünyanın ali orqanı olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edir, bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır və bu qətnamələr icra olunmur. Ona görə hesab edirəm ki, dünyada mövcud olan ikili standartlar ən böyük problemlərdən biridir. Münaqişənin həlli üçün biz səylərimizi davam etdirəcəyik. Biz iqtisadi gücümüzü artırırıq, siyasi çəkimiz artır, hərbi baxımdan Azərbaycan bu gün güclü ölkələr sırasındadır. Döyüş meydanında üstünlüyümüzü təmin etmişik. Vaxtilə işğal altına düşmüş torpaqların bir hissəsini azad etmişik. O torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlarda Şuşa məscidinin bənzəri olan məscid tikilmişdir, qəsəbə salınmışdır, oraya həyat qayıtmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu gün dirçələn və inkişaf edən Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Biz tarixi, dini abidələrimizi qoruyuruq və burada da dövlət və din bir yerdədir. Son illərdə yüzlərlə məscid tikilmiş və ya təmir edilmişdir. Onların arasında tarixi məscidlərimiz xüsusi yer tutur. Şeyx həzrətləri qeyd etdi, Təzəpir məscidinin ətrafında salınan möhtəşəm park həm şəhərə yeni nəfəs verəcək, yəni, 20 hektar ərazidə salınan yaşıllıqlar bu zonada iqlimin yaxşılaşmasına xidmət göstərəcək, insanların rahatlığı üçün imkanlar yaradacaq, eyni zamanda, Təzəpir məscidinin əzəmətli görkəmi artıq bütün vətəndaşlara açıq olacaq. Çünki vaxtilə Təzəpir məscidinin ətrafında tikilmiş binalar imkan vermirdi ki, biz onu uzaq məsafədən seyr edək. Digər məscidlərimizin əsaslı şəkildə bərpası bizim niyyətimizi, siyasətimizi göstərir. Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərinin, “İmamzadə” tarixi-dini kompleksinin əsaslı şəkildə təmir edilməsi dövlət-din münasibətlərinin təzahürüdür. Heydər məscidinin tikintisi tarixi hadisədir.
Bildiyiniz kimi, keçən il prezident seçkilərindən sonra iştirak etdiyim birinci tədbir Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdur. Bu da təsadüfi deyil. Mən seçkilərdən sonra istənilən yerə gedə bilərdim. Məhz Hacı Cavad məscidinin yeni binasının açılışını birinci növbədə qeyd etməyimiz dövlət-din münasibətlərimizə, İslam dininə göstərdiyimiz hörmətdir.
Ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənir. Bu, artıq reallıqdır. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib. Təsadüfi deyil ki, çoxsaylı beynəlxalq tədbirlər məhz bizim təşəbbüsümüzlə ölkəmizdə keçirilir. Əgər biz bu təşəbbüsü göstərməsəydik, bu tədbirlər də keçirilməzdi.
Hörmətli Şeyx həzrətlərinin dediyi kimi, bu il Dünya Dini Liderlərinin II Zirvə Görüşü keçiriləcəkdir. Bu məsələ ilə bağlı qərar qəbul edildi. Şeyx həzrətlərinin yubileyi və fəaliyyətinin 40 illiyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd ediləcəkdir. Əminəm ki, Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı olan ölkə, eyni zamanda, tolerant və multikultural dəyərləri təbliğ edən dövlət kimi öz reallıqlarını dünyaya bir daha təqdim edəcək.
Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər həm ölkəmiz, həm daxildə gedən proseslər, həm də dünya üçün böyük məna daşıyır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri mehribanlıq, əmin-amanlıq şəraitində yaşayır. Biz bir ailə kimi yaşayırıq və bizim gücümüz birliyimizdədir. Bu tədbirlərin dünya üçün də böyük əhəmiyyəti var. Çünki bu gün dünyada dinlərarası münasibətlərlə bağlı fərqli fikirlər var, yəni, birmənalı yanaşma yoxdur. Bəzi hallarda çox təhlükəli fikirlər səslənir, çox böyük fəsadlara gətirib çıxara biləcək addımlar atılır. Ona görə bizim təşəbbüslərimiz dünya üçün böyük əhəmiyyət daşıyır. Sonuncu böyük tədbir Mədəniyyətlərarası Dialoq Forumu idi. Bu Forum çərçivəsində çox önəmli məsələlər müzakirə edilmişdir və Azərbaycanın bu sahədəki müsbət rolu bir daha qeyd olunmuşdur. Biz bu sahədə öz səylərimizi davam etdirəcəyik. Bir daha demək istəyirəm ki, bu, bizim üçün lazımdır və bu, dünya üçün lazımdır. Çünki biz istəyirik ki, dünyada proseslər müsbət məcrada getsin, dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmasın, sülh olsun, bərabərlik olsun, ədalət olsun. Müqəddəs İslam dinimiz bunu tələb edir və biz dövlət olaraq bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin olunacaq, ölkə qarşısında duran vəzifələr icra edilir və ediləcəkdir, mövcud problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlar var və onlar icra edilir. Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir, nikbinliklə yaşayır. Ölkə qarşısında duran bütün problemlərin həlli üçün bizdə həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var.
Hörmətli mərasim iştirakçıları, mən hörmətli Şeyx həzrətlərinə, digər din xadimlərinə mənim haqqımda, ünvanıma deyilən bütün xoş sözlərə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bütün dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik etmək istəyirəm. Bütün dünya müsəlmanlarına sülh, əmin-amanlıq, rifah arzulayıram! Sağ olun.
X X X
Sonra iftar süfrəsi açıldı.