Ləman Zamanovadan, Bakı, Azərbaycan


26 aprel 2019, 15:50
Hörmətli cənab Prezident.
Mən Zamanova Ləman Çingiz qızı Yasamal rayonu 158 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdiyəm. Ailəmiz 5 nəfərdən ibarətdir. Mən dərslərimi əla qiymətlərlə oxuyuram. Ölkəmə layiqli vətəndaş olmaq üçün çox səy göstərirəm. Ölkəmizdə təhsil sahəsi çox sürətlə inkişaf edir. Məktəbli olduğum üçün ilk olaraq təhsil sahəsində olan uğurları qeyd etdim. Digər sahələrdə olan uğurlar da mənim diqqətimi cəlb edir. Əsasən də hərbi gücümüz və bu sahədə qazanılan uğurlarımız Azərbaycanın məktəb yaşlı bir vətəndaşı kimi mənə qürur və fəxr hissi yaşadır. İnanıram ki, hərbi gücümüz sayəsində ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Mənim atam Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabitdir. O, əslən Ağdam rayonunun Əfətli kəndindəndir. Biz əvvəllər ailəmiz ilə birlikdə rayonumuza gedərkən yolların kələ-kötürlüyü, əsasən də Ağdam-Bərdə yolunun daşlıq hissəsi bizi narahat edirdi. Sizin tapşırığınız ilə bir çox əsas yollar kimi, bu yol da təmir edilmiş, kəndarası daşlıq və torpaq yollar asfaltlanmış, yolların kənarları ağaclar ilə bəzədilmişdir. Bu, dövlətimizin gündən-günə inkişaf etdiyinin və vətəndaşların rahat yaşaması üçün xidmət göstərildiyinin nümunəsidir. Artıq biz ailəmiz ilə çox rahat bir şəkildə həmin yolları qət edir, Vətənimizin gözəlliyi, tərəqqisi, inkişafı barədə danışırıq.
Cənab Prezident, buna görə də Sizə dərin təşəkkürümü bildirirəm. Mən inanıram ki, ölkəmizdə aparılan abadlıq işləri, texnikanın inkişafı, təhsil sahəsində qazanılan uğurlar, yaradılan xidmət sahələri, layiqli yaşayış tərzi Azərbaycanı gələcəkdə daha da inkişaf etdirəcəkdir.
Hörmətlə,
Zamanova Ləman Çingiz qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.