İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib
17 may 2019, 10:50
Mayın 17-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli səfirlər.
Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. İlk növbədə, xahiş edirəm ki, mənim səmimi salamlarımı, xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Bildiyiniz kimi, müsəlman ölkələri ilə bizim çox sıx əməkdaşlığımız var. Siyasi sahədə fəal dialoq aparılır. ƏIbəttə, çox istərdik ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Müsəlman ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu məsələlər daim gündəlikdədir. Əlbəttə, biz çox istərdik ki, təmsil etdiyiniz ölkələrdən olan şirkətlər Azərbaycanda müxtəlif layihələrdə daha fəal iştirak etsinlər.
Bildiyiniz kimi, son vaxtlar Azərbaycanda turizmin inkişafı sürətlə gedir. Çox şadam ki, müsəlman ölkələrindən olan turistlər Azərbaycana gəlirlər və onların sayı ildən-ilə artır. Bir sözlə, ikitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bu əlaqələrin gələcək inkişafı üçün çox yaxşı şərait və imkanlar var.
Biz beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə qarşılıqlı dəstək göstəririk. Bu qarşılıqlı dəstək bizim əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Bildiyiniz kimi, Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır. Bu münaqişə və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu, beynəlxalq hüququn pozulmasıdır. Baxmayaraq, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etmişlər, əfsuslar olsun ki, işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər. BMT Təhlükəsizlik Şurası – dünyanın ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ancaq bu qətnamələr kağız üzərində qalıb və bu, ikili standartların təzahürüdür. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və Azərbaycanın ərazi bütövlüyü tam beynəlxalq dəstək alıbdır. Ancaq işğalçıya kifayət qədər təzyiq göstərilmir. Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi birmənalıdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlarda bizə göstərilən dəstəyə görə müsəlman ölkələrinə bir daha təşəkkürümü bildirirəm.
Azərbaycan da öz növbəsində, beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. Bildiyiniz kimi, biz İslam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət veririk və bu istiqamətdə əməli addımlar atılır. Azərbaycanda keçirilmiş çoxsaylı tədbirlər İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət göstərir. Biz hamımız yaxşı bilirik ki, İslam həmrəyliyinin möhkəmlənməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Azərbaycan öz tərəfindən bu istiqamətdə çox ciddi addımlar atır və atacaqdır.
Bildiyiniz kimi, eyni zamanda, ölkəmizdə mədəniyyətlərarası dialoqla bağlı çoxsaylı tədbirlər keçirilir. Bu yaxınlarda Bakıda keçirilmiş V Mədəniyyətlərarası Dialoq Forumu da bu sıradan olan tədbirlərdəndir. Onu da bildirməliyəm ki, Azərbaycan İslam mədəniyyətini dünyada təbliğ etməklə bağlı çox böyük səylər göstərir. Bir çox ölkələrdə konfranslar, sərgilər, təqdimatlar keçirilir və beləliklə, biz İslamı dünyaya sülh, mərhəmət dini kimi təqdim edirik.
Keçən il Naxçıvan – bizim qədim şəhərimiz İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. Bu qərara görə biz bütün müsəlman ölkələrinə minnətdarıq. Onu da qeyd etməliyəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsində oynadığı rolu çox yüksək qiymətləndirir.
Mən bir daha sizi ürəkdən salamlayıram. Bir daha xahiş edirəm ki, mənim səmimi salamlarımı dövlət-hökumət başçılarına çatdırasınız. Təmsil etdiyiniz ölkələrin xalqlarına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.
x x x
Sonra Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül RƏHİM çıxış edərək dedi:
-Zati aliləri cənab Prezident.
Azərbaycan Respublikasında akkreditasiya olunmuş müsəlman ölkələrinin səfirləri və diplomatik missiyalarının rəhbərləri adından Sizi müqəddəs Ramazan ayı münasibətilə təbrik etmək mənim üçün böyük şərəfdir.
Cənab Prezident, biz hamımız bu müqəddəs ayda bizimlə görüşmək üçün dəyərli vaxtınızı ayırdığınıza, əsasını qoyduğunuz ənənəyə görə Sizə minnətdarıq və bu Sizin müsəlman ölkələrini və xalqlarını birləşdirən qardaşlıq əlaqələrinə dəstək və dayaq olmaq öhdəliyinizin bir təzahürüdür.
Bu müqəddəs ayda müsəlmanlara sülh, həmrəylik ab-havasında bir araya gəlmək imkanı verilməklə İslamın xeyirxah dəyərlərinə çağırış edilir, fikir və ruh yüksəlir və bununla da sakitlik, sabitlik, mənəvi yüksəliş və xeyirxahlığa doğru birlikdə addım atılır. Beləliklə, hər birimizin içində zəiflərə və aztəminatlılara yardım etmək, qardaşlıqda və ortaq taledən agah olaraq bağışlamaq və qəbul etmək xüsusiyyəti oyanır.
