Könül Baxşəliyevadan, Bakı, Azərbaycan


11 aprel 2019, 15:55
Hörmətli, humanist və çox dəyərli Prezidentimiz.
Sizin 2019-cu il 16 mart tarixli əfv Sərəncamınız ailəmiz və bütün qohumlarımız tərəfindən sonsuz minnətdarlıq hissi ilə, duyğulu anlarla qarşılandı. Mən və doğulandan bəri 24 ildir atasından ayrı yaşayan tək qız övladım, həmçinin Şuşa və Ağdam rayonlarından məcburi köçkün düşmüş qohumlarımız hər zaman Sizi ümid və güvənc yerimiz bilmişik və yanılmadıq.
Bu gün ulu öndər Heydər Əliyevin humanizm ideyaları Sizin tərəfinizdən layiqincə davam etdirilir. Son əfv Sərəncamınız respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi. Siz bu sevinci neçə-neçə ailələrə bəxş etdiniz. Bu Sizin böyüklüyünüzdür. Mütəmadi imzalanan əfv sərəncamları nəinki məhkumların, eyni zamanda onların yaxınlarının, doğmalarının arzularını reallığa qovuşdurur, onların dövlət və cəmiyyət qarşısında məsuliyyət hissini artırır.
Həyat yoldaşım Baxşəliyev Yadigar Nazim oğlunun ömürlük həbs cəzası 25 il müddətinə həbs cəzası ilə əvəzləndi. Siz onun Çernobıl qəzasının aradan qaldırılmasında iştirakını, Qarabağ müharibəsi veteranı olduğunu, səhhətini nəzərə alaraq onu əfv etdiniz. Sizin insanpərvərliyiniz, ədalətiniz, humanist prinsipləriniz bizi sabaha daha inamla baxmağa sövq edir. Sizin alicənablığınıza, geniş dünyagörüşünüzə, nəcibliyinizə, səmimiyyətinizə, hər zaman xalqa, biz məcburi köçkün ailələrinə göstərdiyiniz diqqətə güvənmişik və güvənirik. Çünki Siz, dediyiniz kimi, həqiqətən də hər bir azərbaycanlının Prezidentisiniz.
Var olun, cənab Prezident. Minnətdarlıq, sevgi dolu təşəkkür məktubumuzu ailəmiz və yaxınlarımız adından qəbul etməyinizi Sizdən xahiş edirəm.
Sizi və ailənizi Allah qorusun, cənab Prezident. Siz bu xalqın, bu millətin, bu dövlətin fəxrisiniz. Sizə hər zaman uğurlar olsun.
Hörmətlə,
Baxşəliyeva Könül Məmməd qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.