“Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1563-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
22 aprel 2019, 17:20
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1563-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68; 2012, № 6, maddə 541; 2013, № 5, maddə 493; 2015, №7, maddə 824; 2017, № 3, maddə 367; 2018, № 6, maddə 1195, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 572 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə “2.1.20-ci” sözlərindən sonra “, 4.4-cü” sözləri əlavə edilsin;
3.2. 2.7-ci bənddə “5.3-cü maddəsində” sözləri “4.4-cü və 5.3-cü maddələrində” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 aprel 2019-cu il.