Qardaşxan Rüstəmovdan, Masallı, Azərbaycan


09 aprel 2019, 17:50
Hörmətli cənab Prezident.
Azərbaycanın hər günü, hər ayı, hər ili yenilik, tərəqqi və inkişaf tarixinə çevrilir. Ölkə həyatının bütün sahələrində fərəh və qürur doğuran hadisələr bir-birini əvəz edir, xalqımızın həyat səviyyəsi və güzəranı getdikcə yaxşılaşır, vətəndaşların gündəlik problemlərinin həllinə, onları narahat edən çətinliklərin aradan qaldırılmasına xüsusi diqqət və həssaslıqla yanaşılır. Dünyada gedən qlobal proseslər, iqtisadi, siyasi ziddiyyətlər, yer üzündə sülhə, əmin-amanlığa, sabit inkişafa mane olan regional dini və etnik münaqişələr fonunda Azərbaycan stabil və davamlı tərəqqi yolunu davam etdirir. Xalqlar və millətlər üçün ən şirin nemət olan azadlıq və müstəqilliyin daha bir ilini arxada qoyan, sürətli sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətini cəlb edən Azərbaycan Respublikası qarşısında açılan quruculuq, inkişaf və tərəqqi üfüqləri getdikcə genişlənir.
Ulu Tanrının ölkəmizə bəxş etdiyi zəngin yeraltı və yerüstü sərvətlərdən böyük ağıl və dərin zəka ilə son dərəcə səmərəli istifadə edən Azərbaycan dövləti və onun Prezidenti bütün resursları bir məqsəd, bir amal uğrunda səfərbər edərək, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı və böyük çətinliklərlə nail olduğu müstəqilliyini gündən-günə möhkəmləndirir, ölkəmizi yüksək inkişaf və tərəqqi yolları ilə qətiyyətlə irəli aparır. Bu böyük uğurların qazanılmasında ulu öndərimiz Heydər Əliyevin müqəddəs arzuları, müstəqilliyimizi əbədiləşdirməyə yönəlmiş siyasi xətti, sonsuz cəsarət və inamla həyata keçirdiyi uğurlu neft strategiyası və misilsiz xidmətləri hər zaman xüsusi qeyd olunur.
Cənab Prezident, mən bir vətənpərvər olaraq Sizin apardığınız siyasəti dəstəkləyir və xalqımız üçün gördüyünüz işlərlə fəxr edirəm. Allahdan Sizə uzun ömür, cansağlığı, müqəddəs işinizdə uğurlar arzulayıram.
Uca Yaradan Sizi qorusun.
Hörmətlə,
Rüstəmov Qardaşxan Zeydulla oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kənd.