İlham Əliyev Xorvatiyanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
29 aprel 2019, 11:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Xorvatiya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Xorvatiyaya səfərini məmnunluqla xatırlayaraq orada aparılan danışıqların və müzakirələrin səmərəli olduğunu qeyd etdi və bu səfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq, əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı Mariya Buriçin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Xanım Mariya Buriç, ilk növbədə, Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin salamlarını dövlətimizin başçısına çatdırdı. Mariya Buriç Prezident İlham Əliyevin Xorvatiyaya səfərinin çox uğurlu keçdiyini və səfər zamanı əlaqələrimizin daha da möhkəmlənməsi baxımından məhsuldar müzakirələrin aparıldığını qeyd etdi. O, səfəri çərçivəsində Xorvatiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcəyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.