Azərbaycan Respublikası Prezidentinin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı


15 aprel 2019, 18:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795; 2011, № 12, maddə 1140; 2013, № 8, maddə 895; 2014, № 3, maddə 250; 2016, № 1, maddə 68; 2018, № 5, maddə 937) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və 1-ci hissəsində “Müharibə əlillərinə” sözləri “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
1.2. preambulada “yetirərkən” sözündən sonra “, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” sözləri əlavə edilsin və “əlil olan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.3. 1.1-ci – 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“1.1. I dərəcə əlilliyi olan şəxslərə – 250 manat;
1.2. II dərəcə əlilliyi olan şəxslərə – 230 manat;
1.3. III dərəcə əlilliyi olan şəxslərə – 210 manat.”;
1.4. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir;
2.2. bu Fərmanın 1-ci hissəsi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri – daha yüksəyi verilir.”.
2. “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 17; 2016, № 1, maddə 65; 2018, № 5, maddə 938) ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2019-cu il.