Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbinin kollektivindən, Azərbaycan


08 may 2019, 18:00
Hörmətli cənab Prezident.
Memarı ulu öndər Heydər Əliyev olan müasir Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə daha da inkişaf edib, bölgənin lider dövləti olmaqla yanaşı, dünyanın ən islahatçı ölkəsi imicini qazanıb. Sizin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də xeyli layihələr həyata keçirilib, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği diqqətdə saxlanılıb.
Cənab Prezident, qeyd etmək istərdik ki, hazırda Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbində 134 müəllim 8 ixtisas üzrə 425 şagirdin təhsili ilə məşğul olur. Fəaliyyət göstərdiyi illər ərzində məktəbimiz bir sıra beynəlxalq və respublika səviyyəli müsabiqələrdə uğurla çıxış edərək, çoxəsrlik tarixə malik milli mədəniyyətimizi layiqincə təmsil edib, müxtəlif diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. 2019-cu il aprelin 6-7-də Gürcüstanın Tbilisi şəhərində keçirilən “Qafqaz kuboku” beynəlxalq rəqs müsabiqəsində məktəbimizin “Qarabağ“ rəqs qrupu Azərbaycan bayrağını zirvələrə qaldıraraq, Vətənimizi layiqincə təmsil edib, kubok və I dərəcəli diplomla təltif olunub.
Möhtərəm cənab Prezident, məktəbimizin kollektivi Sizin və Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə göstərdiyiniz diqqət və qayğıdan daha da ruhlanır. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin ehtiramımızı və təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbinin kollektivi.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.