Cənab Prezident, nisbətən gənc Azərbaycan Respublikası müstəqilliyin ilk illərində bir çox çağırışlarla üzləşmişdir və o zaman onların öhdəsindən gəlmək qeyri-mümkün görünürdü. Lakin, ölkə rəhbərliyinin müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan bu təhlükələrin öhdəsindən uğurla gələrək inkişaf etmiş, müasirliyi qəbul edən və gələcəyə doğru sürətlə addımlayan bir ölkəyə çevrilə bilmişdir. Eyni zamanda, qürur hissi ilə öz qədim İslam irsini və mədəniyyətini də qoruya bilmişdir.
Müsəlman ölkələrinin səfirləri kimi biz, qardaş Azərbaycanın möhtəşəm inkişafını, yenidən qurulmasını, bir çox sahələrdə apardığı islahatlarını və uğurlu transformasiyasını heyranlıqla müşahidə etmişik.
Müsəlman ümməsinin əziz, ayrılmaz və vacib bir üzvü kimi, Azərbaycan müsəlman aləminin Dağlıq Qarabağdan tutmuş Əl-Qüds, Əl-Şərif, Kəşmirə qədər və digər işğal olunmuş müsəlman əraziləri ilə bağlı məsələlərdə ədalətli haqq işini böyük səylə dəstəkləmiş, habelə bu günün çoxsaylı çağırışları ilə mübarizədə birgə səylərin önündə olmuşdur. Bunlardan biri də məkrli və yanlış məfhum olan islamofobiya ilə mübarizə aparmaqdır.
Sakit düşüncə ilə, təsdiqlənə bilən danılmaz mədəni, tarixi və dini faktları gətirməklə bu məfhumu təkzib edərək, İslamın tarixdə, öz qızıl əsrində insan birliyinin və mədəniyyətinin bütün sahələrinə əsas töhfə verən və bəşəriyyətin hamisi kimi böyük rolunu vurğulayaraq, Bakıda mədəniyyətlərarası və konfessiyalararası dialoqa dair çoxsaylı vacib konfranslar keçirməklə, “Bakı Prosesi”nə start verməklə Siz bəşəriyyətin universal və ortaq dəyərlərinə hörmət bəslənilməsinin vacibliyini qeyd etməyə davam edirsiniz. Sadəcə, fikir ayrılıqlarını aradan qaldırmaq, eləcə də sivilizasiyaların toqquşması adlanan yanlış arqumenti ifşa etmək üçün bəşəriyyətin nəyi paylaşdığını vurğulamaqla şərəfli missiyanın önündəsiniz. Biz bunu bir neçə gün öncə Bakıda keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da gördük. Qoşulmama Hərəkatına bu il rəhbərlik etməklə inkişaf etməkdə olan ölkələrin və bəşəriyyətin üzləşdiyi məsələlərin həllində fəal iştirak edirsiniz.
Azərbaycanın sülhün, inklüzivliyin və hörmətin üstünlük təşkil etdiyi, müxtəlif dinlərin nümayəndələrinin bir-biri ilə harmoniya içində yaşayıb-çalışması ilə İslamın həqiqi ruhunu nümayiş etdirən parlaq ulduzlardan biri olması danılmazdır. Bunu müşahidə etmək zövq verir. Beləliklə, dünyanın müxtəlif guşələrindən olan qonaqlar çox müsbət təəssüratlarla öz evlərinə qayıdır, Azərbaycan və İslam haqqında məlumatlar onların yaddaşına həkk olunur.
Cənab Prezident, müsəlman ümməsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həllini dəstəkləyir və bu məsələdə Azərbaycanın yanındadır, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qətnamələrin seçmə üsulu ilə yox, bərabər şəkildə icrası üçün çağırış edir.
Bu müqəddəs ayda biz bütün işğal olunmuş müsəlman ərazilərinin və müqəddəs yerlərin öz həqiqi sahiblərinə qayıdacağı, ümməmizin İslamın adına ləkə gətirən pis, bədxah və cahil qüvvələri məğlub edəcəyi və bununla da bəzi ölkələrimiz üzərində olan qara buludların çəkiləcəyi, habelə qardaş ölkələrimiz arasında birlik və harmoniyanı bərqərar etmək üçün fikir ayrılıqlarının aradan qaldırılacağı günün yaxınlaşmasını arzu edirik. Bu da bizə innovasiya və tərəqqidə bəşər sivilizasiyasına mühüm töhfə verən tərəf kimi öz həqiqi yerimizi tutmağa imkan verəcəkdir.
Zati-aliləri, müsəlman ölkələrinin səfirləri və diplomatik missiyaların rəhbərləri adından sidq ürəklə Sizə və ailənizə cansağlığı, səadət və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh, inkişaf və rifah arzulayırıq.
Allah Sizi, Azərbaycanı və İslam ümməsini qorusun.
Çox sağ olun, cənab Prezident.
x x x
Sonda xatirə şəkli çəkdirildi.